Qorxmaz Eyvazov
Sosial həyat

Qorxmaz Eyvazov

...10 fevral 1994-cü il. Cəbrayıl rayonunun hər yanı ağ örpəyə bürünmüşdü. Hava şaxtalı idi. Cəbrayılın Cocuq Mərcanlı kəndi uğrunda qızğın döyüşlər gedir, Azərbaycan əsgərləri erməni quldurlarına sarsıdıcı zərbələr endirirdi. Bu ağır döyüşlərdə Qorxmaz Eyvazov da yaxından iştirak edir, Cocuq Mərcanlının hər qarışını göz bəbəyi kimi qoruyurdu.

Ermənilər Qızartı dağını ələ keçirmək üçün geniş hücum əməliyyatı hazırlamışdılar. Qorxmaz və onun döyüşçü yoldaşları öz mövqelərində ayıq-sayıq dayanmış, mənfur düşməni məhv etmək üçün məqam gözləyirdilər. Ağır döyüşlərdə Qorxmaz qolundan güllə yarası alsa da silahını yerə qoymadı. Bu döyüşdə ermənilər ağır itki verərək geri çəkildi.

Çox keçmədən Qorxmaz yenidən ağır döyüşlərə atıldı. Füzuli rayonu ərazisində gedən döyüşlərdə böyük şücaət göstərdi. Horadiz əməliyyatı zamanı göstərdiyi şəxsi igidliyə görə o, rota komandiri təyin olundu.

Bir müddətdən sonra Cocuq Mərcanlıda döyüşlər yenidən qızışdı. Qorxmaz düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Özü isə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi. Son mənzili Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı oldu. 2 övladı yadigar qaldı.

Qorxmaz Abış oğlu Eyvazov 1 apel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində dünyaya göz açmışdı. O, 1984-cü ildə orta məktəbi bitirərək Laçın rayonundakı 127 saylı texniki peşə məktəbinə daxil oldu. 1985-ci ildə hərbi xidmətə yola düşdü və əsgəri borcunu qeyrətlə yerinə yetirərək, hərbi texnikanın sirlərini mükəmməl öyrəndi. Qorxmaz Ukraynada hərbi xidmətdə olarkən 6 aylıq serjantlıq kursunu bitirdi. Xidməti zamanı fəxri fərmanlarla yanaşı, birinci dərəcəli idmançı vəsiqəsi almış və döş nişanı ilə təltif edilmişdi.

Qorxmaz Eyvazov hərbi xidmətdən tərxis olunduqdan sonra ata-baba yurdu Laçına qayıtdı. O, 1988-ci ildə Laçın Rayon Polis şöbəsinə işə qəbul edildi.

Sıravi polis işçisi Qorxmaz Eyvazovun döyüş yolu öz doğma yurdu olan Laçının Qazdərəsi, Suarası, Mazutlu kəndlərinə qədər uzanır. Qızartı dağı uğrunda gedən döyüşlər zamanı onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilir.

1994-cü il fevral ayının 10-da isə rota komandiri Qorxmaz Eyvazov son döyüşə gedir.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Laçın rayonunun Güləbird kənd xəstəxanası qəhrəman döyüşçünün adını daşıyır.

Qədir ASLAN,

"Respublika".