Qoşulmama Hərəkatının ev sahibi - BAKI
Siyasət

Qoşulmama Hərəkatının ev sahibi - BAKI

Qoşulmama Hərəkatı 1961-ci ildə "Soyuq müharibə" zamanı siyasi-hərbi qarşıdurmaları aradan qaldırmaq məqsədilə yaradılmışdır. Hərəkat beynəlxalq münasibətlərin tənzimlənməsi prosesində mühüm əhəmiyyət kəsb edir.  Beynəlxalq hüquqa, sülhə, təhlükəsizliyə və inkişafa əsaslanan hərəkatın əsas prinsiplərindən biri üzv dövlətlər arasında əməkdaşlıq üçün forum rolunu oynamasıdır.

Hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı hərəkatın yaradılması istiqamətində ilk addımlardan olmuşdur. Konfransdan 6 il sonra Yuqoslaviyanın Belqrad şəhərində baş tutan Zirvə görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulmuşdur. Həmin görüşə Asiya və Afrikanın 25 dövlət və hökumət başçısı qatılmışdır. Hərəkata üzv ölkələr  fəaliyyətlərində müəyyən olunmuş prinsiplərə əməl etməlidir. Bu prinsiplərdə insan hüquq və azadlıqlarına, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, ölkələrin daxili işlərinə, ədalətə, beynəlxalq öhdəliklərə hörmət və s. nəzərdə tutulmuşdur. Qoşulmama Hərəkatının daimi mənzil-qərargahı yoxdur. Hərəkatın əsas orqanı hesab olunan büro qurumdaxili əlaqələndirmə işlərinin tənzimlənməsinə xidmət göstərir. Bundan başqa, büro QH üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini təmin edir. Dövlətlər Hərəkata üzv olmaq istədikləri təqdirdə prinsiplərə sadiq olduqlarını təsdiqləməklə yanaşı, QH sədrinə yazılı müraciət də ünvanlamalıdırlar. Yekun qərar konsensus (ictimai rəy) yolu ilə qəbul olunur.

 Ölkəmiz Hərəkata 2011-ci ildə qoşulmuş, 2019-cu ildən isə sədrlik etməyə başlamışdır. Bu gün Azərbaycanın sədrliyi ilə QH özünün ən uğurlu dövrünü yaşayır. Belə ki, ölkəmizin  sədrliyi dövründə QH-nin Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradılmışdır. Hərəkat dövlətimizin Ermənistanın təcavüzünə qarşı mübarizəsində və bir sıra digər məsələlərdə dəstək olmuşdur. Bunun nəticəsidir ki,  2020-2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycanın əleyhinə irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı alınmışdır. Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün 2023-cü ilə qədər uzadılması bir daha digər dövlətlərin ölkəmizə olan etimadını təsdiq etmişdir.

Bakının bu il Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə evsahibliyi etməsi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq. Belə ki, martın 2-də keçirilən Zirvə görüşündə 70-ə yaxın ölkənin nümayəndələri, o cümlədən  5 ölkənin - Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviya prezidentləri, üç ölkənin - Kuba, Qabon və Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın baş nazirləri, həmçinin Dünya Turizm Təşkilatının baş katibi, Beynəlxalq Miqrasiya Təşkilatının, BMT-nin Cenevrədəki Bölməsinin baş direktorları, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi, nazirlər, nazir müavinləri, səfirlər iştirak etmişlər. Görüş çərçivəsində qlobal qarşıdurmalar, Fransanın müstəmləkəçilik siyasəti, BMT qətnamələri, Ermənistanın təcavüzkarlığı və s. kimi mühüm məsələlər müzakirə olunmuşdur.

Ölkə başçımız çıxışı zamanı xain düşmənin 30 il işğal altında saxladığı torpaqlarımızdakı mədəni və dini abidələrimizi dağıtmasını bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırmışdır. Müzakirələrə başlamazdan əvvəl isə Prezident İlham Əliyevin təklifi ilə iştirakçıların fevral ayının 6-da Türkiyədə və Suriyada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla anması onun humanistliyinin göstəricisidir. Görüş çərçivəsində Fransanın neokolonist siyasətini ifşa edən ölkə başçımız  Fransanın bu günədək törətdiyi soyqırımlarını, eləcə də yürütdüyü müstəmləkəçilik siyasətini kəskin şəkildə tənqid etmiş, onu üzr istəməyə çağırmışdır. Prezident İlham Əliyev həmçinin mövcud beynəlxalq təhlükəsizlik arxitekturasının hazırda köklü dəyişikliklərlə üzləşməsi səbəbindən multiliateralizmin təhlükə altında qaldığını və beynəlxalq hüququn norma və prinsiplərinin aşınması, beynəlxalq düzənin təhdid olunması ilə nəticələndiyini qeyd etmişdir. 

Bu il baş tutan görüş, həmçinin Azərbaycanın COVID-19-a qarşı mübarizədə çox mühüm təşəbbüslər irəli sürdüyünü bir daha göstərmişdir. Qoşulmama Hərəkatının prinsiplərinin ölkəmizin xarici siyasətindəki prioritetlərlə də üst-üstə düşməsi dövlətimizi öz strateji hədəflərinə daha da yaxınlaşdırır.

Nəzrin ELDARQIZI,

"Respublika".