Quruculuq və bərpa dövründə də Türkiyə Azərbaycanın yanındadır
Siyasət

Quruculuq və bərpa dövründə də Türkiyə Azərbaycanın yanındadır

Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə inşası ölkələrimizin birgə uğurudur

Azərbaycan və Türkiyə prezidentlərinin Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirak etməsi "bir millət, iki dövlət" ideyasının növbəti parlaq təzahürü oldu. İki ölkənin şirkətləri birlikdə belə əzəmətli layihəni cəmi səkkiz ay ərzində yüksək keyfiyyətlə icra edərək, əsl qardaşlığın yeni bir nümunəsini ortaya qoydular.

Yeni hava limanı bölgədə səfərə gələnlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, nəinki Füzulinin, ümumilikdə, bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.

Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanını Türkiyə ilə Azərbaycanın birgə uğuru adlandırdı, İkinci Qarabağ savaşında Zəfərin qazanılmasına çox böyük siyasi və mənəvi dəstək verdiyinə, indi quruculuq və bərpa dövründə də bizimlə olduğuna görə Türkiyə Prezidentinə təşəkkür etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə işğaldan azad edilən ərazilərin qısa müddətdə necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini gördüyündən məmnunluğunu bildirməklə yanaşı, bunun hər igidin, hər siyasətçinin işi olmadığını söyləyərək Azərbaycan dövlətinin və onun rəhbərinin əzmkarlığına rəğbət və ehtiramını sərgilədi.

...Füzulinin işğaldan azad edilməsi ordumuzun öz missiyasını sonadək şərəflə yerinə yetirmək qətiyyətini bütün dünyaya göstərdi. Düşmən otuz ilə yaxın müddətdə burada qurduğu möhkəmləndirilmiş müdafiə istehkamlarına çox güvənirdi və Vətən müharibəsinin ən şiddətli döyüşləri də məhz Füzuli uğrunda getdi. Qəhrəman hərbçilərimiz misilsiz bir fədakarlıqla, canları-qanları bahasına həmin müdafiə xəttini yarmağa nail oldular. Ermənilər qorxu və təşviş içərisində qaçmağa başladılar və onların arasında fərarilik kütləvi hal aldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi: "Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır".

Bu gün isə Füzuli Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, bərpa edilməsi, yenidən qurulması prosesinin başlanğıc nöqtəsidir. Postmüharibə dövrünün ən böyük infrastuktur layihəsi - beynəlxalq hava limanı məhz burada inşa olunub və istifadəyə verilib. Dövlətimizin başçısının "Qarabağın hava qapısı" adlandırdığı, bir saatda, ən azı, iki yüz sərnişinə xidmət edəcək bu müasir hava limanı işğaldan azad edilmiş rayonların sosial-iqtisadi inkişafına sanballı töhfələr verəcək və Zəngəzur dəhlizinin logistika imkanlarını daha da gücləndirəcək.

Füzuli Qarabağın cənub əraziləri və bütövlükdə Şərqi Zəngəzur üçün həm də elektrik enerjisi təchizatında mərkəz rolunu oynayacaqdır. Təsadüfi deyildir ki, mədəniyyət paytaxtımız Şuşa işğaldan azad edildikdən sonra oraya ilk elektrik xətti məhz Füzulidən çəkilib. Qəhrəman hərbçilərimizin qarşısından qaçan mənfur düşmən şəhərdən çıxmağa məcbur olarkən Şuşada bütün elektrik xətlərini kəsmiş, su xəttini partlatmışdı. Dövlətimizin başçısının tapşırığı ilə fədakar energetiklərimiz qışın soyuğunda əzmkarlıqla çalışaraq, çox qısa müddətdə şəhəri elektrik enerjisi ilə təchiz etdilər.

Ölkəmizdə elektrik enerjisinin paylanmasını həyata keçirən "Azərişıq" ASC-nin innovativ layihələrindən biri olan Rəqəmsal Stansiya İdarəetmə Mərkəzini Füzulidə inşa etməsi də təsadüfi deyildir. Təkcə işğaldan azad olunmuş ərazilərdə yaradılacaq "yaşıl enerji" zonasının tələbləri deyil, ümumilikdə, "ağıllı kənd", "ağıllı şəhər" konsepsiyası əsasında yenidən qurulacaq bölgənin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün belə bir mərkəzin mövcudluğu zəruridir. Rəqəmsal texnologiyalara əsaslanan "ağıllı şəbəkələr"in gələcəkdə enerjipaylayıcı infrastrukturun aparıcı elementinə çevrilməsində Füzulidə icrasına başlanan ilk layihə mühüm rol oynayacaq.

Onu da qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında enerji təchizatı sisteminin, xüsusən də, yüksək gərginlikli elektrik şəbəkəsinin, enerji istehsalı müəssisələrinin bərpasına və yenidən qurulmasına erməni faşizmi üzərində qələbədən dərhal sonra başlanıb. Qısa müddətdə üç generasiya mənbəyi - Laçında "Güləbird", Tərtərdə "Suqovuşan-1" və "Suqovuşan-2" SES-lər tamamilə yenidən qurularaq istismara verilib, 110/35/10 kV-luq "Şuşa", "Füzuli", "Kəlbəcər" və "Cəbrayıl" yarımstansiyaları inşa edilib, çoxsaylı elektrik verilişi xətləri çəkilib. Bu işlər Ağdamda, Zəngilanda, Qubadlıda da davam etdirilir.

"Füzuli" yarımstansiyasının açılışı bu il iyunun 14-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilib. Həmin vaxt dövlətimizin başçısı Füzuli rayonu ərazisindəki yenidən qurularaq genişləndirilən 110/35/10 kilovoltluq "Şükürbəyli" yarımstansiyasının da açılışını edib. İşğaldan azad edilmiş ərazilərin respublikanın energetika sisteminə qoşulmasında bu yarımstansiyanın xüsusi yeri vardır. "Füzuli" yarımstansiyası isə Beynəlxalq Hava Limanının və Füzuli-Şuşa yolunun yaxınlığında yerləşir, bir neçə gün əvvəl təməli qoyulan şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcəkdir.

Hər bir bölgənin inkişafı üçün yol infrastrukturunun mövcudluğu ən mühüm şərtdir. 44 günlük Vətən müharibəsində ordumuzun döyüş yolu Füzulidən başladığı kimi, Qarabağın cənubunda və Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərə çəkilən avtomobil yolları da öz başlanğıcını buradan götürür. Məlum olduğu kimi, rayon ərazisindən Şuşaya iki yol çəkilir - 101 kilometr uzunluğunda Zəfər yolu və 81 kilometr uzunluğunda Əhmədbəyli-Füzuli-Şuşa yolu: bunlardan birincisinin, hələ rəsmi açılış mərasimi olmasa da, asfaltlaşdırılmış əsas hissəsindən gediş-gəliş üçün istifadə olunur, ikincisinin isə, bir sıra hissələrinin keçəcəyi tunellərin, yol yataqlarının inşası davam etdirilir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rayona səfəri zamanı yeni Füzuli-Ağdam avtomobil yolunun da təməlqoyma mərasimi olub. Dövlətimizin başçısının bu ilin avqustunda təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi" çərçivəsində çəkiləcək 64,8 kilometr uzunluğunda yol Bərdə-Ağdam avtomobil yolunun davamıdır. Bundan on ay əvvəl isə ölkə rəhbərinin Füzuliyə və Xocavəndə səfəri zamanı Füzuli-Hadrut avtomobil yolunun təməli qoyulub və hazırda tikintisi davam etdirilir.

Erməni vandallarının vəhşicəsinə dağıdıb xarabazara çevirdikləri Füzuli şəhərində və rayonun kəndlərində bərpa-quruculuq işlərinin aparılması üçün, ilk növbədə, təhlükəsizlik tədbirləri görülür, ərazilər mina və partlayıcı qalıqlarından təmizlənir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzulinin azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayon olduğunu vurğulayaraq, burada yüz mindən çox mina basdırıldığını bildirib. Lakin təhlükəsizlik tədbirləri həyata keçirilməklə yanaşı, Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası da hazırlanıb və qeyd olunduğu kimi, işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin icrasına da məhz Füzulidə başlanıb.

Burada bir mühüm faktı da xatırlatmaq istərdik: Qarabağda ərazilərin erməni işğalından azad edilməsi üçün ilk uğurlu əməliyyat ulu öndər Heydər Əliyevin respublika prezidenti seçilməsindən az sonra - 1994-cü ilin əvvəllərində həyata keçirilib və Füzuli rayonunun 22 yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsi düşməndən təmizlənib. Ötən müddətdə bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, məcburi köçkünlər üçün 17 qəsəbə salınıb. Azərbaycan Prezidenti kimi Füzuli rayonunda 12 dəfə olduğunu rayon ictimaiyyəti ilə bu yaxınlarda keçirdiyi görüşdə bir daha xatırladan Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: "Burada köçkünlərlə görüşərək hər zaman onlara deyirdim ki, Füzuli şəhəri və rayonun qalan hissəsi azad olunandan sonra biz daha yaxşı evlər tikəcəyik, daha gözəl şərait yaradacağıq və siz qayıdacaqsınız. Bu gün artıq bunu hər kəs görə bilir. Çünki Füzuli rayonunda artıq icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir".

Füzuliyə yeni həyat qayıdır və dövlətimizin başçısının təsdiq etdiyi bərpa planının icrası keçmiş məcburi köçkünlərin tezliklə doğma yurda qayıdışına imkan yaradacaqdır. Onların sevincinin həddi-hüdudu yoxdur. Birinci vitse-prezident Mehriban xanım Əliyeva füzulililərlə görüş barədə duyğularını rəsmi instaqram səhifəsindəki paylaşımında belə ifadə edib: "Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüş. Doğma torpaqlara qayıdışınızın həyəcanını və sevincini səmimi-qəlbdən sizinlə bölüşürəm!".

Vətən müharibəsində Qələbədən bir ilə yaxın vaxt keçir. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Füzulidə görülən işlərin miqyası, xüsusən infrastruktur layihələrinin icrasının intensivliyi, sürəti onu göstərir ki, Horadiz qəsəbəsində və onun ətrafındakı yaşayış məntəqələrindəki inkişaf dinamikası rayonun yenidən qurulan və bərpa edilən digər hissələri üçün də xarakterik olacaqdır.

Möhtərəm RƏCƏBOVA,

"Respublika".