Qürurla anılır: Arif Qədiməliyev
Sosial həyat

Qürurla anılır: Arif Qədiməliyev

Vətənin neçə-neçə cəsur, mübariz oğulları Birinci Qarabağ müharibəsində torpaq, yurd uğrunda gedən ölüm-dirim savaşında mənfur düşmənə qarşı mərdliklə vuruşmuş, şəhidlik zirvəsinə ucalmışlar.

Azərbaycan torpaqlarına yağılar göz dikəndə, XX əsrin 90-cı illərində yurdumuza qara əllər uzananda, ərazi bütövlüyümüzü qəhrəmanlıqla qoruyanlardan biri də Arif Qədiməliyev oldu. Onun adı hərb tariximizə qızıl hərflərlə yazıldı.

Arif Maasif oğlu Qədiməliyev 1975-ci il iyulun 13-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dünyaya göz açmışdır. Orta məktəb illərindən  digər gənclər kimi Arif də yurdun hər qarışını göz bəbəyi kimi qorumaq eşqi ilə yaşayır, qəhrəman Azərbaycan oğullarının mənalı həyat yolu ilə maraqlanırdı.

Arif orta məktəbi bitirdikdən sonra Nəvai adına sovxozda əmək fəaliyyətinə başlamış,  əməyə, zəhmətə bağlanmış, eyni zamanda müntəzəm olaraq idmanın müxtəlif növləri ilə də  məşğul olmuşdur.

Arif Qədiməliyev 1993-cü ildə ordu sıralarına çağırılmış, Sumqayıtda və Qusarda hərbi təlimlərdə iştirak etmişdi.

Ərazilərimiz erməni daşnakları tərəfindən işğal olunanda Arif cəbhə bölgələrinə yollanmış, 172 saylı hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişdi. O, hərbi hissədə bacarıqlı kəşfiyyatçı kimi tanınmışdı. Arif Vətən torpağının hər qarışını canından əziz tuturdu.

Arif rəşadətli döyüş yolunu Ağdərə, Tərtər bölgələrində aparılan əməliyyatlarda da inamla davam etdirdi. Döyüşlərin birində ermənilərdən bir neçə nəfərin əsir götürülməsində, xeyli hərbi sursatın ələ keçirilməsində yaxından iştirak etmişdi.

Arif heç vaxt ölümündən qorxmurdu. Ən çətin məqamlarda düşməni öz silahı ilə susdurur, onlardan lazımi məlumatlar toplayırdı.

1995-ci il 13-17 mart... Həmin gün müstəqil Azərbaycanın tarixində ən faciəli səhifələrdən biri idi. Arif dövlət çevrilişi cəhdinin qarşısının alınmasında, dövlətçiliyimizə qənim kəsilən qüvvələrin zərərsizləşdirilməsində, müstəqil Azərbaycan uğrunda öz canını qurban verdi.

Arif Qədiməliyev Ağstafanın Dağ Kəsəmən kəndindəki qəbiristanlıqda dəfn edildi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Arif Maasif oğlu Qədiməliyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Qəhrəmanın Ağstafa şəhərində büstü qoyulmuş, adına mədəniyyət evi verilmişdir.

Qədir ASLAN,

“Respublika”.