Qürur və ehtiram məkanı
Region

Qürur və ehtiram məkanı

Otuz ilə yaxın işğal altında qalan müqəddəs torpaqlarımızın 2020-ci ildə Vətən müharibəsində azad olunması tariximizin ən şanlı səhifəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, qəhrəman və vətənpərvər əsgər və zabitlərimizin şücaəti sayəsində yurd yerlərimizin azad olunması düşmənin məkrli siyasətinə son qoydu.

Təəssüf ki, müharibə başa çatdıqdan sonra azad olunan ərazilərdə müəyyən səbəblərdən həlak olan hərbçi-əsgərlərimizin həlak olması erməni vandalizmini bir daha təsdiq edir. 2021-ci il avqust ayının 13-də axşam saatlarında Kəlbəcər rayonu ərazisində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu şəhid olmuşlar.

Şəhid Eldar Həsənlinin ildönümü münasibətilə Mingəçevirdə Şəhidlər xiyabanında məzarı ziyarət olunub, gül dəstələri düzülərək bir daha böyük ehtiramla yad edilib, dualar oxunub. Sonra, yaşadığı Mingəçevir şəhəri Nətavan küçəsi, ev 1 ünvanında xatirə lövhəsinin açılışı olub. Tədbirdə Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər bələdiyyəsinin sədri Ramiz Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi, şəhər Mühafizəsinin rəisi, şəhid anaları, qazilər, məktəblilər iştirak ediblər. Şəhər rəhbəri çıxış edərək vətən torpaqları uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyib, bütün şəhid valideynlərinə səbir diləyib, qazilərə cansağlığı arzulayıb. Bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Bütün gənclər onlarla fəxr edəcəklər. Məhz onların göstərdiyi şücaət nəticəsində işğal altında olan torpaqlarımız bu gün azad olunmuşdur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Milli Ordusu 44 gün davam edən Vətən müharibəsində bir daha dünyaya qüdrətini göstərdi.

Şəhidin oxuduğu 19 nömrəli məktəbin müəllim və şagird kollektivi onu xoş xatirələrlə anıblar, şeirlərlə şəhidi yad ediblər. "Nur" dəstək qrupunun könüllüləri Vətənə, torpağa, şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.

Z.CƏMŞİDOĞLU,

"Respublika".