Qlobal enerji təhlükəsizliyində ölkəmizin müstəsna rolu
İQTİSADİYYAT

Qlobal enerji təhlükəsizliyində ölkəmizin müstəsna rolu

Zəngin təbii sərvətlərindən səmərəli istifadə edən Azərbaycan beynəlxalq aləmdə enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkələrdən birinə çevrilmişdir. Ölkəmizin milli maraqlarımıza əsaslanan siyasəti hazırda Azərbaycanın miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış etməsinə zəmin yaratmışdır. Belə ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə həyata keçirilmir.

Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regionda səmərəli əməkdaşlığa zəmin yaratmışdır. Təsadüfi deyil ki, bu günə qədər həyata keçirilən enerji layihələrində ölkəmiz öz sözünü demiş və dünya miqyasında böyük uğurlara imza atmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı zamanı enerji təhlükəsizliyi barədə söylədiyi nitqində bildirmişdir: "Dünya dəyişib, enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir". Qeyd edək ki, hazırda enerji böhranının hökm sürdüyü dövrdə Azərbaycan qlobal enerji təchizatçısına çevrilməklə yanaşı, bu sahəyə töhfə verən ölkələrdəndir. Bu il yanvar ayının 12-də onlayn formatda keçirilmiş "Qlobal Cənubun Səsi" zirvə toplantısında söylənilən fikirlər Azərbaycanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli rolunu bir daha təsdiqləmişdir.

Ümumilli lider Heydər Əliyev tərəfindən Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin genişləndirilməsinə və beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə güclü təkan vermişdir. "Əsrin müqaviləsi"ndən sonra enerji təhlükəsizliyini tam təmin edən ölkəmiz hazırda iqtisadi potensial baxımından regionun lider dövlətinə çevrilib. Enerji təhlükəsizliyi məsələsində "Şahdəniz 2" layihəsi də böyük əhəmiyyət daşıyır. Belə ki, sözügedən layihə enerjinin şaxələndirilməsi və onun təhlükəsizliyi məsələsinə xidmət edir. Həmçinin, 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum da imzalanmışdır. Memorandum ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə öz töhfəsini vermişdir. Bundan əlavə, TANAP və TAP kimi layihələr də ölkəmizin inkişafında və Azərbaycanın təbii qazının dünya bazarlarına çıxarılmasında müstəsna rol oynamışdır. Çünki enerji təhlükəsizliyinin əsas məsələlərindən biri də məhz təbii qazın ixracı hesab olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycanın enerji strategiyasının dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslandığını hər zaman diqqətə çatdırmışdır. 17 dekabr 2022-ci ildə Buxarestdə "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" də enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə kimi qiymətləndirilmişdir.

Bütün bunların nətisəsidir ki, Azərbaycan bu gün Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırılır. Hazırda olduğu kimi, gələcəkdə də ölkəmizin balanslaşdırılmış xarici siyasət strategiyası regionda enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verəcəkdir.

Nəzrin ELDARQIZI,

"Respublika".