Qürurla anırıq: Aqil Quliyev
Digər xəbərlər

Qürurla anırıq: Aqil Quliyev

Azərbaycanın Milli Qəhrəmanı Aqil Sahib oğlu Quliyev 19 sentyabr 1963-cü ildə Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində doğulmuşdur. 1980-ci ildə orta məktəbi bitirib, Azərbaycan Neft Akademiyasının axşam şöbəsinə daxil olur. Üçüncü kursda oxuyanda hərbi xidmətə çağırılır. Əsgəri xidmətini başa vurduqdan sonra yarımçıq qalmış təhsilini davam etdirmək fikrindən daşınır. Onun marağı artıq başqa bir sahəyə yönəlir. Aqil 1982-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olur. 1986-cı ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək orada müəllimlik etməyə başlayır. İki il sonra Aqilin həyatında ən üzüntülü günlər başlayır.

Həmin il Qarabağ müharibəsinin başlamasını Xarkovda eşitdikdən sonra körpə qızını götürüb Bakıya qayıdır. 1988-ci ildə Dağlıq Qarabağda baş verən hadisələr, digər tərəfdən isə valideynlərinin erməni şovinistləri tərəfindən doğma yurdlarından vəhşicəsinə qovulması onu bərk narahat edirdi. O, nigarançılığa son qoymaq üçün ailəsini də götürüb Bakıya gəlir və sonra təzəcə yaranmaqda olan Milli Ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş edir. Bu müraciətdən sonra onu 45 nəfər döyüşçü ilə birlikdə Ağdam bölgəsinə göndərirlər.

Qardaşı Nəsimi Aqilin Qarabağa gedəcəyi günü bilirdi. O da Aqildən xəbərsiz könüllü olaraq cəbhəyə gedən rotaya yazılır. Aqil onun bu cəsurluğunu görüb çox sevinir və onun bu fədakarlığını alqışlayır. Bir neçə gündən sonra rota Zabrat Hava Limanından vertolyotla Ağdama yola düşür. Ağdamda qərara alınır ki, 11 nəfər Umudluya göndərilsin. Qalanlar isə daha ağır vəziyyətdə olan Xocalıya yollanır. O, qardaşı Nəsimi ilə Xocalı müdafiəçilərinin sırasında idi.

1991-ci ilin sonunda Xocalı cəbhə bölgəsinin ən təhlükəli nöqtəsi idi. O, 21 nəfər döyüşçü ilə Xocalı hava limanının rəisi Əlif Hacıyevin müdafiə batalyonu ilə çiyin-çiyinə Xocalının müdafiəsində dayanır. Lakin onların təchizatı və iqtisadi təminatı yox dərəcəsində idi. Vəziyyət get-gedə çətinləşirdi. Ermənilərin hücum qorxusu isə gündən-günə artırdı. Aqil Quliyev "Xocalı" taborunun komandiri Tofiq Hüseynovla görüşüb döyüş mövqeyini möhkəmlətməyə çalışırdı.

Leytenant A.Quliyev rota komandiri təyin edilir. Vətən müdafiəçiləri sırasında onun kiçik qardaşı Nəsimi də var idi. Nəsimi isə kəşfiyyat qrupuna başçılıq edirdi. Bölük Ağdama çatanda Xocalı artıq düşmən mühasirəsindəydi. Aqil vaxt itirmədən öz dəstəsilə Xocalıya yollanır. Əhali dəstənin gəlişini səbirsizliklə gözləyirdi. Güman edirdilər ki, dəstə onları mühasirədən qurtaracaq. Lakin döyüşçülərin sayca az olması və silah-sursatın çatışmaması mühasirəni yarmağa imkan vermir.

Artıq Xocalı mühasirədə idi. Erməni yaraqlıları 366-cı alayın köməyinə arxalanaraq insanları vəhşicəsinə qırırdılar. Aqil öz rotası ilə düşmənə bir neçə dəfə sarsıdıcı zərbə endirir. 1992-ci il fevralın 18-dən 25-nə qədər davam edən döyüşlərdə rota komandiri rəşadətlə döyüşür, onlarla erməni faşistini məhv edir. O, bu döyüşlərin birində - "Qaz kontoru" deyilən yerdə hər iki ayağından yaralanır.

Fevralın 25-i… Bu tarix qanla yazılan səhifələrimizdəndir. Kətik kəndi yaxınlığında güllələrdən biri onun ürəyinə sancılır. Aqilin də ömrü burada qırılır. Aqil Quliyevin meyitini beş gün sonra martın 2-də hadisə yerindən götürmək mümkün olur.

Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə Quliyev Aqil Sahib oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Bakının Bayıl qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önündə xatirə lövhəsi vurulub.

Müşfiq CƏFƏROV,

"Respublika".