Qüdrətli Azərbaycan: dayanıqlı inkişaf, yüksələn reytinqlər
Siyasət

Qüdrətli Azərbaycan: dayanıqlı inkişaf, yüksələn reytinqlər

Möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin əksər göstəricilər üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına stimul verir

Azərbaycanın iqtisadi qüdrəti və dünyada geosiyasi əhəmiyyəti artmaqda davam edir. Bu istiqamətdə ölkədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən iqtisadi kurs əsasında məqsədyönlü siyasət aparılır, çoxsaylı Dövlət proqramları həyata keçirilir, strategiyalar, konsepsiyalar reallaşdırılır, inteqrasiya prosesləri genişləndirilir və dərinləşdirilir. Hazırda ölkənin gələcək inkişafının davamlılığının təmin edilməsi üçün təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında çox iddialı, eyni zamanda real hədəflər müəyyənləşdirilmişdir.

Ölkədə iqtisadi inkişaf proseslərinin nəticələrini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin hesabatlarında aydınlığı ilə görmək və təhlil etmək mümkündür. Bununla yanaşı, qloballaşmanın dərinləşdiyi indiki məqamda bir sıra aparıcı ixtisaslaşmış beynəlxalq təşkilatlar da bu inkişaf proseslərini qiymətləndirirlər, hazırladıqları indeksləşmə modelləri əsasında Azərbaycanın da dünya ölkələri sırasındakı reytinqini müəyyənləşdirirlər. Dünya Bankının aparılmış müstəqil araşdırmasının nəticəsində Azərbaycanın “Doing Business 2020” hesabatında 6 pillə irəliləyib, ölkəmiz əvvəlki ildəki hesabatda olduğu kimi, bu dəfə də dünyanın “Ən islahatçı 10 ölkəsi” sırasına daxil olub. Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. Hesabatın məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsi və onun yeni təsərrüfat subyektlərinin yaradılmasına və biznes əməliyyatlarının aparılmasına olan təsirlərinin ölçülməsidir. Hesabat xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda (“Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”, “Qlobal İnnovasiyalar İndeksi”, “İqtisadi Azadlıq İndeksi”, “Qlobal İmkanlar İndeksi” və s.) baza rolunu oynayır. Bu baxımdan hesabat üzrə mövqe digər ölkələr kimi, Azərbaycan üçün də əhəmiyyətlidir. Ölkəmiz Qlobal Rəqabətqabiliyyətlilik İndeksi hesabatında (2019-cu ildə) 141 ölkə arasında 58-ci, İqtisadi Azadlıq İndeksində (2021-ci il) 178 ölkə arasında 38-ci, Qlobal İnnovasiyalar İndeksində (2020-ci il) 131 ölkə arasında 82-ci, Qlobal İmkanlar İndeksində (2021-ci il) 145 ölkə arasında 51-ci yerdədir. Göründüyü kimi, möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha yüksək səviyyəyə qalxmasına imkan verir.

Tanınmış iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir. Dünyanın nüfuzlu beyin mərkəzlərindən olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycanın mövqeyi 6 pillə yaxşılaşaraq 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadi azadlıq üzrə mümkün 100 baldan 70,1 bal toplayıb. Hesabata görə, Azərbaycan Avropa regionunda 45 ölkə arasında 23-cü yerdədir, onun ümumi balı regional orta göstəriciyə bərabər, dünya üzrə orta göstəricidən yüksəkdir. Ölkəmiz Fransa, İspaniya, İtaliya və Polşa kimi inkişaf etmiş ölkələri qabaqlayıb və indeks üzrə ən çox irəliləyən ölkələr sırasında yer alıb. İqtisadiyyatda əsasən bank, əmlak, monetar, vergi, fiskal və digər istiqamətlərdə qeydə alınan inkişaf trendləri dünyada Azərbaycan iqtisadiyyatına inamı gücləndirir. Qeyd edək ki, iqtisadi azadlıq siyasəti yüksək qiymətləndirilən ölkələr ticarət və sahibkarlığın inkişafı üçün əlverişli şəraitin mövcudluğu ilə fərqlənir. Belə əlverişli mühit iqtisadi artım və ictimai rifahın yüksəlməsinə əhəmiyyətli dəstək verən amil kimi çıxış edir. “İqtisadi Azadlıq İndeksi” investorların maraqlarını nəzərə almaqla, onlar üçün ölkənin iqtisadi azadlıq faktoruna təsir edən amillər üzrə baş verən dəyişikliklər baxımından da əhəmiyyətli məlumat mənbəyidir.

2019-cu ildə Ümumdünya İqtisadi Forumu tərəfindən nəşr edilən “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”nə əsasən Azərbaycan 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi” dünya miqyasında mötəbər hesabat olmaqla, beynəlxalq təşkilatlar, investor və sahibkarlar, müstəqil beyin mərkəzləri tərəfindən istinad mənbəyi kimi istifadə olunur. Hesabat 12 istiqaməti əks etdirməklə iqtisadi və sosial sferanın bütün sahələrini əhatə edir.  İnstitutlar, infrastruktur, informasiya texnologiyaları, makroiqtisadi vəziyyət, səhiyyə, təhsil, istehlak məhsulları bazarı, əmək bazarı, maliyyə sistemi, bazar həcminin genişliyi, biznesin dinamikliyi və innovasiya kimi istiqamətləri özündə ehtiva edən son hesabat 141 ölkəni özündə cəmləşdirib. Hesabatın son nəşrinə əsasən, Azərbaycan MDB ölkələri arasında lider mövqelər sırasında yerləşib. Ölkəmiz 12 indikatordan səkkizi - “institutlar”, “infrastruktur”, “makroiqtisadi sabitlik”, “bacarıqlar”, “əmtəə bazarı”, “əmək bazarı”, “biznesin dinamikliyi” və “innovasiya” üzrə irəliləyib. “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi” beynəlxalq təşkilatlar, investor və sahibkarlar, müstəqil beyin mərkəzləri tərəfindən istinad mənbəyi kimi istifadə olunur. Son hesabata əsasən, Azərbaycan 141 ölkə arasında ən böyük yüksəliş balı (11 bal) əldə edib. Ölkəmiz bu nəticə ilə Cənubi Qafqaz dövlətləri arasında lider, MDB ölkələri arasında isə ilk üçlükdədir. Tamamilə, yeni metodologiya əsasında hazırlanan hesabatda ölkəmiz dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu dövlət kimi göstərilmişdi. Həmçinin, Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlmişdi. Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 70 faizdən çoxu məhz Azərbaycanın payına düşür. Ölkəmiz iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında qabaqcıl yerlərdən birini tutur. Təqdirəlayiq haldır ki, bu reallıqlar yalnız yerli mütəxəssislər tərəfindən deyil, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunur. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın potensial maliyyə və iqtisadi imkanlarını yüksək qiymətləndirirlər.

Ümumiyyətlə, 2016-cı ildən başlayaraq milli iqtisadiyyatın postneft dövrünün yeni çağırışlarına və tələblərinə uyğunlaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir. Biz bu tədbirləri ölkədə aparılan sosial-iqtisadi islahatların yeni mərhələsi kimi qiymətləndirə bilərik. 2015-ci ildən sonrakı mərhələdə ölkəmizdə sahibkarlığın inkişafı sahəsində islahatları təhlil etsək görərik ki, nüfuzlu qurumların hesabatları ilə beynəlxalq qiymətləndirmələrdə belə yaxşı nəticələr əldə etməyimiz, dünyanın ən islahatçı ölkələri siyahısına düşməyimiz aparılan məqsədyönlü və uğurlu iqtisadi siyasət sayəsində mümkün olubdur. Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə dövlət başçısının 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektoru olan neft və qaz sənayesi, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, ağır sənaye və maşınqayırma, ixtisaslaşmış turizm, logistika və ticarət, mənzil təminatı, peşə təhsili və təlimi, maliyyə xidmətləri, telekommunikasiya və informasiya texnologiyaları və kommunal xidmətlər üzrə strateji yol xəritələri təsdiq edilib. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı əhatə edir. Sənədlərin məqsədi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və rəqabətqabiliyyətliyinin gücləndirilməsi, neftdən asılılığın aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı və ixracın artırılması, əhalinin məşğulluq səviyyəsinin və rifahının daha da yüksəldilməsidir.

Azərbaycanın BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması respublikamızın iqtisadi modelinin öz səmərəliliyini sübut etdiyinin, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının bariz nümunəsidir. Bunun nəticəsidir ki, Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqlayıb. Bu göstəricilərə görə respublikamız regional liderdir və 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişə nail olub. Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Müqayisə üçün demək olar ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 70,9-dur. Azərbaycan belə bir uğura uzun illər bir çox sahələrdə dövlətimiz tərəfindən həyata keçirilən uzaqgörən və ardıcıl siyasətin nəticəsində nail olub. Azərbaycanın “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların nəticəsi, eyni zamanda, beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır. Reallaşdırılan islahatlar bir tərəfdən iqtisadiyyatın inkişafı, eləcə də dayanıqlığın və inklüzivliyin təmin edilməsinə imkan yaradır. Digər tərəfdən isə bu, sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar açır. Ötən il Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə iki sosial paket icra olunub. Bu paketlər həm minimum əməkhaqqı, həm də orta aylıq əməkhaqqının təxminən iki dəfə artımı ilə nəticələndi. Belə ki, orta aylıq əməkhaqqında və minimum pensiyada 93 faizdən çox artım qeydə alındı. Bu, sosial indekslərin daha da yaxşılaşdırılmasına və vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə imkan yaratdı.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun Böyük Zəfəri, torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün yenidən bərpa olunması sözsüz ki, qarşıdakı illərdə iqtisadiyyatın, turizmin və digər bütün sahələrin inkişafı üçün böyük imkanlar yaradır. Məlumdur ki, bu torpaqların iqtisadi potensialı və təbii ehtiyatları kifayət qədər əlverişlidir. Artıq regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb. Münaqişənin həlli, eyni zamanda, regionun təhlükəsizliyini və iqtisadi cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi-ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək, ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq.

Mustafa KAMAL,

“Respublika”.