Qoşulmama Hərəkatı Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir
Siyasət

Qoşulmama Hərəkatı Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir

“Azərbaycan müstəqil xarici siyasət yeridir. Bu siyasət milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dostlar qazandırmışdır. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi buna bariz nümunədir. Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir”.

Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 25-də Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə bu fikri səsləndirərkən ölkəmizin beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfələrdən də danışıb: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi  olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Dünyada 200-ə qədər ölkə vardır. Bu ölkələr arasında qeyd etdiyim görüşlər üçün Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan hörmətin göstəricisidir”.

Qoşulmama Hərəkatı 1961-ci ildə, soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərb İttifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Azərbaycan bu  hərəkata 2011-ci ildə qoşulub və 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək. Hərəkatın növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığını təsdiqləyir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qoşulmama Hərəkatına  sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”.

Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Nəticə etibarilə, dünyanın 120 dövləti, yəni, planetin təqribən üçdə iki hissəsi Azərbaycanın ədalətli mövqeyinə öz dəstəyini ifadə edib.

Sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında həm də Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir. Üzvlərinin sayına görə Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur.

Hazırda Qoşulmama Hərəkatına üzv ölkələrin ərazisində dünya əhalisinin 55 faizi yaşayır. Dünyanın neft ehtiyatlarının 75, təbii qaz ehtiyatlarının isə 50 faizindən çoxu həmin ölkələrin payına düşür. Bu isə onun həm də iqtisadi əməkdaşlıq üçün  ciddi perspektiv vəd edən beynəlxalq təsisat olduğunu göstərir.

Azərbaycanın 2019-2022-ci illərdə hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirəcək, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açacaq. Şübhəsiz, əldə olunan bütün müsbət nəticələrin əsasında Azərbaycan Prezidentinin hələ 2011-ci ildə ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyü ilə bağlı qəbul etdiyi strateji qərar dayanır. Hansı ki, bu qərar BMT Baş Assambleyasında və digər beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrin sırasını xeyli genişləndirdi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakıda keçirilən Zirvə görüşündə yekdilliklə Azərbaycanın quruma üç il  müddətinə sədr seçilməsini dəstəkləməsi də, şübhəsiz ki,  Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğuru və dünyada ona bəslənən etimadın göstəricisidir.

Bakı Zirvə görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi. Yekun sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir. Çünki iştirak etdiyi bütün mötəbər tədbirlərdə olduğu kimi, Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bir daha nümayiş etdirdi və işğalçı ölkənin iç üzünü üzv dövlətlərin hökumət başçılarına çatdırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ildə Bakıda Keçirilmiş Qoşulmama Hərəkatının konfransında söylədiyi nitqində hərəkatın beynəlxalq hüququn prinsiplərinə sadiqliyinə toxunaraq demişdir: “Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir”.

Regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Bu uğurlar isə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və praqmatik xarici siyasət strategiyası sayəsində qazanılıb.

Hərəkata sədrliyin dünyada mürəkkəb geopolitik proseslərin cərəyan etdiyi ən həssas bir dönəmdə Azərbaycana keçməsi həm böyük məsuliyyətdir, həm də Qarabağ məsələsinin həlli baxımından əlavə imkanlar deməkdir. Hazırki dünya gerçəkliklərində çoxtərəfliliyin, çoxqütblülüyün vacibliyi bütün açıqlığı ilə dərk edilir. Hazırda bu beynəlxalq platformanın dünya proseslərindəki önəmli rolunu, nüfuzunu qoruyub saxlamaq Azərbaycanın üzərinə düşür. Bu mənada Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi qürurdoğurucudur.

Zümrüd QURBANQIZI,

“Respublika”.