Qürurla anırıq
Sosial həyat

Qürurla anırıq

Paşa Təhməzov

Paşa Təhməzov 1949-cu il mart ayının 23-də anadan olmuşdu. Kəndlərindəki 6 saylı məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini Lənkəran şəhərindəki fəhlə-gənclər məktəbində davam etdirib. Sonra isə Əhaliyə Məişət Xidməti İstehsalat kombinatında usta köməkçisi kimi əmək fəaliyyətinə başlamışdı.

Zəhmətkeşliyinə, işində məsuliyyətinə görə dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmış, tərifnamələrə layiq görülmüşdü.

Cinayətkar qruplar öz respublikamızın müxtəlif yerlərində iğtişaşlar törədir, əhalini qorxu və təşviş içərisində saxlayırdılar.

23 avqust 1993-cü ildə Azərbaycanın cənub bölgəsində də vəziyyət gərginləşmişdi. Cinayətkar qrupların gözləri ayaqlarının altını görmürdü. Onlar anlamırdılar ki, öz çirkin əməllərini reallaşdıra bilməyəcək, gec-tez yaxalanıb, qanun qarşısında cavab verməli olacaqlar.

Əlikiram Hümbətovun başçılıq etdiyi cinayətkar dəstə “Talış- Muğan Respublikası” yaratmaq xülyası ilə Lənkəran və ona yaxın olan rayonlarda özbaşınalıq edir, silah gücünə qanuni hökumət strukturlarını ələ keçirirdi.

Xalqın qəhrəman oğulları azğınlaşmış dəstənin nankor üzvlərinə qarşı mübarizəyə qalxdılar. O çətin anlarda cinayətkar ünsürlərə qarşı mübarizəyə başlandı.

Dəstənin üzvlərinin tərk-silah edilməsində sinəsini qabağa verənlərdən biri də Paşa Qurban oğlu Təhməzov oldu. O, Vətəni azad, bütöv və firavan görmək istəyirdi. Elə bu istəklə də xalq Hərəkatının önündə gedir, cinayətkar dəstənin məhv edilməsində əlindən gələni əsirgəmirdi.

Paşa Təhməzov dövlətçiliyimizi, müstəqilliyimizi və ərazi bütövlüyümüzün qorunmasını hər şeydən uca tutdu. Öz idealına sadiq qalan Lənkəranın cəsur, vətənpərvər oğlu Paşa Təhməzov bu yolda canından keçdi.

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı Fərmanı ilə Təhməzov Paşa Qurban oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Vətənin sayılıb-seçilən oğlu Lənkəran şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Lənkəran şəhərindəki küçələrdən biri Paşa Təhməzovun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, “23 avqust” meydanında büstü qoyulmuşdur.

Qədir ASLAN,

“Respublika”.