Qubada “Zəfər” düşərgəsi açılıb
Elm və təhsil

Qubada “Zəfər” düşərgəsi açılıb

İyulun 26-da Qubada Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Zəfər” düşərgəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki,  74 şəhid övladının iştirak etdiyi düşərgə Quba STEAM Mərkəzində (Fizika, Riyaziyyat və İnformatika təmayüllü lisey) təşkil olunub.

Düşərgənin açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Vətən müharibəsi iştirakçıları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təhsil naziri Emin Əmrullayev əvvəlcə Quba STEAM Mərkəzində düşərgə iştirakçılarının cəlb olunduğu təlimlərlə tanış olub. Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-2020-ci tədris ilinin əvvəlindən STEAM layihəsinin məktəblərimizdə tətbiqinə başlanılıb. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir. Mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub.

Nazir Emin Əmrullayev çıxışı zamanı Vətən müharibəsində qazanılan Zəfərin hər birimizə qürur hissi yaşatdığını qeyd edib. O vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu altında birləşərək torpaqlarımızı işğaldan azad etdik.

Diqqətə çatdırıb ki, torpaqlarımızı işğaldan azad edən qəhrəmanların igidlikləri tariximizə əbədi daxil oldu. Vətən müharibəsində Azərbaycan müəllimi də torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərə qatıldı. 44 günlük müharibədə  təhsil işçilərindən də döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalanlar var.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və digər çıxış edən natiqlər də Vətən müharibəsində qazanılan şanlı qələbədən söz açıblar. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatıb, əzəli Qarabağ torpaqlarımız erməni faşizmindən azad olunub.

Çıxışlardan sonra düşərgə iştirakçıları üçün təşkil olunan konsert və əyləncə proqramına start verilib.  Xalq artisti Tünzalə Ağayeva vətənpərvər ruhda mahnılar ifa edib, müxtəlif rəqs və musiqi qrupları səhnədə çıxış ediblər.

“Zəfər” düşərgəsi iyulun 31-dək davam edəcək. Düşərgə iştirakçıları bu müddət ərzində birgə öyrənib paylaşaraq maraqlı, intellektual və əyləncə dolu zaman keçirəcəklər. 

AZƏRTAC