Qürbətdə Zəngilan həsrəti
Diaspora

Qürbətdə Zəngilan həsrəti

Zəngilan Azərbaycanın dilbər guşələrindən olub Azərbaycan Respublikası Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə təşkil olunmuş və 1-ci kateqoriyalı rayonların siyahısına daxil edilmişdir. Şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Zəngilanın tarixinin qədimiliyini qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir.

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Zəngilan şəhəri dedikdə əslində Pircavan şəhəri nəzərdə tutulmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pircavan, yaxud da Pirçivan olmuşdur. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi.

Zəngilan rayonunda vaxtilə bir şəhər, 5 qəsəbə və 79 kənd olmuşdur. XX əsrin əvvəllərində rayon mərkəzinin yerləşdiyi ərazi əsasən bəylərin çəltik zəmilərindən və onların özlərinə məxsus yaşayış evlərindən ibarət idi. Zəngilan şəhəri 4 kilometrlik bir məsafədə Oxçu çayın sağsahilində, Çeşməgözlü deyilən bir yerdən cənuba doğru əhəng quyularına qədər bir ərazidə salınmışdı.

Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq 1974-1979-cu illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya şöbəsi tədqiqat aparmışdır. Arxeoloji qazıntı işləri zamanı məlum olub ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir.

Həkərinin sağsahili olan Yenikənd kəndində XIV əsrə aid sərdabə mövcud idi. Zəngilanda XVII-XVIII əsrlərdə məscidlər tikilmiş, rayonun Bartaz kəndi ilə Vejnəli kəndi arasında hündür bir dağın üstündə xalq arasında Qız qalası adlanan bir qala da var idi. Zəngilan daş heykəllər muzeyi də məşhur idi. Burada müxtəlif dövrlərə aid daş abidələr var idi. Rayonun faydalı qazıntıları əsasən tikinti daşı, əhəng xammalı, qara mərmər olmuşdur.

Zəngilan rayonu Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, gözoxşayan meşələri və kolları vardır. Rayonun ərazisi mürəkkəb səth quruluşuna malikdir. Ərazi çay dərələri ilə parçalanaraq dərin dərələr əmələ gətirib.

Zəngilanın şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə alçalaraq Geyən çölünü əmələ gətirib. Rayonun ərazisindəki dağlıq hissələrdə sıx meşələr mövcuddur. 1800-2000 metr hündürlükdə olan enliyarpaqlı meşələr getdikcə enərək çəmənliklərə keçir. Zəngilan rayonunda dünyada II, Avropada I yerdə olan çinar meşələri vardır. Rayonun ərazisi müalicə əhəmiyyətli bitkilər və bulaqlarla zəngindir.

Mincivan Zəngilan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbədir, rayonun şərqində yerləşir.

Vətəndən uzaqlarda yaşasam da bir tarixçi kimi Zəngilanla bağlı geniş məlumatım var. Daha doğrusu flora və faunası ilə insanları heyran edən bu ərazinin keçmişini, tarixini, coğrafiyasını mükəmməl bilirəm.

30 ilə yaxın bir müddət idi ata-baba yurdum, romantik guşələr məkanı, zəngin yeraltı və yerüstü sərvətləri olan Zəngilan ərazisi bədnam, faşist xislətli ermənilərin işğalı altında idi. Bir düşünün, o yurdun sakinlərinin Zəngilansız günləri necə keçirdi? Hamı yurd, Zəngilan həsrəti ilə yaşayırdı. Mənim yaşadığım ölkə isə Çin Xalq Respublikası idi. Nə gecəm var idi, nə də gündüzüm. Xəyalım həmişə Zəngilanı dolaşırdı, yuxularda qədim yurd yerlərini görürdüm. Ancaq tam arxayın idim. Belə qənaətə gəlirdim ki, çox tezliklə türklərin qılıncı qınından çıxacaq, ermənilərin başına enəcək, qüdrətli Azərbaycan ordusu Şərqi Zəngəzurun ayrılmaz bir hissəsi olan Zəngilanı düşmən tapdağından azad edəcək, Ulu Tanrı zəngilanlılara qələbə sevinci bəxş edəcəkdir.

Mən qürur hissi keçirirəm ki, canım-gözüm Zəngilanın işğalına son qoyulmuşdur. Tiri kəndi üçün mən və valideynlərim çox darıxır. Dağlıq kəndi olan bu ərazidə Bəsit çayı çox qıjıltı ilə axırdı, çinar meşəliklər adamı heyran qoyurdu, insanlar əsasən tütün, pambıq, üzüm becərməklə məşğul idi.

Yay aylarında yaşıl yamaclarda qoyun-quzu sürüləri şirin-şirin otlayar, həmişə çoban İbrahimin tütək səsləri eşidilər, bu yerlər nağıllar dünyasını xatırladardı.

Bu gün istər yaşlı nəslin nümayəndələri, istərsə biz gənclərin qəlbi Zəngilana qayıtmaq eşqi ilə çırpınır. Çox tezliklə biz qəribsəmiş yurd yerlərinə dönəcək, o yerləri cənnətə döndərəcəyik.

Şərqi Zəngəzurun Zəngilan bölgəsi abadlıq, bərpa və quruculuq meydanına çevrilmişdir.

Zəngilan rayonunun üçüncü Ağalı kəndində “Ağıllı kənd” layihəsi uğurla icra olunur. Bu ərazilər “yaşıl enerji” zolağına çevriləcək. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası reallaşdırılacaqdır.

Prezident İlham Əliyevin imzaladığı 2021-ci il 7 iyul tarixi Fərmanla yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bölgədəki rayonların iqtisadiyyatı üçqat inkişaf edəcək, regional kommunikasiyaların bərpası və inşası, o cümlədən Şərqi Zəngəzur dəhlizinin açılması ilə yeni yaradılacaq. Daha çox diqqətçəkən Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması ilə tarixi ədalətin bərpasıdır.

Qəlbim Azərbaycanla, doğma Vətənlə, ata-baba yurdum Zəngilanla döyünür. Çox tezliklə həyat yoldaşım Qaraca xanım və 2 övladımla həsrətində olduğum Zəngilana dönəcəyəm...

Əziz BAYRAMOV,
Çin Xalq Respublikası, Vnco şəhəri, iş adamı.