Qlobal güc mərkəzi
Digər xəbərlər

Qlobal güc mərkəzi

Türk Dövlətləri Təşkilatının "Fəlakət - fövqəladə halların idarə olunması humanitar yardım" mövzusu ilə bağlı Zirvə görüşünün Ankarada keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutmuşdur. Əvvəlcədən əldə olunmuş razılaşmalara uyğun olaraq, budəfəki Zirvə görüşü Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməliydi. Qardaş ölkədə baş vermiş dağıdıcı zəlzələdən sonra Türk Dövlətlərinin Türkiyənin yanında olması, maddi mənəvi yardımların göstərilməsi, son dərəcə əhəmiyyətli məsələdir.

Göstərdiyi yardımın miqyasına, xilasedicilərin, həkimlərin, texniki heyətin sayına görə Azərbaycanın ön sıralarda olması hörmətli Rəcəb Tayyib Ərdoğanın öz çıxışında Prezident İlham Əliyevə təşəkkür etməsi, ölkəmiz adına hər birimizdə qürur hissi yaşatdı. Zirvə görüşündə təşkilatın bütün üzvləri ilə yanaşı, ilk dəfə Quzey Kıprız Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın iştirak etməsi, türk dünyasının bütövləşməsi istiqamətində atılmış yeni addım oldu. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentlərinin, Macarıstanın Baş naziri Viktor Orbanın, Türkmənistan Parlamenti Xalq Məsləhəti sədrinin bəyanatlarında səslənən fikirlər bir daha əminlik yaradır ki, Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rola malikdir. Təşkilat yeni bir güc mərkəzinə çevrilmişdir.

Yaxın gələcəkdə təşkilata bir sıra dövlətlərin qoşulacağına şübhə yoxdur. Etiraf etməliyik ki, 1992-ci ildə yaranmasına baxmayaraq, türkdilli dövlətlərin sammitləri, Zirvə görüşləri obyektiv əksər hallarda subyektiv səbəblər üzündən inteqrasiya proseslərində ləngimələr, qarşılıqlı inamsızlıq müşahidə olunurdu. Lakin 44 günlük müharibədə Azərbaycanın təkbaşına dünya erməniliyinə qalib gəlməsi torpaqlarını işğaldan azad etməsindən sonra Təşkilatın Mərkəzi Asiyadan olan üzvləri arasında özünəinam hissi formalaşdı.

Xarici təsirlərə qarşı daha qətiyyətli dirəniş nümayiş etdirildi. Heç şübhəsiz, Təşkilatın bu səviyyəyə çatmasında aparıcı rol Azərbaycana, şəxsən Prezident İlham Əliyevə məxsusdur. Məhz cənab Prezidentin təşəbbüsü ilə pandemiya zamanı Türk Dövlətləri Başçılarının Videoformatda Konfransı keçirildi. Pandemiyadan sonra baş verən geosiyasi proseslər, yeni dünya nizamının formalaşdırması Türk Dövlətləri Təşkilatı üzvlərinin xarici siyasətlərini uzlaşdırmağı, vahid mövqedən çıxış etmələrini şərtləndirir.

Coğrafi cəhətdən ən əlverişli ərazilərdə yerləşən geniş iqtisadi potensialı, təbii sərvətləri ilə zəngin ölkələrimiz, Şərqlə Qərb arasında ən əlverişli nəqliyyat-logistik imkanlara malikdir. Rusiya-Ukrayna müharibəsi fonunda Çindən başlanan Avropaya qədər uzanan Orta Dəhliz marşrutu Təşkilat üzvlərinin hər birinin tranzit imkanlarını artırır, iqtisadi inkişafına töhfə verir. Avropa ölkələrinin enerji təminatında əhəmiyyətli rol oynayır.

Zirvə görüşünün nəticəsi olaraq Ankara Bəyannaməsi imzalandı. Bundan sonra hər il fevral ayının 6- Təşkilata üzv dövlətlər arasında Həmrəylik Günü olaraq qeyd ediləcəkdir. Qərara alındı ki, iqtisadi, mədəni, təhlükəsizlik, energetika, nəqliyyat-logistika məsələlərində əməkdaşlıq dərinləşdirilməlidir. Bütün bunlar Türk Dövlətləri Təşkilatının daha da güclənməsi, hərtərəfli inkişafı ilə nəticələnəcək, qlobal güc mərkəzinə çevirəcəkdir.     

                                                                    Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı.