Qubadakı “Media şəhidləri
Sosial həyat

Qubadakı “Media şəhidləri" parkında şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsi anılıb

Aprelin 15-də Qubadakı "Media şəhidləri" parkında 2021-ci ildə Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid jurnalistin 40 yaşının tamam olması münasibətilə keçirilən tədbirdə Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Məhərrəm İbrahimovun ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və media təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə parkda şəhid media nümayəndələrinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.

Anım mərasimində Birinci Qarabağ savaşında və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək bildirib ki, Azərbaycanın media əməkdaşları şanlı Qələbəmizlə başa çatan Vətən müharibəsində döyüş bölgəsində şərəflə öz vəzifələrini yerinə yetiriblər. "Media şəhidləri" parkında erməni terrorunun qurbanı olan bütün media nümayəndələrinin, o cümlədən Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun xatirəsi əbədiləşdirilib.

Bildirilib ki, 2021-ci il iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan "KamAZ" markalı avtomobilin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Məhərrəm İbrahimov və Sirac Abışov ölümlərindən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif ediliblər.

Tədbirdə Məhərrəm İbrahimovun şərəfli ömür yolu və jurnalistika fəaliyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistan Sovet Sosialist Respublikasının Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində (indiki AZƏRTAC) müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb. AZƏRTAC-da çalışdığı 20 ilə yaxın ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələr, ən isti, operativ xəbərlər onun təqdimatında işıqlandırılıb və hərbi jurnalist kimi ixtisaslaşıb. AZƏRTAC-da dəfələrlə ilin ən yaxşı əməkdaşı kimi fəxri fərman və diplomlarla təltif olunub.

Uzun müddət cəbhəboyu zonada ezamiyyətlərdə olub, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edib, Aprel döyüşlərində, Tovuz döyüşlərində, Vətən müharibəsində ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayıb.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, RİH yanında ictimai şuranın sədri Laçın Səfərəliyev, şair Ramiz Qusarçaylı, şəhid anası Zümrüd Qayıbova, telejurnalist Aytəkin Alxaslı və başqaları çıxış edərək, Məhərrəm İbrahimovun peşəkar fəaliyyəti ilə cəsarətli jurnalist kimi yaddaşlarda əbədi qalacağını bildiriblər.

Çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərin əziz xatirələrinin heç zaman unudulmayacağını vurğulayıblar.

Şəhid jurnalistin qardaşı Əsgər İbrahimov və bacısı Sevda Əsgərova anım mərasiminin təşkilatçılarına təşəkkür edib, M.İbrahimovun peşəkar jurnalist olmaqla yanaşı, doğma yurdunu, el-obasını canından çox sevən vətənpərvər insan olduğunu qeyd ediblər.

Tədbirdə şəhid jurnalistin oğlu Uğur İbrahimov atasına həsr olunan şeir səsləndirib.

Mərasimin sonunda Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb.

Daha sonra tədbir iştirakçıları "Media şəhidləri" parkı ilə tanış olublar.

AZƏRTAC