Quruculuq işləri yüksək templə davam etdirilir
Region

Quruculuq işləri yüksək templə davam etdirilir

Vətən müharibəsi tariximizin ən şərəfli, ləyaqətli və qürurlu səhifəsidir. Müzəffər, mükəmməl, peşəkar, Şuşa qalasına bayraq sancan şanlı ordumuz 30 ilə yaxın Ermənistanın işğalı altında qalan əzəli torpaqlarımızı murdar düşmənin tapdağından azad edib, ən keçilməz sədləri aşaraq işğalçıların ordusuna sarsıdıcı zərbələr endirib. Yurdumuzun ən gözəl guşələrindən olan Qubadlı istiqamətində də ağır və şiddətli döyüşlər aparılıb, Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi zərbələr vurulub. Düşmənin silah və sursat, yanacaq ehtiyat anbarları sıradan çıxarılıb. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib. Oktyabrın 22-də Mollabürhan kəndi ilə Qubadlı şəhəri arasında yerləşən yüksəkliyin azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov qəhrəmanlıqla həlak olub.

Qeyd edək ki, ermənilər Qubadlıda güclü istehkamlar qurmuş, bütün yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə həmin yüksəkliklər ələ keçirilməliydi. Məhz buna görə, Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Ordumuzun bölmələri ilk növbədə, şəhərə hakim olan yüksəklikləri, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və digər strateji yüksəklikləri ələ keçirdi. 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı və yüksək döyüş qabiliyyəti nəticəsində Qubadlı şəhəri düşməndən azad edildi.

Zirvəsində qış, ətəyində bahar olan əzəmətli dağları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpaqları olan Qubadlı rayonu Zəngəzur mahalının ən qədim yaşayış məskəni olub. 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın bu dilbər guşəsinin işğalı keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, "dənizdən-dənizə böyük Ermənistan" yaradılması barədə xəyalpərəst daşnak ideoloqlarının çoxillik sərsəm ideyalarının tərkib hissəsi idi. Bu yurd yerimiz Ermənistanla həmsərhəd olduğu üçün ermənilər vaxtaşırı sərhəddə yerləşən Əliquluuşağı, Seytas, Eyvazlı, Məlikməhəmmədli, Qədili, Dovudlu, Novlu, Yuxarı Cibikli, Əyin, Çardaxlı, Tarovlu, Fərcan, Göyyal, Saldaş və Çərəli kəndlərinə hücum edir, yaşayış məntəqələrini atəşə tutur, dinc insanları qətlə yetirir, evlərə od vuraraq yandırırdılar.

Qubadlı rayonu respublikamızın cənub-qərbində yerləşir və qərbdən 120 km Ermənistanla, şimaldan Laçın, Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Rayonun kəndlərinin əksər hissəsi Bazarçay və Həkəri çaylarının ətrafında yerləşir. Keçmiş sovet dönəmində ümumilikdə rayonda 79812 hektar torpaq fondu qeydə alınıb. İşğala qədər bunun 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı isə bağ və üzümlüklər olub.

Ermənistanın işğalı nəticəsində rayon əhalisinə və dövlətə böyük həcmdə ziyan vurulub. Həmin vaxt 30 min nəfərə yaxın əhali məcburi köçkünə çevrilib. Rayonun işğalı nəticəsində 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix-diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb, hər yeri viran qoyublar. Bir sözlə, Qubadlı rayonunda mövcud olan bütün infrastrukturu darmadağın edən düşmən təbiətə də ciddi ziyan vurub, mədəni-dini abidələri dağıdıb, tarixi yerləri məhv edib. Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 20 min hektarlıq Dövlət Təbiət Yasaqlığı yerləşirdi. Burada yaşı əsrlərlə olan nadir növlərdən ibarət 10-dan çox iri gövdəli ağac təbiət abidəsi kimi qorunurdu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu. Qubadlı, həmçinin qiymətli tikinti materialları ehtiyatları, yeraltı şirin su yataqları ilə zəngin diyar idi. Qarabağ müharibəsində Qubadlıdan 238 nəfər şəhid, 146 nəfər isə əlil olub. Bu gün Qubadlı sakinləri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş həmyerliləri Əliyar Əliyev, Bəylər Ağayev, Aslan Atakişiyev, Səfa Axundov, Ələkbər Əliyev, Kazımağa Kərimov, Aqil Məmmədov, Kərəm Mirzəyev, Vasili Əliyevlə fəxr edirlər. Qubadlı torpağı görkəmli şəxsiyyətlər yetişdirib, yazıçı və şairləri bu torpağın gözəlliyini şövqlə tərənnüm ediblər. Xalqımıza rəşadətli Qələbəni yaşadan hərbçilərimizdən biri olan general-mayor Mais Bərxudarov Qubadlı torpağının yetirməsidir.

Otuz ilə yaxın ermənilər Qubadlıda nə qədər vandallıq və vəhşilik göstərsələr də bu yerlərdən azərbaycanlıların izini silə bilməyiblər. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qubadlı rayonunda da genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin tapşırığına əsasən Şərqi Zəngəzur iqtisadi rayonunda infrastrukturun yenidən qurulması və bərpası, şəhərlərin Baş planlarının hazırlanması onu göstərdi ki, işğaldan azad edilən bütün yaşayış məntəqələri ən müasir texnologiyalarla inşa ediləcək. Ölkə başçısı işğaldan azad edilmiş ərazilərdə aparılan təmir-quruculuq işlərinin səmərəliliyinin artırılması məqsədi ilə 24 noyabr 2020-ci ildə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında" sərəncam imzaladı. Azad edilmiş torpaqlarda, o cümlədən, Qubadlıda hər bir iş ardıcıllıqla, yüksək keyfiyyətlə icra olunur.

Azad edilən torpaqlarda minalar təmizləndikcə quruculuq işlərinə, ilk əvvəl həyat əhəmiyyətli infrastruktur layihələrin - elektrik xətlərinin, yolların çəkilişinə başlanılıb. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir. Dövlət başçısının tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının bölgənin gələcək inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun olaraq inşası davam etdirilir. Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

Dövlət başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Qubadlı-Eyvazlı avtomobil yoludur. 28.5 km uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu 2 zolaqlı olmaqla, dördüncü texniki dərəcəyə uyğun olaraq inşa edilir. Cari il ərzində tikintisinin başa çatdırılması planlaşdırılan Qubadlı-Eyvazlı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.

Ən önəmli yerlərdən birini tutan enerji təsərrüfatının qurulması işləri uğurla başa çatdırılıb. Ötən il oktaybrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyası istifadəyə verilib. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün "Şükürbəyli" yarımstansiyasından "Cəbrayıl" yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli "Qubadlı-1", "Qubadlı-2" elektrik verilişi xətti çəkilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının açılışında iştirak ediblər.

Qeyd edək ki, 2021-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilən Qubadlıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Həmin görüşdə Qubadlı şəhərinin və kəndlərin yenidən qurulması ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, yerli sakinlərin arzu və istəkləri şəhərin Baş Planında nəzərə alınıb. Azərbaycan 9-u şəhər olmaqla tamamilə dağıdılmış yüzlərlə yaşayış məntəqəsinin sıfırdan bərpa prosesinin necə aparıldığını bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Mütəxəssislərin fikrincə, bu gün Azərbaycanın apardığı bərpa-quruculuq işləri dünyada presedenti olmayan meqalayihədir. Hazırda Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirir, bütöv şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Azad edilmiş ərazilərdə həyata keçirilən müasir quruculuq işlərinə "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, "yaşıl enerji" və "sıfır tullantı" konsepsiyaları daxildir. Şərqi Zəngəzurun dirçəliş dövrü başlayıb. Böyük əhəmiyyət kəsb edən infrastruktur lahiyələr uğurla icra olunur, yurdumuzun bu cənnət guşəsinə yeni bir həyat gəlib. Düşmənin amansızlıqla dağıtdığı və məhv etdiyi yurd yerləri yaxın zamanlarda öz sakinlərini qəbul edəcək, qubadlılar da öz dədə-baba yurdlarına dönəcək, yeni arzularla, gələcək naminə quruculuq həvəsi ilə Qubadlıda həyat sürəcəklər...

Salman ALIOĞLU,

"Respublika".