QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə İslam İnkişaf Bankı arasında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub
İQTİSADİYYAT

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə İslam İnkişaf Bankı arasında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub

Dekabrın 16-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində İslam İnkişaf Bankının (İİB) nümayəndələri ilə görüş keçirilib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə İslam İnkişaf Bankının ölkə üzrə əməliyyatlar meneceri Fərid Əhməd Xan, əməliyyatlar qrupunun rəhbəri Kokhorjon Aminov, texniki əməkdaşlıq üzrə baş koordinator Əhməd Faruk Diken, gənclər məsələləri ilə bağlı nümayəndə Şaria Valker, bankın Azərbaycan üzrə nümayəndəsi Lalə Yusifova və digər təmsilçiləri iştirak ediblər.

Prezident Administrasiyasının məsul əməkdaşı, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev qonaqlara Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə məlumat verib. V.Quliyev ölkəmizdə QHT sektorunun inkişafı sahəsində görülən işləri diqqətə çatdırıb, Azərbaycan ilə İslam İnkişaf Bankına üzv dövlətlərin QHT-ləri arasında əməkdaşlıq imkanlarına toxunub. O, Agentliyin İslam İnkişaf Bankı ilə birgə QHT-lər üçün qrant müsabiqələrinin keçirilməsini, habelə institusional inkişaf proqramlarının reallaşdırılmasını təklif edib.

Görüş zamanı İslam İnkişaf Bankının ölkəmiz üzrə əməliyyatlar meneceri Fərid Əhməd Xan Banka üzv dövlətlərin vətəndaş cəmiyyəti institutları arasında vətəndaş cəmiyyəti sahəsində mühüm işlərin görülməsi imkanlarının vacibliyini vurğulayıb.

Sonra Agentliyin icraçı direktoru Aygün Əliyeva çıxış edərək qurumun prioritet istiqamətləri üzrə yerli qeyri-hökumət təşkilatları üçün keçirilən qrant müsabiqələri və bu müsabiqələrə daxil olan layihələr haqqında məlumat verib.

Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb.

 AZƏRTAC