Qırğızıstan-Türkiyə Manas Universitetində “Qarabağ Zəfəri” adlı sərgi
Diaspora

Qırğızıstan-Türkiyə Manas Universitetində “Qarabağ Zəfəri” adlı sərgi

Bu günlərdə Qırğızıstanın paytaxtı Bişkek şəhərində yerləşən, ən iri təhsil müəssisələrindən biri olan Qırğızıstan -Türkiyə Manas Universitetində “Qarabağ Zəfəri” adlı sərginin açılışı olub.

Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov, Qırğızıstan parlamentinin deputatları, bu ölkədə akkreditə olunmuş səfirlər, diplomatik nümayəndəliklərin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri iştirak etdiyi tədbirdə ilk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan, Qırğızıstan və Türkiyənin himnləri səsləndirilmişdir. Bakı Media Mərkəzinin çəkdiyi “Azərbaycan Ordusunun Zəfər Paradı” adlı qısametrajlı film nümayişindən sonra tədbiri açıq elan edən Qırğızıstan - Türkiyə Manas Universitetinin rektoru, professor Alpaslan Ceylan Azərbaycanın 30 illik Qarabağ işğalına son qoyan qəhrəman ordusunu təbrik edib. Azərbaycan-Türkiyə birliyinin dostluq və qardaşlığından söhbət açan rektor dostluq əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

44 günlük Vətən müharibəsindən, şanlı Azərbaycan ordusunun şücaəti və rəşadəti sayəsində qazanılan “Zəfər”dən bəhs edən səfir Hidayət Orucov deyib: “30 mart 2019-cu ildə Ermənistan Müdafiə naziri David Tonoyan Nyu-Yorkdakı erməni icması ilə görüşündə “sülh üçün ərazi” yanaşmasının tətbiq olunmayacağını və yeni yanaşma “Yeni ərazilər üçün yeni bir müharibə” tətbiq olunacağını söyləməsi, 5 avqust 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın qeyrət simvolu sayılan “Cıdır düzü”ndə sərxoş vəziyyətdə rəqs edərək “Qarabağ Ermənistandır və nöqtə” deməsi və ümumiyyətlə, Ermənistan siyasi-hərbi rəhbərliyinin digər ağlasığmaz təxribatçı hərəkətləri işğalçı ölkənin hələ də törətdiyi cinayətləri dərk etmədiyini dünyaya göstərdi. Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həllinə sadiq qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu BMT tribunası da daxil olmaqla, bütün beynəlxalq platformalardan elan edirdi və bütün ölkələri açıq şəkildə müharibəyə hazırlaşan Ermənistana qarşı müvafiq tədbirlər görməyə çağırırdı. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm uğurlarımızın ən başlıca səbəbi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da, beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə gerçəkləşdirdi”.

İşğal olunmuş ərazilərdə Azərbaycan xalqının ulu keçmişindən bu günə qədər gəlib çatan tarixi abidələrin və məscidlərin dağıdılaraq məhv edilməsi, qalanlarının isə mal-qaraya dam kimi istifadə edildiyini, donuzların dini ziyarətgahlarda saxlanıldığını vurğulayan səfir bu hərəkətləri müsəlmanların dini hisslərinə qarşı təhqir kimi qiymətləndirərək deyib: “Erməni qoşunlarının etdikləri də ağlasığmaz vəhşilikdir. Bölgədə olan xarici diplomatlar və jurnalistlər başqa bir ölkədə belə barbarlıq görmədiklərini söyləyirlər. Əlbəttə ki, bütün ölkələr bu müharibə hadisələrini obyektiv şəkildə qiymətləndirməlidirlər ki, bu dəhşətli hadisələr dünyanın heç bir nöqtəsində təkrarlanmasın”.

Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəkdən bəhs edən səfir Azərbaycan-Türkiyə birliyinin əsrlər əvvələ söykəndiyini, bu birliyin gündən-günə möhkəmləndiyini qürurla bildirib.

Türkiyənin Qırğız Respublikasında səfiri Əhməd Sadık Doğan Azərbaycanın İkinci Qarabağ müharibəsində haqlı qələbə qazandığını söyləyib. Səfir bütün Azərbaycan xalqını və türk dünyasını böyük tarixi hadisə münasibətilə səmimi-qəlbdən təbrik edib.

Azərbaycanlıların “Azəri” İctimai Təşkilatının fəxri prezidenti, Qırğız Respublikasının Əməkdar həkimi Akif Alaferdov və “AzVirt Qırğızıstan” şirkətinin direktoru Çingiz Baxişev çıxışlarında Vətən müharibəsində qazanılan “Zəfər”in regiondakı bütün dövlətlərin və qonşu ölkələrin rifahına və sülh maraqlarına xidmət edəcəyinə əminliklərini bildiriblər. Qeyd ediblər ki, bu şanlı zəfər ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı Zati-aliləri cənab İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, böyük zəhməti, əzmkarlığı və qətiyyəti sayəsində əldə edilib.

Sonra qonaqlar rəşadətli Ordumuzun Zəfər yollarını əks etdirən sərgi ilə tanış olublar.

Mehparə ƏLİYEVA,

“Respublika”.