Qışda çətinliyimiz olmayacaq
Region

Qışda çətinliyimiz olmayacaq

Qışı sərt keçən Şimal rayonlarının qaz təsərrüfatlarında soyuq mövsümə ciddi hazırlıq görülüb. Qışda əhalini fasiləsiz qazla təmin etmək məqsədilə xeyli tikinti, təmir-bərpa işləri aparılıb. Hazırda bu işlər sürətlə davam edir. Qışa hazırlıq barədə  Xaçmaz Regional Qaz İstismar İdarəsinin rəisi Hüseyn Şirinov danışır: Xaçmaz RQİİ 6 xidmət sahəsindən ibarət olmaqla (Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Qusar) ümumilikdə 112733 əhalini və 2594 qeyri-əhali abonentini təbii qazla təmin edir. “Azəriqaz”ın baş direktoru Ruslan Əliyevin tapşırığına əsasən tərəfimizdən ilin əvvəlində payız-qış mövsümünə hazırlıqla əlaqədar “Tədbirlər planı” işlənib hazırlanmış və həyata keçirilmişdir. 2021-ci il ərzində qaz  itkilərinin qarşısının alınması və abonentlərin qaz təchizatının yaxşılaşdırılması  məqsədilə 42900 metr yeni qaz xəttinin çəkilməsi, 34 ədəd yeni qaztənzimləyici şkafın quraşdırılması planlaşdırılmışdır. Ötən 9 ay ərzində 12 ədəd siyirtmə və 34 ədəd qaztənzimləyici şkaf quraşdırılmış, 19315 metr müxtəlif diametrli qaz xətləri dayaqlar üzərinə qaldırılaraq korroziyaya qarşı rənglənmişdir. Tədbirlər planında nəzərdə tutulmuş 42900 metr xətdən  28500 metr hissəsi artıq çəkilmişdir.  

Abonentlərin qaz təchizatında yaranmış problemlərinin araşdırılması məqsədilə Siyəzən şəhəri,  “28 May” küçəsində “Açıq mikrafon” aksiyası keçirilmiş və vətəndaşların təklifləri qeydə alınmışdır. “Açıq mikrafon” aksiyası keçirildikdən sonra Siyəzən şəhəri, Xətai küçəsi ərazisində 35 ailənin yaşadığı yaşayış massivi və Siyəzən şəhəri,  “28 May” küçəsində 60 ailənin yaşadığı yeni yaşayış massivində qazlaşma işlərinə başlanmışdır. Bu ünvanlarda artıq işlər yekunlaşmaq üzrədir.

İdarəmiz şəhid və qazi ailələrinə xüsusi qayğı və diqqətlə yanaşır. Şabran rayonu ərazisində şəhid və qazi ailələrinə məxsus 3 ədəd, Siyəzən xidmət sahəsi üzrə 5 ədəd, Xızı xidmət sahəsi üzrə 2 ədəd, Quba xidmət sahəsi üzrə 5 ədəd, Qusar xidmət sahəsi üzrə 6 ədəd, Xaçmaz xidmət sahəsi üzrə 7 ədəd fərdi yaşayış  evi qazlaşdırılmışdır. Xaçmaz xidmət sahəsinin ərazisində rayonun Rəhimoba, Xanlıqoba, Ağçay kəndlərində şəhid və qazi ailələrinə məxsus fərdi yaşayış evlərinin qazlaşdırılması üçün ümumi uzunluğu 1800 metr müxtəlif diametrli qaz xətlərinin çəkilməsi işlərinə başlanılmışdır. Yaxın vaxtlarda 12 evin qazlaşdırılması tamamlanacaqdır.

Qışa hazırlıq işləri ilə yerində tanış olmaq üçün Qusar Xidmət Sahəsində  olduq. Çiləgir kəndində gedən təmir-bərpa işlərini yerində müşahidə etdik.  Sahənin rəisi Vasif Şıxməmmədov deyir ki, rayonda 1 qəsəbə və 88 kənd  mövcuddur. İdarəmiz qazdan istifadə edən 18362 əhali və 502 qeyri-əhali abonentə xidmət göstərir. 45 kəndin və 1 qəsəbənin qazlaşdırılması başa çatmışdır, 43 kəndin qazlaşdırılması isə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçiriləcəkdir. Qışa ilboyu hazırlaşmışıq. Rayon 2 qazpaylayıcı stansiyadan (QPS) qidalanır. Onlardan biri “Qusar”,  ikincisi “Şirvanovka”  QPS-dir. Şəhər ərazisi qazla tam təmin olunmuşdur. Abonentlərin qaz təchizatının daha da yaxşılaşdırılması, yarana biləcək qaz itkilərinin qarşısının alınması məqsədilə hər il qaz təsərrüfatına baxış  keçirilir. Orta və aşağı təzyiqli korroziyaya uğramış qaz itkisinə səbəb ola biləcək xətləri yenisi ilə əvəz edirik. Qeyd edim ki, daxili imkanlar hesabına  Qusar şəhəri və rayonun bəzi kəndləri və Hərbi şəhərcikdə ümumi uzunluğu 5283  metr təşkil olunan müxtəlif diametrli qaz xətləri quraşdırılmışdır. İl ərzində müxtəlif ünvanlarda daha 4400 metr qaz xətlərinin quraşdırılması nəzərdə tutulmuşdur.

Görülmüş işlər deməyə əsas verir ki, qışda əhalinin qaz təminatında çətinliyimiz  olmayacaq.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.