Qırğızıstan Prezidenti: Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər möhkəm dostluq və qardaşlıq tellərinə əsaslanır
Siyasət

Qırğızıstan Prezidenti: Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər möhkəm dostluq və qardaşlıq tellərinə əsaslanır

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Hidayət Orucovun diplomatik missiyasının başa çatması ilə əlaqədar onu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin aktual məsələləri müzakirə olunub.

Qırğız dövlətinin başçısı vurğulayıb ki, Azərbaycan Qırğızıstanın mühüm tərəfdaşıdır və iki ölkə arasında münasibətlər onların ortaq tarixindən, mədəniyyətindən, dilindən, müştərək mənəvi və dini dəyərlərindən irəli gələn möhkəm dostluq və qardaşlıq tellərinə əsaslanır.

Prezident Sadır Japarov Hidayət Orucova gələcək fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb, Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib.

Hidayət Orucov dövlət başçısına təşəkkürünü bildirib və Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Qırğızıstan xalqına ən xoş arzularını çatdırıb.

Hidayət Orucov Qırğızıstan ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da dinamik inkişaf edəcəyinə, dərinləşəcəyinə və genişlənəcəyinə əmin olduğunu bildirib.

Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov da azərbaycanlı diplomatı qəbul edib.

Nazirlər Kabinetinin sədri Qırğızıstan-Azərbaycan qarşılıqlı münasibətlərinin möhkəmlənməsinə səfirin verdiyi sanballı töhfəyə görə təşəkkür edib və ümidvar olduğunu bildirib ki, iki dövlət arasında əməkdaşlığın bütün sahələrində ənənəvi sıx dostluq münasibətləri davam edəcək.

Hidayət Orucov Akılbek Japarovu Nazirlər Kabinetinin sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və bildirib ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikasını ortaq tarix, mədəniyyət, din və ənənələr birləşdirir.

Nazirlər Kabinetinin rəhbəri Hidayət Orucovun iki ölkə arasında dostcasına əməkdaşlığın inkişafına və dövlətlərarası münasibətlərin möhkəmlənməsinə verdiyi sanballı töhfəyə görə onu Qırğız Respublikası Nazirlər Kabinetinin fəxri fərmanı ilə təltif edib.

AZƏRTAC