Qobustan: Sündü kəndində Şəhidlər Xiyabanını fermer abadlaşdırıb
Region

Qobustan: Sündü kəndində Şəhidlər Xiyabanını fermer abadlaşdırıb

Ölkəmizdə imtiyazlı şəxslərə, o cümlədən şəhid ailələrinə və qazilərə göstərilən məqsədyönlü dövlət siyasəti prioritet məsələ olaraq bütün məmurlar və imkanlı şəxslər tərəfindən vətəndaşlıq borcu kimi dəyərləndirilir və yüksək səviyyədə icra olunur. Respublikamızın hər bir ərazisində olduğu kimi, Qobustan rayonunda da bunun əyani mənzərəsini görmək mümkündü. Belə ki, şəhid ailələrinə və müharibə qazilərinə dövlət qayğısı rayon rəhbərliyi tərəfindən həlli vacib məsələ kimi daim ön sıradadır. Onlar günün istənilən vaxtı rəhbərlik tərəfindən qəbul olunur, evlərində görüşlər keçirilir, qayğı və problemləri öyrənilərək həll edilir. 8 nəfər şəhid ailəsi və 12 nəfər müharibə əlili mənzil növbəsinə götürülüb. Bütün şəhid ailələri özünüməşğulluq proqramına  cəlb edilib. Şəhid ailələri vaxtaşırı ziyarət olunur.

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Qobustan şəhərində  “Zəfər” parkı salınıb, kəndlərdə isə abidə və bulaqlar inşa edilib. Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhərdə onun adına verilən küçədə və  təhsil aldığı  Sədəf kənd məktəbinin həyətində bulaq kompleksi inşa edilib, evlərinin önündə xatirə barelyefi qoyulub. Həmçinin adı  Qobustan  şəhər  2 saylı tam orta məktəbinə verilib. Şəhid  Hacıyev Sərxan Eldar oğlunun adına park-bulaq kompleksi tikilib. 

Qobustan rayonunun böyük bir tarixə malik Sündü kəndinin sakinlərinin təşəbbüsü və dəstəyi ilə Böyük Vətən Müharibəsində (1941-1945) şəhid olan 140-a yaxın kənd sakininin xatirəsi əbədiləşdirilən parkda Şəhidlər Xiyabanı salınıb. Kənd sakini olan fermer Qoşqar Qarayevin maliyyə köməkliyi sayəsində abadlaşan Şəhidlər Xiyabanında Birinci Qarabağ və Vətən müharibəsində qəhrəmancasına həlak olan kəndin igid oğullarının bir çoxu dəfn edilib və hamısının portretləri ucaldılıb. Xiyabana güllər və ağaclar əkilib, yolları asfaltlanıb. Kənd sakinləri qəhrəman oğulları ilə qürur duymaqla onların əbədi xatirəsini daim əziz tutaraq Şəhidlər Xiyabanını qəhrəmanlıq rəmzi kimi gənc nəslə təbliğ etməklə mütəmadi olaraq ziyarət edirlər.

 M.NƏRİMANOĞLU,
“Respublika”.