Qeyri-qanuni iqtisadi fəaliyyətilə mənfur qonşumuz beynəlxalq konvensiyaların tələblərini pozur
Siyasət

Qeyri-qanuni iqtisadi fəaliyyətilə mənfur qonşumuz beynəlxalq konvensiyaların tələblərini pozur

Azərbaycanın dilbər guşəsi olan Qarabağı və ətraf rayonları 30 il işğal altında saxlayan erməni qəsbkarları bu illər ərzində  tarixi torpaqlarımızda  misli görünməmiş  vəhşiliklər törətmiş, kəndləri, şəhərləri viran qoymuşlar. Erməni vandallar bu alçaq hərəkətləri törətməklə Azərbaycan adını  xalqımıza məxsus  yurd yerlərindən silməyə, tarixi saxtalaşdırmağa çalışmış,  digər bir tərəfdən isə  varlanmaq, hərislik niyyətlərini həyata keçirmişlər. Hər iki halda erməni mənfurluğu özünü büruzə vermişdir. Tarixi olmayan, soysuz ermənilər bir toplum kimi mövcud olduqları vaxtdan bugünümüzə qədər özlərinin "qədim" tarixini yaratmağa səy göstərmiş, əzəli torpaqlarımızda dövlət qurmağa nail olmuşlar. Başqasının torpağını adına çıxmağı ar bilməyənin onun var-dövlətini, yeraltı-yerüstü sərvətlərini mənimsəməkdən çəkinməməsi də təbiidir. Yaxşı deyiblər ki, alışmış qudurmuşdan betərdir. Bəli, ermənilər sözün əsl mənasında, azğınlaşmışdılar. Hətta iş o yerə çatmışdı ki, artıq özlərini zəbt etdikləri torpaqların sahibi sayır, bu yerlərdən istədikləri kimi istifadə edirdilər.

Qarabağda mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə Azərbaycanın icazəsi olmadan qanunsuz fəaliyyət göstərən ermənilər ərazilərimizdə bir çox xarici şirkətlərin filiallarını yaradaraq iş birliklərini genişləndirmiş, Azərbaycanın təbii sərvətlərini talayıb dünya bazarlarına çıxarmışlar.

Üzdəniraq düşmənlərimiz işğal etdikləri tarixi torpaqlarımızda törətdikləri ekoloji terrora 20-dən artıq ölkənin - o cümlədən, Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya və digər dövlətlərin şirkətlərini də cəlb etmiş, ölkəmizin təbii sərvətlərini qeyri-qanuni yollarla, qəddarlıqla istismar etmişlər.

Meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ölkəmizdə ekoloji tarazlıq pozulmuş, torpaq sahələri deqradasiya olunmuşdur. Azərbaycanın əvvəllər işğal olunmuş bütün ərazilərində mövcud olan 260 min hektara yaxın meşə ərazisi son 30 il ərzində sürətlə azalmış, qiymətli ağac növləri - qoz, palıd, Eldar şamı, xurma və xüsusi mühafizə altında olan digər ağaclar, minlərlə hektar ərazini əhatə edən meşələr oduncaq tədarükü üçün qırılmış və qiymətli ağac növlərinin bitdiyi Qarabağın meşə resursları talanaraq Ermənistana daşınmışdır.

Azərbaycanın işğal edilmiş ərazilərində - Kəlbəcər, Laçın, Tərtər, Ağdamda qızıl, gümüş, mis, molibden, civə yataqları, Cəbrayıl, Kəlbəcər, Laçında dəmir, xrom, Tərtər və Kəlbəcərdə kükürd, Ağdam, Füzuli, Cəbrayıl ərazilərindəki qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni və intensiv şəkildə hasilat işləri aparılmış, faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar amansız istismar olunmuş, flora və fauna sistemli şəkildə məhv edilmişdir.

Uzun illər erməni işğalı altında olan Kəlbəcər rayonunun ərazisində yerləşən sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və təbii ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları Ermənistan tərəfindən talan edilmişdir. Belə ki, Kanadanın "Canadian First Dynasty Mines Ltd" və Hindistanın "İndian Sterlite Gold Ltd" şirkəti ilə müqavilə bağlamış Ermənistan hökuməti Zod yatağından külli miqdarda qızıl hasil etmişdir.

Qarabağda ən çox talanan təbii ehtiyatlardan birincisi Kəlbəcərin Ermənistanla sərhəd bölgələrində, Ağdərə və Zəngilanda olan qızıl yataqları olmuşdur. "Base Metals" şirkəti uzun müddət Ağdərə rayonunda qızıl ehtiyatı 13,5 ton olan Qızılbulaq (Drambon) kəndindəki "Qızılbulaq" qızıl mədənlərini talamış, mədəndən minlərlə ton filiz çıxarılaraq emal edilmişdir.

İkinci Qarabağ müharibəsi bitdikdən, ərazilərimiz işğaldan azad olunduqdan sonra da alçaqniyyətli ermənilər öz əməllərindən əl çəkmir, soyğunçuluq, talançılıq adətlərini tərgidə bilmirlər. Ermənistan Azərbaycanın təbii sərvətləri hesabına İkinci Qarabağ müharibəsindən sonra çökmüş iqtisadiyyatını dirçəltməyə çalışır. Lakin cinayətkar ermənilərin talançılıq fəaliyyətinə azərbaycanlı ekofəallar, QHT və ictimaiyyət nümayəndələri, könüllülər ötən il dekabr ayından etibarən Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirir, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarındakı təbii sərvətlərimizin mənimsənilməsinə, faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına, ekoloji terrora son qoyulmasını tələb edirlər. Ermənilər ekofəalların iki aydan artıqdır ki, dinc şəraitdə keçirdikləri etiraz aksiyası barədə bütün dünyaya yalan, iftira dolu informasiyalar çatdırırlar. Guya Laçın-Xankəndi yolunun azərbaycanlılar tərəfindən blokadaya salındığını, orada yaşayan ermənilərin humanitar fəlakətlə üzləşdiklərini iddia edirlər. Lakin ermənilərin bu ağ yalanı ayaq tutsa da, yerimir. Çünki aksiya nəticəsində sadəcə olaraq Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısı alınıb. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan dinc aksiyada rus sülhməramlılarına məxsus təminat yüklərinin daşınmasına, humanitar məqsədlər üçün avtomobillərin keçməsinə heç bir maneçilik törədilmir, dinc erməni əhalisinə ərzaq və digər lazım olan vasitələrin çatdırılması üçün yol ilk gündən açıqdır. Qarabağda yaşayan ermənilərin humanitar fəlakət yaşaması, onların qazla təchizatının dayandırılması və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməsi kimi ittihamlar isə hər zaman olduğu kimi, ermənilərin şər və böhtanlarıdır.

BMT-nin Nyu-Yorkdakı baş qərargahında 196 ölkənin parlament nümayəndələrinin iştirakı ilə "İnsanlar və planet üçün su israfçılığını dayandırın, oyunu dəyişdirin, gələcəyə sərmayə qoyun" mövzusunda keçirilən 2023-cü il üzrə illik parlament dinləmələrində Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların etiraz aksiyası barədə ətraflı məlumat vermiş, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında ekoloji terror həyata keçirdiyini, xüsusilə transsərhəd çaylarındakı şirin su hövzələrini çirkləndirdiyini bildirmişdir. 12 ölkənin nümayəndələrinin daxil olduğu beynəlxalq səyahətçilər qrupunun üzvləri də Laçın-Xankəndi yolunda olarkən yolda heç bir blokadanın olmadığını, Ermənistandan Xankəndiyə və əks istiqamətdə avtomobillərin sərbəst şəkildə hərəkət etdiyini öz gözləri ilə görmüşlər. Bütün bunlar onu göstərir ki, ermənilər nə qədər vurnuxsalar da, azərbaycanlı ekofəallar öz məqsədlərindən geri çəkilməyəcəklər. Buna görə də uzun illər işğal etdiyi ərazilərimizdə xalqımıza məxsus təbii sərvətlərin amansızcasına hasilatını aparan, endemik nümunələrini, flora və faunasını məqsədli və sistemli şəkildə məhv edən ermənilər artıq öz çirkin əməllərinə son qoymalıdırlar. 30 il işğal altında olan torpaqlarını 44 gün ərzində düşməndən geri alan Azərbaycan öz sərvətlərini qorumağa da qadirdir. Qeyd edək ki, artıq 70 gündür ki, azərbaycanlı ekofəallar etiraz aksiyası keçirir və tələbləri yerinə yetirilənədək etirazlarını dinc şəkildə davam etdirəcəklərini bildirirlər.

Mehparə ƏLİYEVA,

"Respublika".