“Qobu Park-1” nümunəvi yaşayış kompleksidir
Sosial həyat

“Qobu Park-1” nümunəvi yaşayış kompleksidir

Erməni qəsbkarları tərəfindən yurd-yuvaları işğal olunduqdan sonra Cəbrayıl rayonunun sakinləri ölkənin 57 bölgəsində məskunlaşmalı oldular. Onların bir qismi hazırda bir neçə il bundan əvvəl istifadəyə verilmiş və sakinlərin dediyi kimi, nümunəvi yaşayış kompleksi olan “Qobu-Park-1” şəhərciyində yaşayırlar. Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə keçirildi. Qəbulda icra hakimiyyətinin məsul əməkdaşları və rayon sakinləri iştirak etdilər.

Görüşdə rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi tarixi qələbədən sonra işğaldan azad olunmuş rayonun ərazisində aparılan quruculuq və bərpa işləri barədə ətraflı məlumat verdi. Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızda qazanılan uğurlardan,  əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən danışdı.

Daha sonra vətəndaşların müraciətləri dinlənildi,  qaldırılan məsələlərin   həlli üçün aidiyyəti üzrə tapşırıqlar verildi. Tədbirdə rayon sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya,”Qobu-Park-1” də yaradılan nümunəvi yaşayış kompleksinə görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

                                      Tofiq HÜSEYN,

                                     “Respublika”.