Quba bağlarında məhsul boldur
Region

Quba bağlarında məhsul boldur

Barın ağırlığından başı az qala yerə dəyən, meyvə dolu ağacları bizə  göstərərək maşallah olsun, bu il məhsulumuz boldur – deyə Zərdabi kəndinin fermeri Mübariz Bəndi bağların barından məmnunluq hissi ilə danışır. Cərgə aralarını irəlilədikcə həm bağbanın söhbətini dinləyir, həm də bu bolluğu seyr edirik. Bu təsərrüfat ili olduqca əlverişli keçdi – deyə bağban söhbətinə davam edir. Mövsümün əvvəlindən yağışlar düşdü. Kanallarda su çoxaldı. Bağları kifayət qədər suvara bildik. Təbiət digər aqrotexniki tədbirlərin də vaxtında həyata keçirilməsinə imkan verdi. Biz də işimizi vaxtında gördük. Odur ki, bağlardan kifayət qədər məhsul götürə biləcəyik. Mülkiyyətimizdə olan 9 hektar alma bağının hər hektarından azı 40-50 ton məhsul gözləyirik. Bağların çox hissəsi ənənəvi alma sortlarından ibarətdir. İki-üç il bundan əvvəl saldığımız intensiv bağ da bu il bara düşüb. Türkiyədən gətirilən bu alma sortu xəstəliyə davamlılığı və yüksək  keyfiyyəti ilə seçilir. Gələn il daha bir hektar belə bağ salmağı planlaşdırırıq. Məhsulun tədarükü və satışından danışan bağban bildirdi ki, almanı  satışa çıxarana qədər soyuducu anbarlarda saxlayırıq. Bu meyvənin bir hissəsini xaricə - Rusiyaya, bir hissəsini isə daxili bazarlara göndəririk. 

Bu payız təkcə Zərdabi kəndində deyil, rayonun meyvəçiliklə məşğul olan bütün təsərrüfatlarında bol meyvə yetişib. İndi bağlarda zəhmət qaynar bulaq kimi çağlayır. Bağban ailələri ilboyu minbir zəhmətlə hasilə gətirdikləri məhsulu vaxtında və itkisiz yığmağa tələsirlər. Bağlarda səhərdən axşama qədər gərgin işləyirlər. Rayonun bağlarında 20 gündən çoxdur ki, kütləvi alma yığımına başlanılmışdır. Bu barədə Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov bildirir ki, rayonumuzda 15 min 65 hektar meyvə bağı mövcuddur. Mövcud sahələrin çox hissəsini alma bağları təşkil edir. İndiyədək 4 min hektardan çox bağ sahəsinin məhsulu yığılıb. 35 min tona yaxın alma tədarük olunub.  Zərdabi, Alekseyevka, Vladimirovka, Hacıhüseynli, Aşağı Atuc, Birinci Nügədi, İkinci Nügədi kəndlərinin bağlarında məhsul daha çoxdur.

Rayonda tutumu 34 min 710 ton olan 18 soyuducu anbar kompleksi fəaliyyət göstərir. Bundan əlavə, ağacdibi, yəni üçüncü növ almanın tədarükü ilə Quba konserv zavodu məşğul olur. Bu emal müəssisəsinin istehsal gücü ildə 2 min ton qatılaşdırılmış alma şirəsidir.  Havaların əlverişli keçməsindən səmərəli istifadə edən bağbanlar  oktyabr ayının sonuna kimi məhsul yığımını başa çatdıracaqlar. Bu il rayonumuzda 130 min tona yaxın meyvə istehsalı gözlənilir.

 Emal müəssisələrinin işi ilə də maraqlandıq. Quba konserv zavoduna baş çəkdik. Öyrəndik ki, emal müəssisəsi məhsul qəbuluna vaxtında hazırlaşıb. Almanın qəbulunda və emalında heç bir çətinlik yoxdur. Zavodun qapıları istehsalçıları üzünə taybatay açıqdır. Zavodun direktoru Tərlan Bayramov bildirir ki, müəssisəmiz gündəlik olaraq 200-250 ton emallıq alma qəbul edə bilir. Bu proses dekabrın 15-nə qədər davam edəcəkdir. Mövsüm ərzində 15 min tona qədər meyvə qəbul etmək imkanımız var. Onu da qeyd edim ki, bu il 1500 ton qatılaşdırılmış alma şirəsi istehsal etməyi nəzərdə tutmuşuq.

Alma bu yerlərin şöhrəti, iqtisadiyyatı, inkişafı deməkdir. Yüzlərlə ailənin iş yeri, dolanacaq, gəlir mənbəyidir. Odur ki, bağbanlar bu gözəl nemətin istehsalını və emalını ildən-ilə artırmağa çalışırlar.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.