Qubadlı yurdumuzun qəhrəmanlıq qalasıdır
Tarix

Qubadlı yurdumuzun qəhrəmanlıq qalasıdır

Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına  müraciət edərək  deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt  indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən  hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və  müharibələrin  nəticələri onu göstərdi ki, mən haqlı idim.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycanın dilbər guşələrindən olan,  atlas geyimli dağların qoynunda  yerləşən Qubadlı bu  günümüzə tarixin keşməkeşli yollarından  keçib gəlmişdir. Qubadlı torpağına səpələnmiş tarixin daş yaddaşları-abidələr uzaq-uzaq keçmişlərdən xəbər verir. Ulu babalar bu abidələri tarix hesab etmişlər.

Qubadlı torpağının  tarixi uludur. Onun adı bir mənbəyə görə  dörd əsr bundan əvvəl  yaranmışdır. Qubadlı XVI əsrin sonunda  Azərbaycana köçmüş səlcuq türklərinə mənsub Qubad nəslinin adını  daşıyır.  Azərbaycanın bir parçası olan Qubadlı Odlar diyarının od ürəkli balası, qəhrəmanlıq qalasıdır.

Tarixin hər bir dövründə olduğu kimi, ötən  yüzillikdə də Azərbaycanın başına  çox müsibətlər gəldi. Elə bil ki,  bu torpağın Babək, Koroğlu yurdu olduğu zalımların yadından çıxmışdı. Zülm ərşə dayandı. Səbri tükənən Vətən oğul istədi. Qubadlı torpağında sanki bir zəlzələ qopdu. Torpaq zalımların ayağının altında  dayanmışdı... Vətən oğul istəyirdi. Yazı düzündə dəliqanlı bir cavanın əlində iki dəyənək azğınlaşmış bir zalımın  kürəyinə çırpıldı. Tilsim qırıldı. Sehrli qapılar açıldı. Bu, cana doymuş, boğaza yığılmış bir xalqın öz igid oğlunu—Nəbinin əlində partlayan qəzəbi idi. Vətən oğul istəyirdi. Nəbi Bozatın belinə şığıdı, aynalını  havada oynadaraq: “Oğul mənəm!”—dedi.

“Aslanın erkəyi-dişisi olmaz” demişlər. Nəbinin vəfalı ömür yoldaşı, sədaqətli silahdaşı Həcər də atlanıb qəhrəmanın səsinə səs verdi: “Oğul mənəm!”

Zaman oğul istəyirdi. Koroğlu ürəkli, Babək qeyrətli, Cavanşir hünərli Azərbaycan oğulları Qırat misallı, Dürat misallı atların belinə qalxdılar. Hər biri Qubadlı ellərində zamanın tələbinə, xalqın çağırışına səs verdi: “Oğul mənəm!” Azərbaycan oğulları hər bir tərəfdən axışıb  Nəbinin dəstəsinə  qoşuldular. 20 ildən çox bir müddətdə  ədalətsiz quruluşa qarşı  vuruşdular,  xalqın qisasını aldılar.

İlləri, əsrləri yaşadan igidlər dahilərdir. Qaçaq Nəbi XIX yüzilliyi şöhrətləndirən, onu tarix boyu yaşadan igidlərdən biri idi.

“İgid ölər, adı qalar” demişlər. Qədirbilən Azərbaycan xalqı  Qubadlının qəhrəmanlarına mahnılar qoşmuş, məşhur “Qaçaq Nəbi” dastanını yaratmışlar. Sovetlər dövründə Qubadlıda Qaçaq Nəbinin və Qaçaq Həcərin abidələri  qoyulmuşdur. S.Rüstəm “Qaçaq Nəbi” pyesi, S.Rəhimov “Qafqaz qartalı”, C.Bərgüşad “Bozatın belində” romanları ilə igidlərin adlarını bir daha  əbədiləşdirmişlər.

Sovetlər dövründə Qubadlı şəhəri Qarabağ yaylağının  cənub-şərqində Bazarçayın sahilində yerləşirdi. Şəhərdə 62 idarə və müəssisə fəaliyyət göstərirdi.  Burada  asfalt zavodu, inkubator-quşçuluq fabriki, daş karxanası,  texniki-təchizat idarəsi,  tikiş fabriki, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun  filialı, mərmər sexi, pendir zavodu, üzümün ilkin emalı zavodu və digər istehsal müəssisələri var idi.

Qubadlı rayonu 94 kəndi özündə birləşdirirdi. İnsanların həyat tərzi  ilbəil yaxşılaşırdı. Təhsilin, səhiyyənin  inkişafına maksimum səy göstərilirdi.

 İnqilabdan əvvəl vur-tut  ikisinifli bir rus-tatar məktəbi olduğu halda, sonralar  Qubadlı rayonunda 21 orta,  26 səkkizillik, 15  ibtidai məktəb fəaliyyət göstərirdi. Bu təhsil ocaqlarında 5852 şagird təhsil alırdı.  Şagirdlərin təlim-tərbiyəsi ilə 1280 nəfər müəllim məşğul olurdu.

Qubadlı rayonunda 11 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 6 avtoklub, 23 kino qurğusu fəaliyyət göstərirdi.125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti müəssisəsində  əhaliyə xidmət göstərilirdi.

Rayonda 21 rabitə müəssisəsi var idi.  Qubadlı qəsəbəsində 1200, Hal, Muradxanlı kəndlərinin hər birində 150,  Teymur Müskanlı, Balasoltanlı, Çardaxlı, Aşağı Mollu kəndlərinin hər birində 100, Qayalı kəndində 50 nömrəli ATS fəaliyyət göstərirdi.

Qubadlı kənd təsərrüfatı rayonu idi. Sovetlər dövründə  Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Qubadlının  sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına həmişə  qayğı və diqqət göstərmiş, suvarılan torpaqlar genişləndirilmiş, məhsuldarlığın artırılması üçün sahələrin münbitliyinin aparılması, meliorasiya  işlərinin genişləndirilməsinə  önəm verilmiş, ehtiyat  mənbələri öyrənilib üzə çıxarılmışdır.

1941-45-ci illərdə, Böyük Vətən müharibəsinin odlu-alovlu günlərində Qubadlının şahin oğulları silaha sarılaraq cəbhəyə yollanmış, ağır döyüşlərdə 3557 nəfərdən 1587-si doğma  yurda qayıtmamışdır.

Birinci Qarabağ savaşında Qubadlının 10 nəfərə yaxın cəsur oğlu rəşadətli döyüş yolu keçmiş və Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşlər. Əslən Qubadlının  Sarıyataq  kəndindən olan  Kazımağa  Kərimov Azərbaycan jurnalistləri arasında ilk Milli Qəhrəmandır.

Qubadlı torpağında görkəmli elm və dövlət xadimləri,  məşhur yazıçı və alimlər, adlı-sanlı əmək  qəhrəmanları yetişmişdir.

Əhalinin hər min nəfəri  hesabı ilə,  alimlərin sayına görə Qubadlı  respublika rayonları arasında ilk  yerlərdən birini tuturdu. Qubadlı rayonunun təbiəti olduqca gözəl və romantikdir. 1969-cu ildə burada 13,2 min hektar meşə sahəsi var idi, ekoloji tarazlıq qorunub saxlanılırdı. Palıd bu meşələrin arxası, alma, armud, fındıq, əzgil, zoğal, yemişan süfrələrin bəzəyi idi.

Dağ çayları, şəlalələr, şərbət bulaqlar, qaragözlü əliklər, xınalı kəkliklər, qırqovullar, turaclar həmişə insanların diqqətini cəlb edərdi.

Qubadlının dağları uca, zirvəsi qarlı, düzləri geniş, zirvələri vüqarlı, yaylaqları axar-baxarlı, meşələri səfalı, bulaqları məlhəm, çiçəkləri şəfalı, havası xoş, bağ-bostanları bəhrəli idi.

Əgər bəxtin səni Qubadlı torpağına gətirsə, onun bircə guşəsindəcə sehirlənəcəksən, gözəllik səni tilsimə salacaq, heyrətindən “heykələ” dönəcəksən. Sehirli qayalarda möcüzələr görəcəksən. Əgər uca dağlardan Xan Araza qədər uzanıb gedən Yazıya, Gəyənə qalxıb bu ucsuz-bucaqsız düzləri günlərlə dolaşıb, seyr etməmisənsə, Hartiz, Səngər dağlarından həsrətlə Arazın o tayına boylanmamısansa, yorulanda suları göz yaşları təki dupduru Ağaçayı, Bazarçayı, Həkəri çaylarının sahillərində dincini almamısansa, deməli heç Qubadlıya getməmisən.

Azərbaycanın Qərhrəmanlıq qalası Qubadlı 30 ilə yaxın idi ki, faşist xislətli, mənfur erməni daşnakları tərəfindən işğal olunmuşdu. Məcburi köçkün həyatını yaşayan qubadlılılar doğma yurd həsrəti ilə yaşayır, hiss edirdilər ki, çox tezliklə haqq-ədalət zəfər çalacaq, erməni tapdağında olan ata-baba yurdları geri qaytarılacaqdır.

25 oktyabr 2020-ci ildə Müzəffər Azərbaycan Ordusu Zəngilan, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. “Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”. Bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi Twitter səhifəsində paylaşım edibdi. Qubadlı rayonunun işğaldan azad edilməsi əməliyyatı bir neçə gün çəkib, şəhərdə ermənilər güclü istehkam qurmuşdular. Ötən ilin dekabr ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş bu rayona səfəri zamanı Qubadlı əməliyyatının təfərrüatlarını açıqlayan dövlətimizin başçısı qeyd edib ki, düşmən şəhərin girəcəyində hərbi baza yaratmışdı. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkamlar qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Ermənistan dövləti bu cinayətə və bütün digər cinayətlərə görə cavab verəcəklər. “Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləyiblər”, --deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycanın Silahlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi Qubadlını da düşmən tapdağından azad etdi. 2020-ci ilin 25 oktyabr tarixində Qubadlı şəhəri işğaldan azad edildi. Şəhərdə Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalandı. Hazırda Qubadlı ərazisində minatəmizləmə əməliyyatları, quruculuq, abadlıq işləri aparılır. İndi qarşıda duran ən şərəfli mühüm vəzifə, Vətən müharibəsində əldə edilmiş qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa etmək, qurub gülüstana çevirmək və insanların tez bir zamanda doğma yurda əbədi qayıdışına zəmin yaratmaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: “Bununla paralel olaraq, insanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz”.

Qədir ASLAN,
“Respublika”.