Qürur və ehtiram ifadəsi
Region

Qürur və ehtiram ifadəsi

Sabirabad rayonunun Yenikənd kəndində I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksinin açılış mərasimi keçirildi.

Mərasimdə rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad rayonundan seçilmiş Milli Məclisin deputatı Kamal Cəfərov, YAP Sabirabad rayon təşkilatının səlahiyyətlərini icra edən Məleykə Həsənova, şəhid ailələrinin üzvləri, ictimaiyyətin nümayəndələri və məktəblilər iştirak etdilər. Abidənin açılışında çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən sabirabadlı döyüşçülərin də qəhrəmanlıqlarından, şəhidlərin gənclərə nümunə olan qısa, şərəfli ömür yolundan söz açdılar. Vurğulandı ki, məhz onların döyüş əzmi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad olunub.

Şəhidlərin xatirəsinə inşa edilən kompleksdə həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin portretləri yer alıb. Onlar haqqında məlumatları əks etdirən monitor quraşdırılıb.

Mərasim iştirakçıları abidə-kompleksinin önünə gül dəstələri düzüb, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunmasında qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış döyüşçülərin xatirəsini ehtiramla yad ediblər.

 Tofiq HÜSEYN,

 "Respublika".