Qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlər ölkənin turizm potensialını da artırır
İQTİSADİYYAT

Qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlər ölkənin turizm potensialını da artırır

Qloballaşan dünyada iqtisadiyyatın təkanverici qüvvəsi və ölkənin sosial-iqtisadi yüksəlişində əsas faktor olan turizm sahəsi insanların, bütövlükdə cəmiyyətin maraqlarının ifadəçisi olmaqla bərabər, ölkədə əlavə iş yerlərinin açılmasına, infrastrukturun, yerli sənayenin və xalq yaradıcılıq nümunələrinin inkişaf etdirilməsinə şərait yaradır. Bu gün turizm həm də milli iqtisadiyyatda və beynəlxalq ticarətdə xüsusi çəkiyə malik olan sahəyə, dünyada ən güclü iqtisadi inkişaf vasitəsinə çevrilmişdir.

Azərbaycanda əsas sahə olan turizmin formalaşması və inkişafı, onun dayanıqlı və tarazlı dinamikası və bunun fonunda respublikada qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində davamlı tədbirlər həyata keçirilir. Həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafına yönəlmiş bu tədbirlər turizm sferasının genişləndirilməsinə öz əsaslı təsirini göstərir.

Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsi əsasında qeyri-neft sektorunun, həmçinin müxtəlif sahələrin, o cümlədən hər il konkret bir sahənin hərtərəfli inkişafına xüsusi önəm verilir. Ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində əməli fəaliyyətinin əsas istiqamətlərindən biri də turizm sənayesi ilə bağlıdır.

Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilən turizm iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi böyük əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra kifayət qədər investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişafı üçün kompleks tədbirlər həyata keçirmişdir. Ulu öndərin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində uğurlu islahatların aparılmasına imkan yaratmışdır. Turizmin inkişaf tendensiyası ilk növbədə ölkənin qanunvericilik aktlarında öz əksini tapmış, 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” Qanun qəbul edilmiş, 27 iyul 1999-cu ildə ulu öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Fərman imzalamışdır. Azərbaycanda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir. Turizm haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasına əsaslanır və bu Qanundan, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Müasir dünyamızda qlobal əhəmiyyətə malik olan turizm sahəsi həm də sosial və iqtisadi əlaqələri tənzimləməklə müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlərlə yanaşı, biznes maraqlarını da gücləndirir. Belə ki, turizm hər bir ölkə üçün əlavə gəlir mənbəyini, yerli əhalinin öz məhsulunu satmaq imkanını genişləndirir. Təcrübə göstərir ki, turizm inkişaf edən regionlarda əhali daha çox fəal həyat tərzi və gəlir gətirmək vərdişlərinə malikdir.

İstehsal və qeyri-istehsal funksiyasını formalaşdıran turizm həyat üçün birinci dərəcəli tələbat növü olmasa da, insanın inkişafının və onun həyat tərzinin müəyyən sərhədləri və məhdudiyyətləri çərçivəsində həll olunan vacib sahədir. Elə bu səbəbdən də dünyanın hər yerində turizmin inkişafına böyük maraq göstərilir, daha doğrusu ölkələrin sosial-iqtisadi maraqları turizm sahəsinə əsaslanır.

Müasir dövrdə iqtisadiyyatın mühüm sahələrindən biri olan turizm sənayesinin yeri və rolu kifayət qədər böyükdür. Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında da turizmin inkişafına dövlət səviyyəsində diqqət göstərilmiş, ölkədə turizmin inkişafını təşkil edə biləcək dövlət strukturları yaradılmışdır. Turizm üzrə dövlət və kommersiya strukturlarının yaradılması, qanunvericilik sənədlərinin qəbul edilməsi, beynəlxalq turizm əlaqələrinin qurulması istiqamətində atılan addımlar bunun əyani sübutudur.

Azərbaycanda turizm sahəsində dövlət tənzimləməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir. Turizm hüququnun formalaşması və inkişafında hər bir dövlətin müvafiq sferada qəbul etdiyi milli qanunvericilik aktları mühüm rol oynayır. Bunun bariz nümunəsi qismində Azərbaycan Respublikasının müvafiq sahədə mövcud olan milli qanunvericiliyini göstərmək olar. Azərbaycan Respublikasının turizm sahəsində qəbul edilmiş əsas qanunvericilik aktı 4 iyun 1999-cu il tarixli “Turizm haqqında” Azərbaycan Respublikası Qanunu sayılır. Qanun 17 maddədən ibarət olmaqla, turistlərin təhlükəsizliyinin təmin edilməsi, onların sığortalanması və digər məsələləri özündə təsbit edir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsası hesab olunan, ölkə ərazisində ali və birbaşa hüquqi qüvvəyə malik Azərbaycan Respublikası Konstitusiyasında turizmlə bağlı bu və ya digər məsələlər öz əksini tapır. İqtisadi inkişafın xalqın rifahının yüksəldilməsinə xidmət etməsi turizm sahəsinə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində hüquqi baza rolunu oynayır və iqtisadi proqramların içərisində turizm proqramları da özünəməxsus yer tutur.

Son illərdə respublikamızın iqtisadi inkişafı, turizmin perspektiv sahə kimi prioritet plana keçirilməsi bu sahənin qanunvericilik bazasında iqtisadi, hüquqi və sosial normalara uyğun təkmilləşdirilməsini zərurətə çevirmişdir. Bu gün ölkəmizdə sahə qanunları çərçivəsində turizm fəaliyyətinin hüquqi əsasları, turistlər, turist subyektləri, dövlətin funksiyaları, vəzifə səlahiyyətləri turizmin daxili qanunları və beynəlxalq qanunlarla idarə olunur. Turizmin dünya standartlarına yaxınlaşması, yeni texnologiyaların tətbiqi bu sahənin təşkilati-hüquqi və normativ bazasının yaradılmasına zəmin yaratmışdır.

Respublikamızda turizmin regional, sahə və ərazi idarəetmə çərçivəsində təkmilləşməsi onun konsepsiyası, sosial-iqtisadi rolu və yeri, həm dövlət prioritetləri, həm də biznes maraqları baxımından müəyyən olunur. Sahibkarlığa təsir etmək istiqamətində dövlət tərəfindən idarəetmə mexanizmləri yaradılır, turizmin sferasının iqtisadi rolunu artırmaq, onun sosial mahiyyətini genişləndirmək və kommersiya gəlirləri əldə etmək üçün kompleks sistemli idarəetmə mexanizmləri tətbiq olunur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarında da ölkənin ayrı-ayrı regionlarında turizmin inkişaf etdirilməsi məqsədilə mehmanxanaların, turizm sanatoriya-kurort mərkəzlərinin, mədəniyyət abidələrinin, iaşə müəssisələrinin tikintisi, bərpası, həmçinin regionlarda turizm fəaliyyətinin dəstəklənməsi öz əksini tapmış və bu da 2004-cü ildən başlayaraq respublikanın regionlarında turizmin genişləndirilməsinə güclü təkan vermişdir.

Dünya iqtisadiyyatına inteqrasiya, neft strategiyası və beynəlxalq layihələrin aparıcı iqtisadi həlqəyə çevrilməsi, respublikamızda turizmin zəruriliyi, onun subyektlərini və istehlakçılarını dəyişdi. Azərbaycan Respublikasının inkişaf dinamikası, onun qeyri-neft sektorunun inkişafına yönəldilən strateji inkişaf layihələri və respublikanın resurs təminatı ilə ölçülür. Bununla yanaşı, “Böyük İpək Yolu”nun Azərbaycan ərazisindən keçməsi ölkəmizin dünyaya inteqrasiya olunmasına təkan vermiş, bu yolun yenidən bərpası başqa ölkələrin də beynəlxalq turizm bazarında iştirak etməsinə şərait yaratmışdır. Ümumdünya Turizm Təşkilatı belə, bu gün “Böyük İpək Yolu”nun bərpasına xüsusi maraq göstərir.

Müstəqilliyini bərpa etdikdən az müddət sonra Azərbaycan bütün sahələrdə beynəlxalq aləmə inteqrasiya olunaraq həm dünyada keçirilən mötəbər tədbirlərə qatılmış, eyni zamanda bütün qapılarını dünyaya açaraq bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmişdir. Bu, hər şeydən əvvəl ölkəmizdə işgüzar və mədəni turizmin inkişafına səbəb olmuşdur. Müasir dövrdə işgüzar turizm yüksək dinamikliyi, turizm biznesinin və ondan əldə edilən gəlirlərin qloballaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumdünya Turizm Təşkilatı tərəfindən müəyyənləşdirilən işgüzar turizmə qurultay, elmi konqres və konfranslarda, istehsal seminar və müşavirələrində, yarmarkalarda, sərgilərdə, salonlarda iştirak məqsədilə həyata keçirilən səyahətlər, həmçinin danışıqların aparılması və müqavilələrin bağlanması üçün edilən səfərlər aid edilir. İşgüzar və mədəni turizmdə kiçik qruplar üçün biliyi artıran turlar və istirahət edən şəxslərin mədəni abidələrə səyahətlərini özündə birləşdirən birgünlük ekskursiyalar təşkil olunur. Bununla əlaqədar mədəni abidələrin qorunub saxlanması üzrə səmərəli tədbirlərin həyata keçirilməsi və göstərilən ərazilərə turist axınlarının idarə edilməsi mühüm əhəmiyyət daşıyır.

Əlverişli coğrafi-mövqeyi, 11 iqlim qurşağından 9-nun Azərbaycanda olması, zəngin flora və faunası qədim mədəni tarixi irsi, milli adət-ənənələri, zəngin milli mətbəxi ölkəmizdə turizmin inkişafına geniş imkanlar yaradır. Həmçinin ölkə turizminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks şəkildə işlər aparılır, respublikamızın hər yerində, xüsusən bölgələrimizdə dünya standartlarına uyğun otellər tikilir, əyləncə mərkəzləri, istirahət zonaları yaradılır.

Azərbaycanda turizm marşrutlarına daxil olan çoxlu sayda memarlıq abidələri, qədim qaya təsvirləri, gəzməli, görməli, mənzərəli yerlər vardır. Turizm marşrutlarına daxil edilən rayonların iqtisadi-mədəni səviyyəsi turizmin təşkilinin müasir tələblərinə uyğun qurulmuş, yerli resurslar, turistlərin rahatlığına təminat verə biləcək infrastrukturun olması həmin rayonlarda turizmin inkişafına dəstək vermişdir.

Ölkəmizin çoxəsrlik tarixə malik arxeoloji, tarixi, memarlıq və incəsənət abidələri, o cümlədən turistlərin hər zaman diqqətini cəlb etmiş, Bakıdan 60 kilometr cənubda yerləşən Qobustan qoruğu kimi yüzlərlə tarixi abidələr ölkəmizə turist axınını daha da gücləndirir. Respublikamızda elə bir bölgə, rayon tapmaq olmaz ki, orada turistlərin marağına səbəb olan tarix və memarlıq abidələri olmasın. Bu gun gündən-günə inkişaf edən, çiçəklənən və öz ərazisini bütövləşdirən Azərbaycanda yeni turizm marşrutlarının açılması artıq zamanın reallığıdır. Vaxtilə Azərbaycanın incisi, Qarabağın baş tacı sayılan Şuşada yerləşən turizm və istirahət mərkəzlərinə istirahətə gələnlərin sayı-hesabı yox idi. Mənfur düşmənlərdən azad olunan Şuşa yaxın illərdə qədimliyi ilə müasirliyinin vəhdətində əvəzolunmaz təbiəti, möhtəşəmliyi ilə yenidən turistlərin zövqünü oxşayacaq, nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək və bununla da Azərbaycanda turizmin inkişafında əsaslı rol oynayacaqdır.

İşğaldan azad olunmuş bütün rayonlarımızda yeni turizm marşrutlarının açılması artıq turizm sferasında prioritet istiqamətlərdəndir. Bu da dünyanın 20-dən çox ölkəsi ilə turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalayan Azərbaycanın yaxın gələcəkdə dünyanın ən məşhur turizm ölkəsinə çevriləcəyindən, turizm sahəsində bir sıra ölkələrlə əməkdaşlıq əlaqələrinin genişlənəcəyindən xəbər verir.

Mehparə ƏLİYEVA,

“Respublika”.