Qubadlıdan olan şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət mükafatlarının təqdim olunması mərasimi keçirilib
Sosial həyat

Qubadlıdan olan şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət mükafatlarının təqdim olunması mərasimi keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhərində yerləşən Qubadlı rayon bölməsində şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət mükafatlarının təqdim olunması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun işğal altında olan torpaqlarımızı düşməndən azad etməsindən danışıb, bu Qələbənin hər bir azərbaycanlını, o cümlədən qubadlılıları ürəkdən sevindirdiyini vurğulayıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin “dəmir yumruğu” tarixi ədaləti bərpa etdi. Müzəffər Azərbaycan Ordusunun hər bir uğurlu əməliyyatı tarixin unudulmayacaq səhifələrinə həkk olundu. Məhz Azərbaycan oğullarının igidliyi sayəsində bu gün ərazi bütövlüyümüz bərpa edildi. 44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürurumuzdur.

Sonra Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Qəhrəman Həmidov Şükür Nəriman oğlunun təltif olunduğu (ölümündən sonra) “Cəbrayılın azad olunmasına görə” medalı şəhidin oğlu Nurlan Həmidliyə, Qasımov Faiq Qaçay oğlunun təltif olunduğu (ölümündən sonra) “Xocavəndin azad olunmasına görə” medalı şəhidin oğlu Zamin Qasımova, Məhərrəmov Ülvi Tahir oğlunun təltif olunduğu (ölümündən sonra) “Xocavəndin azad olunmasına görə” medalı şəhidin atası Tahir Məhərrəmova, Həsənzadə Məhəmmədəli Hörmət oğlunun təltif olunduğu (ölümündən sonra) “Xocavəndin azad olunmasına görə” medalı şəhidin qardaşı Sahil Həsənzadəyə təqdim edilib.

Eyni zamanda, “Vətən Müharibəsi Qəhrəmanı” Yaqubov Vüsal Elşən oğluna “Cəbrayılın azad olunmasına görə” medalı təqdim olunub. Həmçinin Vətən müharibəsinin 33 nəfər iştirakçısına Xocavəndin və Füzulinin azad olunmasına görə medalları təqdim edilib.

Şəhidlərin ailə üzvləri və Vətən müharibəsi iştirakçıları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC