Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransı öz işini başa çatdırıb
Siyasət

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransı öz işini başa çatdırıb

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransı iyulun 1-də öz işini başa çatdırıb. Konfransın ikinci günü parlament rəhbərlərinin və nümayəndə heyətinin üzvlərinin çıxışları dinlənilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova gündəlik barədə məlumat verdikdən sonra sözü nümayəndə heyətlərinin rəhbərlərinə verib.

Malayziya Nümayəndələr Palatasının sədr müavini Mohd Raşid Hasnon dünyada qlobal çağırışların olduğu vaxtda Bakı konfransının əhəmiyyətini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti İlham Əliyevə bu təşəbbüsünə görə minnətdarlığını ifadə edən malayziyalı parlamentari beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. "Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bu kontekstdə üzərimizə məsuliyyət qoyur. BMT-nin davamlı inkişaf hədəflərinə çatmaq üçün Qoşulmama Hərəkatına üzv ölkələrin prinsiplərini əsas tutmalı və sadiqlik nümayiş etdirməliyik. Qarşılıqlı əlaqələr və əməkdaşlıq baxımından Parlament Şəbəkəsinin rolu çox mühümdür. İnsan hüquqlarının müdafiəsinin daha yaxşı təmin olunması üçün Parlament Şəbəkəsinin fəaliyyətini dəstəkləyirik", - deyə Mohd Raşid Hasnon qeyd edib.

Azərbaycan hökumətinə və parlamentinə bu tədbiri təşkil etdiyinə görə öz təşəkkürünü bildirən İran parlamenti sədrinin müavini Abdolreza Mesri parlament şəbəkəsini gücləndirmək üçün yaxşı imkanlar olduğunu diqqətə çatdırıb. Parlamentlər arasında inklüziv qərarvermə üzrə əməkdaşlığın vacibliyini qeyd edən iranlı parlamentari vurğulayıb ki, dünyanın diqqətini müstəqil dövlətlərin güclü səsinə cəlb etmək lazımdır. O, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin çoxtərəflilik və mövcud problemlərlə birgə mübarizə aparmaq üçün imkanlar yaratdığını bildirib.

Qoşulmama Hərəkatının yarandığı gündən etibarən beynəlxalq arenada sülhün və təhlükəsizliyin qorunmasında mühüm rol oynadığını qeyd edən Liviya parlament sədrinin birinci müavini Fouzi Salim bildirib ki, mübarizə üçün birgə strategiya və dövlətlər arasında bərabərlik prinsipini əsas tutan Qoşulmama Hərəkatı insan hüquqlarının pozulmasının qarşısını ala biləcək və dövlətlərin daxili işlərinə müdaxilə etməmək prinsipinə əsaslanan bir təsisatdır. "Vahid parlament birliyinin yaradılması zamanın tələbidir. Üzv ölkələrin parlamentariləri kimi səylərimizi gücləndirməliyik ki, bu şəbəkənin rolu artsın", - deyə Liviya parlament sədrinin birinci müavini vurğulayıb.

Bəhreyn parlamentinin üzvü Camal Faxro qlobal çağırışlara cavab vermək üçün parlament həmrəyliyinin mühüm şərt olduğunu vurğulayıb. O deyib: "Beynəlxalq sistemdə sülh və təhlükəsizliyin təmin edilməsi dövrün, zamanın ən vacib məsələsidir. Bakı konfransından müsbət nəticələr gözləyirik. Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına və Milli Məclisə bu tədbiri təşkil etdiyinə görə təşəkkür edirik. Bakı konfransının qarşıya qoyduğu hədəflərə çatacağına inanırıq".

Hazırda dünyada vəziyyətin çox gərgin olduğunu bildirən IPC-in Baş katibi Sitarə Ayaz bu məsələdə hamının üzərinə məsuliyyət düşdüyünü qeyd edib. "Belə çətin və gərgin dövrdə Bakı konfransının təşkili üçün Azərbaycanın səylərini dəstəkləyirəm. İnanırıq ki, Parlament Şəbəkəsi müxtəlif parlamentlər arasında sıx əlaqələrin yaradılmasını təmin edəcək. İqlim dəyişkənliyi və təhlükəsizliklə bağlı problemləri ancaq ədalətli yanaşma və demokratiya yolu ilə həll etmək mümkündür", - deyə Sitarə Ayaz vurğulayıb.

TÜRKPA-nın Baş katibi Süreyya Er vurğulayıb ki, Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik müddətinin uzadılması Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana inamın növbəti təzahürüdür. Bildirilib ki, dünyada sülhə və əməkdaşlığa nail olunmasında parlamentlərarası əlaqələr və parlament təşkilatları mühüm rol oynayırlar. TÜRKPA digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır.

 Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Baş katibi Orduxan Qəhrəmanzadə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılmasının təsisatın fəaliyyətində yeni bir səhifə açacağına əminliyini ifadə edib, birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Malavi parlamentinin sədrinin birinci müavini Madalitso Kazombo, Kuba Senatının baş vitse-prezidenti Ana Maria Mari Machado, İraq İslam Şurası Məclisinin sədr müavini Şahhavan Abdullah Əhməd Talabani, Venesuela parlamentinin sədr müavini Vanesa Yuneth Montero Lopez, Yəmən Nümayəndələr Palatasının sədr müavini Möhsün Əli Bəsora, Belarus parlamentinin üzvü Andrey Savinyx, Qətər Şura Məclisinin sədr müavini Hamda Alsulaiti, Banqladeş parlamentinin üzvü Əbdül Məcid Xan və digəriləri dünyada mövcud problemlərdən bəhs edərək, sülh, təhlükəsizlik, iqlim dəyişkənliyi, ərzaq qıtlığı və digər problemlərin həlli üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Çıxışlar başa çatdıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova bağlanış nitqi ilə çıxış edib.

Milli Məclisin sədri sona çatan Bakı konfransının çox əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, konfrans çərçivəsində vacib məsələlər müzakirə olunub, qərarlar qəbul edilib.

"Parlament Şəbəkəsinin sədrini və sədr müavinlərini seçdik, loqosunu, bayrağını təsdiqlədik. Məni Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri seçdiyiniz üçün təşəkkür edirəm. Əminəm ki, Bakı Bəyannaməsində əksini tapmış məsələlər uğurla icra olunacaq. Parlament Şəbəkəsinin gələcək inkişafı bizim yeni bir mərhələyə keçməyimizə kömək edəcək, əməkdaşlığımız daha da genişləndiriləcək", - deyə Sahibə Qafarova vurğulayıb.

Qeyd edək ki, iki gün davam edən konfrans çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri məruzə ilə çıxış edərək dünyada mövcud problemlərə öz münasibətlərini bildiriblər və bu problemlərə qarşı birgə mübarizə aparmaq üçün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin rolunu qeyd ediblər.

Həmçinin konfrans çərçivəsində ikitərəfli görüşlər keçirilib.

Tədbir iştirakçıları konfransdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, Bakı konfransında dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatlarının təmsilçiləri iştirak ediblər. Nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədri yer alıb.

AZƏRTAC