Qlobal nüvə təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır
Siyasət

Qlobal nüvə təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır

Respublikamız bununla əlaqədar beynəlxalq sazişlərə qoşulmuşdur

Bu gün Cənubi Qafqaz regionunda sülhün, sabitliyin qorunmasında və davamlı inkişafda həlledici rol oynayan Azərbaycan dünyanın qlobal təhlükəsizliyi istiqamətində layihələrdə uğurla iştirak edir. Müasir dövrdə istər milli səviyyədə, istərsə də beynəlxalq müstəvidə təhlükəsizliyin təmin edilməsinin bir istiqamətliliyini yox, müxtəlif sahələri əhatə edən beynəlxalq kompleks fəaliyyət vacib edir. Bu tendensiya beynəlxalq aləmə uğurla inteqrasiya edən Azərbaycan dövlətinin milli təhlükəsizliyinin təmin edilməsini də ehtiva edir. Son illər isə Azərbaycanın beynəlxalq tədbirlərdə fəal iştirakı ənənəvi hal alıb.

Xüsusilə dünyanın təhlükəsizliyi ilə bağlı qarşıda duran məsələlərin müzakirə olunduğu yüksək səviyyəli tədbirlərdə Prezident İlham Əliyevin aktiv iştirakı, keçirdiyi əhəmiyyətli görüşlər və ifadə etdiyi fikirlər dünya siyasətçilərinin böyük marağına səbəb olur. Azərbaycan hüquqi dövlətə və açıq cəmiyyətə malik, dünya miqyasında nüfuzu artan, beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa mühüm töhfələr verən, dinamik templə inkişaf edən və zəngin mədəniyyətə sahib olan ölkə olaraq güvənilən, eləcə də arzu olunan tərəfdaş kimi beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirmişdir. Ötən illər ölkəmizin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə, milli maraqların təmin olunmasına və beynəlxalq arenadakı nüfuz və təsir gücünün artırılmasına istiqamətlənmişdir. Azərbaycanın Beynəlxalq terrorizmə qarşı qətiyyətli mübarizədə daim ön sıralarda olması, Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməsi, nəhayət, nüvə təhlükəsizliyinə diqqətlə yanaşması və bununla bağlı keçirilən tədbirlərdə, zirvə görüşlərində fəal iştirak etməsi də dediklərimizin təsdiqidir.

Məlum olduğu kimi, Nüvə Təhlükəsizliyi üzrə İ Dünya Sammiti 2010-cu ildə Yaponiyanın Fukusima Atom Elektirik stansiyasında zəlzələ və onu müşayiət edən sunami nəticəsində iki nüvə reaktorunda baş verən qəzadan sonra həmin illərdə ABŞ prezidenti olmuş Barak Obamanın təklifi ilə Vaşinqtonda keçirilmişdir. I Nüvə Təhlükəsizliyi Sammiti həm də beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşü idi. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatlarının rəhbərlərinin iştirak etdikləri sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən, dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin təmin edilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunmuşdur. Nüvə Təhlükəsizliyi Sammitinə gələn mötəbər qonaqlar Azərbaycanın zirvə görüşündə fəal iştirakını həmişə yüksək qiymətləndirmişlər.

İkinci Sammit isə 2012-ci ildə Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində baş tutmuşdur. XXI əsrin ən qorxulu nüvə qəzası hesab olunan Fukusima hadisələrindən sonra keçirilən bu Sammitlərin əsas məqsədi dünyada nüvə energetika sistemlərinin, nüvə və radioaktiv materialların istifadə və saxlanılmasının təhlükəsizliyinin artırılması, nüvə terrorizminin qarşısının alınması üçün beynəlxalq səviyyədə əməkdaşlığın gücləndirilməsi, texnoloji sistemlərdə istifadə olunan nüvə və radioaktiv materialların aktivliklərinin azalması kimi problemlərin həlli təşkil edib.

Nüvə terrorçuluğu beynəlxalq təhlükəsizliyə ən ciddi təhdid yaradan amillərdəndir. İnsan əli ilə yaradılmış nüvə energetikasının törətdiyi fəsadlar, ümumilikdə, planetimiz üçün çox ağrılı nəticələr doğurur. Bunu bəşər övladı İkinci dünya müharibəsinin sonunda Yaponiyada baş vermiş faciələr zamanı da gördü, 1986-cı ilin aprelində Çernobılda da, 2011-ci ildə Yaponiyanın Fukusimo şəhərində də. Ona görə nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq tədbirlərə bütün siyasətçilər maraqla qatılırlar. 2012-ci ilin martın 27-də Koreya Respublikasının paytaxtı Seul şəhərində II Nüvə Təhlükəsizliyi Sammitinin birinci plenar iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan qlobal nüvə təhlükəsizliyinə mühüm əhəmiyyət verir və Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyası və Nüvə Materiallarının Fiziki Qorunması kimi mühüm beynəlxalq sazişlərə qoşulmuşdur. Azərbaycan nüvə təhlükəsizliyini təmin edən norma və standartların formalaşdırılması işində Beynəlxalq Atom Enerjisi Agentliyinin oynadığı rolu vacib hesab edir. Ölkəmiz nüvə təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı Agentliklə uğurlu əməkdaşlıq qurmuşdur. ...Nüvə silahının yayılma təhlükəsini və coğrafi mövqeyimizi nəzərə alaraq Azərbaycan, ərazisindən nüvə qaçaqmalçılığı üçün tranzit marşrutu kimi istifadə edilməsi hallarının qarşısının alınmasına xüsusi əhəmiyyət verir. Azərbaycan beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək yüksək standartlara əsaslanan möhkəm qanunverici baza vasitəsilə ixraca nəzarət üçün güclü sistem yaratmışdır. Bu sistem nüvə qaçaqmalçılığının qarşısının alınmasında özünü etibarlı mexanizm kimi doğruldur”.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il martın 24-də Niderland Krallığının Haaqa şəhərində III Nüvə Təhlükəsizliyi Sammitində iştirakı və burada dünya birliyini sülhə, təhlükəsizliyə çağıran geniş məzmunlu çıxışı bir daha göstərmişdir ki, rəsmi Bakı qlobal təhlükəsizliyin qorunmasında maraqlıdır və bu istiqamətdə göstərilən təşəbbüslərə həmişə dəstək verəcəkdir. Əvvəlcə qeyd edək ki, dünya siyasətçiləri planetin gələcəyini qorumaq, Yer kürəsinin təhlükəsizliyinə müəyyən töhfələr vermək üçün dövri olaraq toplaşır, real təhlükə mənbəyinə çevrilmiş məsələlərin birgə müzakirəsinə çalışırlar. Sözsüz ki, dünyanın ən ağrılı problemlərindən biri də dünyanın nüvə təhlükəsizliyi məsələsidir. Bu faktdır ki, planetdə baş vermiş ən dəhşətli təbii kataklizmlərin bəlalarının müəyyən müddətdən sonra aradan qaldırılması mümkündür. Sammit Niderland Krallığının Haaqa şəhərində 58 dünya liderləri, 5 beynəlxalq təşkilatların iştirakı ilə keçirilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada nüvə təhlükəsizliyinə dəstək verməsi beynəlxalq birlik tərəfindən daim təqdir olunur. Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammiti də bu mənada yaddaqalan olmuşdur. Sammitin ikinci iş günü məhz nüvə təhlükəsizliyi sahəsində milli və beynəlxalq tədbirlərin əhəmiyyətinə həsr olunmuşdu. Onu da qeyd edək ki, bu sahədə dünya ölkələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi həmişə vurğulanıb. Məhz buna görə dünya liderləri bu zirvə görüşündə də nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsini gündəmdə saxlayıblar. Onlar nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu bildirərək, bu təhlükənin qarşısının alınması üçün tədbirlərin davam etdirilməsinin vacibliyini önə çəkmişlər. Sammitin plenar iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev nüvə təhlükəsizliyi tədbirlərinin gücləndirilməsində Beynəlxalq Atom Enerjisi Agentliyinin mühüm rolunu qeyd etmişdir.

Azərbaycan dövlətinin başçısı bu tədbirdə ölkəmizin nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə bu agentliklə fəal əməkdaşlıq etdiyini və iştirakçı dövlət olduğu Nüvə Terrorçuluğuna Qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının göstərdiyi səyləri dəstəklədiyini, respublikamızın nüvə, kimyəvi və bioloji silahların yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesabatını BMT-yə təqdim etdiyini diqqətə çatdırmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən, nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil etmişdir.

“2016-cı ilin aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli növbəti zirvə görüşü idi. Dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunmuşdur.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət dünyanın ən güclü dövlətləri tərəfındən qəbul edilir. Azərbaycan isə öz növbəsində əməkdaşlıq və təhlükəsizliyin təmini məsələlərində əhəmiyyətli rol oynamaqda davam edir. Ölkəmiz bütün mənalarda Cənubi Qafqazın lider dövləti olduğunu bir daha sübuta yetirir.

Müşfiq MİRZƏ,

“Respublika”.