Qürur və ehtiram anı
Region

Qürur və ehtiram anı

Ağstafanın Pirili kəndindən olan Vətən müharibəsi şəhidimiz İlkin Bayram oğlu Bayramovun vətən uğrunda şəhadətə ucalmasının birinci ildönümü günündə doğma evində anım mərasimi təşkil olunub.

Mərasimdə İlkinin ailə üzvləri, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bir qrup məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlkinin keçdiyi şərəfli ömür və döyüş yolundan, eləcə də ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından geniş söz açılıb. Şəhidlərimizin ruhuna dualar oxunub.

İlkin Bayramov 11 avqust 2001-ci ildə Pirili kəndində dünyaya göz açıb.  44 günlük Vətən müharibəsinin iştirakçısı kimi Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətli hərbi qulluqçu, əsgər vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirərək döyüşüb. O, 2021-ci il aprelin 4-ü Suqovuşan istiqamətində, düşmən işğalından azad edilən ərazilərdə itkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı məsuliyyətli və şərəfli xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət almışdır. 12 gün komada qalan İlkin  həkimlərin səyinə baxmayaraq, 2021-ci il aprelin 16-sı müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalmış və öz doğma Pirili kəndində torpağa tapşırılmışdır.

İlkin Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

V.POLADOĞLU,

"Respublika".