Qeyri-neft sənayesinin artması real iqtisadiyyatın inkişafı deməkdir
İQTİSADİYYAT

Qeyri-neft sənayesinin artması real iqtisadiyyatın inkişafı deməkdir

Ümummilli lider Heydər Əliyev 2000-ci il dekabrın 29-da “Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət”ində qeyd edirdi: “Müstəqil Azərbaycan neft strategiyasını ardıcıl həyata keçirərək biz böyük uğurlara nail olmuşuq. Gələcəkdə isə bu uğurlar daha da artacaqdır… Təbii ki, neft özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir. Tam qətiyyətlə demək olar ki, bu vasitədən səmərəli və məqsədyönlü istifadə etməklə, bu mənbədən lazımınca bəhrələnməklə biz yaxın gələcəkdə Azərbaycanı ən yüksək həyat səviyyəli ölkələrdən birinə çevirə biləcəyik”.

Ulu öndərin bu sözləri Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin uğurlu siyasəti nəticəsində artıq reallığa çevrilmişdir. Azərbaycan uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün özünün zəngin neft-qaz ehtiyatlarından istifadə edərək “qara qızıl”ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, gələcəkdə neft-qaz gəlirlərindən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyasını uğurla həyata keçirir.

Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində, dünyada baş verən qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirmiş, iqtisadi artımın davamlılığı təmin edilmişdir. Makroiqtisadi sabitliyi qoruyub saxlamaq, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru və regionların inkişafının sürətləndirilməsi, sahibkarlığı inkişaf etdirmək və ona dövlət dəstəyini gücləndirmək, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaratmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən olmuşdur.

Dövlət başçısı İlham Əliyev hələ illər öncə demişdi: “Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və biz bu gün qeyri-neft sektorunun inkişafına üstünlük veririk. Bu, bizim prioritet məsələmizdir”.

Respublikamızda qeyri-neft sektorunun inkişafını daha da sürətləndirmək üçün bu sahəyə birbaşa xarici investorları cəlb etməklə daxili istehsalın rəqabət qabiliyyətinin  gücləndirilməsi, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi və yerli məhsullarla özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, qeyri-neft sektorunun ixrac imkanlarının artırılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsində strateji məqsəd olaraq müəyyən edilmişdir.

Dünyada müşahidə olunan qlobal böhranın təsirlərinin qarşısının alınması və neft gəlirlərindən asılılığı maksimum şəkildə aşağı salmaq üçün qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə Azərbaycanda sistemli  tədbirlər həyata keçirilməkdədir. 2016-cı ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyevin müvafiq qərarları ilə qeyri-neft sahəsinin canlandırılması istiqamətində aparılan yeni islahatlar kompleksi artıq səmərəsini də verməkdədir. Ona yaxın sənaye parkı salınıb, on minlərlə yeni iş yerləri açılıb, yeni, keyfiyyətli və rəqabətədavamlı məhsulların istehsal prosesi davam etdirilir.

Yüngül sənaye sahələrinin yenidən təşkil edilməsi nəticəsində məhsul istehsalının həcminin və keyfiyyətinin artımı müşahidə olunur. Xammal emalı, toxuculuq və tikiş, dəri və dəridən olan məmulatlar istehsalı sahələrində vəziyyət daha da yaxşılaşmışdır. Belə ki, respublikada dəri, dəridən olan məmulatlar və ayaqqabı istehsalında mühüm irəliləyişlər olmuşdur.

Hazırda xalçaçılıq sahəsində respublikanın şəhər və rayonlarında onlarca müəssisə və sex fəaliyyət göstərir. Perspektivdə bu sahənin xammal bazasının möhkəmləndirilməsi, istehsal-texniki səviyyəsinin artırılması, xalçaların keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülür.

Azərbaycanda regionların iqtisadi potensialının tədqiqi və perspektivdə bu istiqamətdə aparılan araşdırmaların genişləndirilməsi yüngül sənayedə səmərəli fəaliyyət göstərən müəssisələrin müəyyənləşdirilməsinə yardım edir. Yüngül sənayenin inkişafının təmin edilməsi bir çox tədbirlərin həyata keçirilməsini  zəruriləşdirir, o cümlədən respublikada mövcud yerli sənaye müəssisələrinin yenidən qurulması və fəaliyyətinin dəstəklənməsi; müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması və yerli xammal bazasının möhkəmləndirilməsi; kiçik və orta biznesi təmsil edən emal və istehsal müəssisələrinin yaradılmasında xarici ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi; dövlətin müəssisələrə modernləşmə  istiqamətində zəruri dəstəyinin göstərilməsi; bu sahədə fəaliyyət göstərən müəssisələrə güzəştli kreditlərin verilməsi, onların mənfəət vergisinin azaldılması; sərmayələrin cəlbinə və investisiya layihələrinin dəstəklənməsinə əlverişli mühitin yaradılması; Azərbaycanda qədim ənənələrə malik yüngül və toxuculuq sənayesində, əsasən də geyim və digər geniş istehlak mallarının istehsalı sahəsində fəaliyyətin genişləndirilməsi və məhsulun keyfiyyətinin artırılması istiqamətində müasir texnologiyalara əsaslanan investisiya layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi; yüksək keyfiyyətli və ekoloji cəhətdən təhlükəsiz məhsul istehsalına imkan verən yeni texnologiyaların və nou-hauların tətbiq edilməsi, bu sahədəki müəssisələrin fəaliyyətinin dəstəklənməsi.

Azərbaycanda ağac emalı və mebel istehsalı sahəsində də xeyli irəliləyişlər əldə olunmuşdur, respublika əhalisinin mebel avadanlıqlarına olan tələbatının yerli istehsalçılar tərəfindən ödənilməsi müasir dövrün tələblərindəndir.

Tikinti materialları sənayesinin inkişaf etdirilməsi üçün Azərbaycan Respublikası zəngin yeraltı və yerüstü minerallara, təbii sərvətlərə malikdir. Əsasən ölkədə qum-çınqıl, gil, üzlük, daş sement xammalı, əhəngdaşı, dolomit, mərmər, travertin, bazalt, qranit, vulkan tufu kimi yataqların böyük ehtiyatı mövcuddur. Tikinti materialları yataqları üzrə Abşeron coğrafi rayonunun ərazisi daha zəngindir. Burada istismar edilən Güzdək, Gülbaxt, Korgöz, Qızılqaya yataqlarının təsdiq olunmuş ehtiyatları ümumilikdə 218 milyon kubmetr təşkil edir. Belə zəngin mineral-xammal ehtiyatlarından müxtəlif çeşidli və yüksək keyfiyyətli tikinti materialları istehsal etmək mümkündür və onların səmərəli istifadəsi ilə bağlı əsaslı tədbirlər görülür. Odur ki, həyata keçirilən sosial-iqtisadi islahatların başlıca məqsədlərindən biri də ölkə üzrə bu sahənin inkişafının təmin edilməsi olmuşdur.

Prezident İlham Əliyevin apardığı siyasət sayəsində son illər bu sahədə böyük uğurlar qazanılıb. Belə ki, ölkədə yüzlərlə kiçik, orta və iri sənaye müəssisələri fəaliyyətə başlayıb. Həmin müəssisələr bu gün məhsul istehsalını artırır və daxili tələbatı ödəməklə yanaşı, xarici bazara da məhsul ixrac edir. Bu da maliyyə dayanıqlığına və ölkədən valyuta axınının qarşısının alınmasına səbəb olur. Digər tərəfdən yerli istehsalın artımı idxaldan asılılığımızı azaldır. Davamlı olaraq ölkədə qeyri-neft iqtisadiyyatının, ümumiyyətlə, qeyri-neft məhsulları ixracının, bütünlükdə iqtisadi artımın sürətləndirilməsi üçün elmi təhlillər aparılaraq planlı şəkildə müxtəlif tədbirlər görülür. Bu məqsədlə qeyri-neft sektoruna aid neft-kimya sənayesinə və digər sənaye sahələrinə irihəcmli sərmayələr qoyulur.

Dövlət başçısının tapşırığı ilə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində məqsədyönlü tədbirlər reallaşdırılır. Bu istiqamətdə klasterlərin və dövlət mexanizmlərinin istifadə edilməsi ilə kiçik və orta sahibkarlığa dəstək verilir. Xüsusilə qadınların və gənc sahibkarların dəstəklənməsi, onlara öz bizneslərini qurmaları üçün imkanlar yaradılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə dövlət başçısı demişdi: “Baxmayaraq ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Bizim iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Amma eyni zamanda, onu da bildirməliyəm ki, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Nəyin bahasına? Məhz şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə siyasəti düzgün aparılıb. Neftin hasilatı bizdə azalır. Eyni zamanda, OPEC+ razılaşmasına görə biz özümüz də azaltmışıq. Neftin qiyməti aşağı düşüb. Əgər bu neft amili olmasaydı, bizim iqtisadiyyatımız bəlkə də daha az düşərdi. Amma qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir.

Qeyd edək ki, 2020-ci ildə qeyri-neft sektoru üzrə vergi daxilolmaları 5,6 milyard manat olub. Bu indiyədək qeydə alınan ən yüksək göstəricidir. Qeyri-neft sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda çəkisi 76 faizə çatıb. Belə ki, Azərbaycanda qeyri-neft ÜDM-in iqtisadiyyatda payı onillik maksimuma çatıb.

2020-ci ildə Azərbaycanda ÜDM-in həcmi 4,3 faiz azalaraq 72432,2 min manat, qeyri-neft ÜDM-in həcmi isə 50792,5 min manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə ötən il qeyri-neft ÜDM-in iqtisadiyyatdakı payı 70,14 faizə bərabər olub, bu da son 10 ilin maksimum göstəricisidir.

Qeyd edək ki, onillik dövr ərzində bu göstəriciyə ən yaxın rəqəm 2015-ci ildə qeydə alınıb. Həmin il qeyri-neft ÜDM-in iqtisadiyyatda payı 69,3 faizə bərabər olub.

Ümumiyyətlə, qeyri-neft sektorundan vergi daxilolmaları 2010-cu illə müqayisədə 2,3 milyarddan 2020-ci ildə 5,6 milyard manata çatmışdır.

Bəli, bu gün dürüstləşdirilən büdcəmiz ölkəmizin maliyyə planlarını tam və bütün istiqamətlər üzrə icra etməyə imkan verir. Büdcəmiz yenə də əsas etibarilə sosialyönümlü olmaqla, sosial müdafiə və dəstək tədbirlərinin gücləndirilməsinə, bütün sosial layihələrin uğurla icra etdirilməsinə, dövlətin iqtisadi sahələrə dəstəyinin tam şəkildə başa çatdırılmasına, biznesə və investorlara maliyyə dəstəyinin davam etdirilməsinə, nəzərdə tutulan vacib iqtisadi proqramların gerçəkləşməsinə güclü maliyyə təminatı yaradır. Eyni zamanda, büdcəmiz qeyri-neft sektorunun dayanıqlı inkişafını, maliyyə intizamının gücləndirilməsini və şəffaflığın artırılmasını təmin edir.

Nurəngiz ADİLQIZI,

“Respublika”.