Qürur və ehtiramla
Region

Qürur və ehtiramla

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, rayon icra hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Komitəsinin sədri Gülər Abdullayeva, rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rəvanə Firudinli, şəhid ailələrinin gənc üzvləri, qazilər və digər fəal gənclər Bakı şəhərinə səfər edib.

Gənclər İsmayıllı rayonunda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirə şəkli çəkdiriblər. Sonra Bakı şəhərinə - Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin və II Qarabağ müharibəsinin İsmayıllı rayonundan olan şəhidi polkovnik-leytenant Ruslan Tağıyevin 2-ci Fəxri Xiyabanda məzarlarını ziyarət edib, önünə tər çiçəklər düzüblər. Şəhidlər Xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan xalqının böyük qələbəsinə həsr olunmuş Zəfər yarmarkasına səfər edən gənclər müxtəlif mövzuların əks olunduğu sərgilərlə tanış olublar. "Myfood" şirkətinin əməkdaşları gənclərimizə öz hədiyyələrini təqdim ediblər.

Zəfər yarmarkasına səfərdən sonra gənclərin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub. Prezident İlham Əliyevin təşəbbüsü nəticəsində salınan Hərbi Qənimətlər Parkında 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya, qənimət kimi götürülən texnikanın bir qismi, tanklar, döyüş maşınları, artilleriya qurğuları və s. ilə tanış olublar. Vətən müharibəsi barədə bu məlumatları özündə əks etdirən park Azərbaycana Zəfər qazandıran döyüşləri göz önündə canlandırmağa geniş imkan yaradır.

Ekskursiyanın təşkil olunmasının məqsədi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında Ermənistanı məğlub edərək parlaq Qələbəsi haqqında məlumatlandırılmasıdır.


44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Ruslan Tağıyevin anım günü İsmayıllıda xatirəsinə inşa edilmiş bulağın yanında qeyd olunub.

Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkilləri Novruz Aslanov və Tahir Kərimli, RİH-in məsul əməkdaşları, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri iştirak ediblər. Öncə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında dövlət himni səslənib, şəhidin ruhuna dualar oxunub. Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və qısa müddətdə başa çatan Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhid Ruslan Tağıyevin qısa, lakin şərəfli həyat yolundan bəhs ediblər. Vurğulanıb ki, şərəfli döyüş yolu keçən Ruslan və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq. Anım mərasimində məktəblilərin ifasında Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını ifadə ediblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən polkovnik-leytenant Ruslan Tağıyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.


İsmayıllı şəhərində şəhidlərin xatirəsinə inşa edilmiş bulaq-kompleksin açılışı olub.

Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkilləri Novruz Aslanov və Tahir Kərimli, RİH-in məsul əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları iştirak ediblər.

Öncə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib. Çıxış edənlər ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, Famil, Ramil və Novruz kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfər Gününü tarixə yazıb. Sonra rayon rəhbəri, millət vəkilləri və şəhidlərin valideynlərinin iştirakı ilə şəhid Famil Əhmədzadənin, Ramil Musayevin və Novruz Həmzəyevin adına inşa edilmiş bulağın açılışını ediblər.

Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər. Çıxış edən şəhidlərin valideynləri bulağın inşa edilməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Rasim AMANOV,

"Respublika".