Qürur və iftixar mənbəyimiz
Digər xəbərlər

Qürur və iftixar mənbəyimiz

1991-ci il fevralın 5-də Ali Sovetin qərarı ilə üçrəngli bayrağımız müstəqil Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edildi

Üçrəngli Dövlət Bayrağımızın bu günlərə kimi məğrur dalğalanmasında sözsüz ki, şəhidlərimizin böyük payı var. Bir əsrdən çox yaşı olan dövlət bayrağımızın dalğalanmasına imperialist qüvvələr tərəfindən uzun müddət qadağa qoyulmasına baxmayaraq, Azərbaycan xalqı bu milli atributu hər zaman ürəyində daşıyıb. İmkan düşən kimi öz bayrağını yenidən dalğalandıran qəhrəman xalq, illərlə bayraq haqqında şeirlər qoşub, nəğmələr söyləyib. Müstəqilliyimizin ilk illərində  düşmən hücumuna məruz qalan vətənimiz çox əfsuslar olsun ki, öz şanlı bayrağını uzun müddət hər yerdə dalğalandıra bilmədi. Lakin Ali Baş Komandan İlham Əliyev ərazi bütövlüyümüzü öz siyasətinin əsas prioriteti seçərək 2020-ci ildə bu həsrətə son qoydu. İlk dəfə qəhrəman əsgərlərimiz 2016-cı ildə dövlət bayrağımızı Lələtəpədə ucaltdı. İkinci Qarabağ müharibəsində erməniləri ildırım sürəti ilə məhv edən ordumuz azad olunan hər bir kənd və şəhərdə separatçıların "bayraq" adlandırdıqları əski parçalarını dövlət bayrağımızla əvəz etdi. Azərbaycan xalqı üçün ən əlamətdar hadisə vətənimizin göz bəbəyi olan Şuşada bayrağımızın dalğalanması oldu.

Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin Parlament binasında asılıb. 1918-ci il noyabrın 9-da AXC-nin Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. Dövlət Bayrağımız üç rəngdən ibarətdir və hər rəng müəyyən məna çalarlarını ifadə edir. Üçrəngli bayraq ideyasını ilk dəfə Əli bəy Hüseynzadə gündəmə gətirib və yaranması onun adı ilə bağlıdır. İlk olaraq göy rəng türkçülüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng İslamçılığı tərənnüm edir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə Dövlət Bayrağı öz yerini SSRİ-nin oraq-çəkicli bayrağı ilə dəyişdi. 70-il sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli Dövlət Bayrağımız Muxtar Respublikanın Dövlət Bayrağı kimi təsdiq edildi. Azərbaycanın ən çətin dövrlərini əhatə edən bu illərdə qəbul edilən həmin qərar ölkəmizi müstəqil dövlətə çevirməkdə böyük təkan oldu. Qəbul edilən qərardan sonra Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Azəbaycan SSRİ Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxıb və 1991-ci il fevralın 5-də bu bayrağın yenidən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Azərbaycan Respublikasının 5 fevral 1991-ci il tarixli Qanunu ilə "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Əsasnamə"də qəbul olunub. "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun Dövlət Bayrağını bərpa edib. Ulu öndər Heydər Əliyev bayrağımız haqqında deyirdi: "Azərbaycan bayrağı, sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin".

Qürur mənbəyimiz olan bayrağımız Azərbaycanın hər qarışında, eləcə də dünyanın çox yerində dalğalanır. Dünyada ilk dəfə ən hündür bayraq dirəyi dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda inşa edilib. 2007-ci il noyabrın 17-də dövlət başçısı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncam vermiş, 2010-cu ildə Dövlət Bayrağı Meydanında təntənəli açılış olmuşdur.

Üçrəngli bayrağımızın zirvələrdə dalğalanması, beynəlxalq tədbirlərdə, idman yarışlarında ilk sırada olması bütün azərbaycanlılara sevinc və qürur gətirir. Vətənimizin yetişdirdiyi övladlar tarixdə hər zaman müsbət izlər qoyub. Torpaqlarımız erməni işğalına məruz qalsa da, bununla heç vaxt barışmayıb, onun azadlığı uğrunda qan tökməyə hazır olublar. Dövlət atributları ölkənin varlığının göstəricisidir. Bu atributlar hər hansı bir xalqın kimliyinin, düşüncə tərzinin meyarıdır. Beynəlxalq aləmdə dövlətimizin müstəqilliyini bəyan edən Azərbaycan bayrağı öz rənglərində, ay-ulduzunda xalqımızın milli kimliyini vüqar və iftixarla daşıyır. Dövlətimizin müstəqilliyini təcəssüm etdirən rəmzlərin daim gənclərə aşılanması onların vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir.

İkinci Qarabağ müharibəsində qazanılan qələbə Azərbaycanın qalib ölkə olaraq dünyada nüfuzunu daha da artırdı. Torpaqlarımızın düşməndən təmizlənməsində qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək düşməni darmadağın etdi. Artıq döyüş qabiliyyətini itirən düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bununla da Laçın, Ağdam, Kəlbəcər bir güllə atılmadan belə düşmən tapdağından azad olundu və ölkəmizin bayrağı bu rayonlarda da dalğalandı. Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunan rayonlara səfəri zamanı Azərbaycan bayrağını ucaldaraq hər bir azərbaycanlıya qürur yaşatdı. Bu gün Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Xocavənd, Kəlbəcər, Ağdam və Laçında suverenliyimiz bərpa olunub. Azərbaycan tarixinin önəmli və qürurverici zəfəri olan İkinci Qarabağ müharibəsi məğlub imicini də ölkəmizin üzərindəm götürdü. Bu qalibiyyət uzun əsrlər boyu xalqa aşılanmış vətənə sədaqət nümunəsidir.

Musa BAĞIRLI,

"Respublika".