Qurtuluş yolu Zəfər yolu ilə davam etdirilir
MÜSAHİBƏLƏR

Qurtuluş yolu Zəfər yolu ilə davam etdirilir

Cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan keçən 19 il mahiyyət və məzmun baxımından o qədər zəngin və genişdir ki, bu zaman kəsiyini xalqımızın və dövlətimizin tarixinin ən məhsuldar, ən önəmli, yüz illərə bərabər tutula biləcək səhifəsi hesab etmək olar.

Bu zaman kəsiyinin vaxtın və tarixin fövqündə dayanan hissəsi, şübhəsiz ki, 44 günlük Vətən müharibəsi və bir xalq olaraq tariximizin parçalanmalarla, ərazi və insan itkiləri ilə müşayiət olunan məğlubiyyət mərhələsindən xilas olmağımız, qalib millətlərin, dövlətlərin və orduların sırasında qürurla yer almağımızdır.

Qələbəyə doğru aparan yol isə kifayət qədər məşəqqətli, zamana sığmayan əmək, fədakarlıq, qətiyyət, iti və dərin zəka, strateji düşüncə, uzaqgörənlik və sadalamaqla bitməyən yüksək liderlik keyfiyyətlərinin özünü qabarıq şəkildə büruzə verdiyi məqamlarla zəngindir.

Ümummilli liderin Azərbaycan dövlətçiliyinin xilasına, müstəqilliyimizin və suverenliyimizin qorunmasına xidmət edən Qurtuluş Yolu 19 il öncə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başlatdığı Zəfər Yolu ilə davam etdirildi və bizi addım-adım düşmən tapdağındakı torpaqlarımıza, vətənimizin sərhədlərinə, qələbəmizin simvolu olan Şuşaya yaxınlaşdırdı. Və hər gün geridə qalan  zaman kəsiyinə nəzər salanda, əslində nə qədər böyük məsafə qət etdiyimizi, bütün maneələrə, bitib-tükənməyən təzyiqlərə, haqsızlıqlara sinə gərdiyimizi, hədəflərimizə doğru inadla, yorulmadan, addım-addım irəlilədiyimizi görə bilərik.

Dövlət başçısı cənab İlham Əliyevin başlatdığı Zəfər Yolu özündə, sadəcə döyüş meydanında nümayiş etdirilən misilsiz qəhrəmanlıq nümunələrini deyil, həm də bu yolun təməlini və təbii ki, ölkə həyatının, beynəlxalq münasibətlər sisteminin bütün istiqamətlərini təşkil edən çoxsaylı komponentləri, bu komponentlərin paralel inkişafını təmin etməyi bacaran üstün zəkanı və polad xarakteri əks etdirir. Bu xüsusda, Prezident İlham Əliyevin Azərbaycanın enerji resurslarından və coğrafi mövqeyindən maksimum şəkildə faydalanmaqla ölkəmizi enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyası prosesinin açar subyektlərindən birinə və bəlkə də birincisinə çevirmək məharətini qeyd etməklə, sadəcə bugünkü reallıqları əsaslandıran və gözlə görünə biləcək məqamları diqqətə çatdırmaq mümkündür. Həm sözügedən, həm də ordu quruculuğu, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, strateji tərəfdaşlarının və müttəfiqlərinin sayının artırılması, eləcə də sadalanması mümkün olmayan digər istiqamətlərdə görülən işlərin görünməyən, açıqlanmayan tərəflərini də nəzərə alsaq, 19 illik zamanı ən azı 10-a vurmaq lazımdır.

Bu gün Azərbaycan tarixinin ən şərəfli, ən qürurlu günlərini yaşayır. Uzun illər boyu çəkilən misilsiz zəhmətin göz önündə olan bəhrəsi sözü imzası qədər keçərli olan Azərbaycan dövləti və onun Müzəffər Ali Baş Komandanı, azadlığına qovuşmuş, bütövləşmiş torpaqlarımız, qəhrəmanlarımızın tarix yazdığı zirvələrdə dalğalanan üçrəngli bayrağımız, qüdrətli Azərbaycan Ordusu, milli birliyimiz, həmrəyliyimizdir. Bu qürurverici mənzərənin müəllifi isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevdir.

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.