QOŞA MƏZAR
Region

QOŞA MƏZAR

Cəbrayıl sonuncu dəfə döyüşə yola düşəndə övladları Teymurun iki, Seymurunsa bir yaşı vardı. Sonbeşikləri Səidə hələ doğulmamışdı. Övladlarını bağrına basdı. Həyat yoldaşı Səbzə xanımla son dəfə vidalaşdı.

-Uşaqlar sənə əmanətdi. Özünə də, uşaqlara da yaxşı bax, dünyanın işini bilmək olmaz, -dedi.

-Elə demə, -deyib, Səbzə göz yaşlarını saxlaya bilmədi.

Cəbrayılın içində bir hüzn yarandı, lakin büruzə vermədi. İstəmədi ki, Səbzə darıxsın. Onun göz yaşlarını sildi, sinəsinə sıxaraq ayrıldı...

Cəbrayıl Ağayev 1964-cü il iyun ayının 20-də Lerik rayonunun Şivlə kəndində dünyaya göz açıb. 1981-ci ildə Biləvər kənd tam orta məktəbini bitirib həqiqi hərbi xidmətə yola düşüb. Keçmiş sovet ordusunun Əfqanıstandakı məhdud qoşun kontingentinin tərkibində dörd il xidmət edib. Hərbi xidmətləri “Döyüşdə fərqlənməyə görə”, “Bəyənilən döyüşçü”, “Mərdliyə görə” və digər medallara layiq görülüb. Xidmətini başa vurub Vətənə qayıdıb. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində təhsil alıb.

Cəbrayıl Ağayev Əfqanıstanda xidmət edərkən döyüş taktikasına mükəmməl yiyələnmiş, hərb sənətinin sirlərini öyrənmişdi. Xeyli götür-qoydan sonra hərbidə işləməyi qərara aldı. Göytəpə batalyonunda işə düzəldi. Əsgərlərə təlim keçir, hər birinə doğma qardaş münasibətilə yanaşırdı.  

Laçın və Kəlbəcər dağlarında döyüşlər başlamışdı. Cəbhədən ağır xəbərlər gəlirdi. Sərhəd bölgələrində olan kəndlər yuxusuz gecələr keçirirdi. Torpaqlarımıza göz dikən hiyləgər düşmən kəndləri, dinc əhalini müntəzəm atəşə tuturdu.

1992-ci ilin qışı çox sərt gəlmişdi. Şaxtalı-küləkli hava irəliləmək üçün əlverişsiz idi. Ön mövqelərdə olan döyüşçülər isə kömək gözləyirdi. Azuqələri də tükənmişdi. 

Dekabrın son günləri idi. Göytəpə batalyonunun əsgərləri Laçının sərt qayalarında düşmənə qarşı ağır döyüşlər aparırdı. Gizir Cəbrayıl Ağayev təchizat tağımının komandiri vəzifəsini icra edirdi.

... Ömür-gün yoldaşı Səbzə xanım o günlər çox narahat idi. Gözünə yuxu getmir, hər səsə qapıya çıxır, yol gözləyirdi. Atası Surət, qayınatası Atamalı kişi Cəlilabadın Privolni kəndindəki evlərinə gəlib Səbzəni uşaqlarıyla Lerikə aparmaq istədilər, lakin razı olmadı.

1992-ci il dekabr ayının 31-i. İlin son gecəsi. O gecə qorxulu yuxu gördü. Yollar əjdaha kimi üstünə gəlirdi. Birdən Cəbrayılın yola çıxdığını gördü. Əjdaha ağzını açıb Cəbrayıla doğru gəlirdi. Səbzə Cəbrayıla tərəf qaçdı. Lakin kimsə onu arxaya çəkdi. Qışqırdı. Səsinə oyandı.

Yanvarın 1-i. Yeni ilin ilk günü. Özünü çox pis, narahat hiss edirdi Səbzə xanım. Darıxırdı. Göz yaşlarıyla özünü ovundururdu. Gözlərini qapıya dikmişdi. Ürəyinə nəsə dammışdı. Həyəcandan əsirdi. Balalarının körpə sifətlərinə nəzər yetirdi. Sanki bu iki uşağın üzünə yetimlik qonmuşdu.

Cəbrayıl Ağayevin Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olması xəbəri Səbzə xanımın dünyasını viran qoydu. Arzularını alt-üst etdi. Ancaq bilmirdi ki, öz ömrü də zaman-zaman qısalır, son saatları addım-addım yaxınlaşır.

Lerik rayonunun Şivlə kənd qəbiristanlığında qoşa məzar var. Başdaşılarından boylanan şəkillər yarımçıq bir sevginin yadigarıdır. Bura yolu düşənlər onları hörmət və ehtiramla anırlar.

                                                                                        Qədiməli ƏHMƏD,

şair-publisist, Lerik rayonu.