Qürurla anırıq: Fəxrəddin Şahbazov
Sosial həyat

Qürurla anırıq: Fəxrəddin Şahbazov

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi vertolyotunun erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində həlak olan heyət üzvləri və sərnişinlər arasında Azərbaycan Televiziyasının teleoperatoru Fəxrəddin Şahbazov da var idi.

Fəxrəddin İbrahim oğlu Şahbazov 22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulmuşdu. 1967-ci ildə Bakı şəhər 20 saylı orta məktəbi bitirdikdən sonra Bakı Neft Texnikumuna daxil olmuşdur. 1969-cu ildə hərbi xidmətə çağırılmış, 1971-ci ildə ordudan tərxis olunaraq, texnikumda təhsilini davam etdirmişdir. O, 1972-ci ildə Azərbaycan Teleradio Şirkətində əmək fəaliyyətinə başlamış və burada 20 il fasiləsiz olaraq operator vəzifəsində çalışmışdır. Əslən Lerik rayonunun Kəlvəz kəndindən idi.

1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Qarabağ və Qərbi Azərbaycan torpaqlarından zorla, silah gücü ilə çıxarması Fəxrəddin Şahbazovu çox sarsıtmışdı. O, könüllü olaraq cəbhəyə gedir, döyüş meydanından reportajlar hazırlayır və xalqa, eləcə də xarici ölkələrə çatdırırdı.

 Həmin illərdə cəbhə bölgələrinə gedib telereportajlar hazırlamaq o qədər də asan deyildi. Hər an ölüm təhlükəsi ilə üz-üzə dayanmaq lazım gəlirdi. Fəxrəddin heç bir təklif, göstəriş gözləmədən telejurnalistlərlə tez-tez sərhəd rayonlarına gedir, qaynar nöqtələrdən müxtəlif səpkili verilişlərin hazırlanmasına böyük səy göstərirdi.

1991-ci il… Noyabr ayı… Azərbaycan Teleradio Şirkətinin bir qrup əməkdaşı cəbhə bölgələrinə ezam olunmuşdu. Fəxrəddin də bu qrupun tərkibində idi. Onlar Ağdam rayon ictimaiyyəti ilə respublikanın rəhbər işçilərinin görüşündən reportaj hazırlamalı idilər. Bu ərəfədə ermənilər Xocavənddə növbəti təxribatlar törətmişdilər. Ölən və yaralananlar var idi. Qərara alındı ki, rəhbər işçilər hadisə yerinə getsinlər və məsələni yerindəcə aydınlaşdırsınlar.

Mİ-8 vertolyotu Ağdam istiqamətindən havaya qalxır. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında iriçaplı pulemyotlardan atəşə tutulan vertolyot yerə enərkən parçalanır. Respublikanın tanınmış şəxsləri ilə birlikdə teleoperator Fəxrəddin Şahbazov da qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 1992-ci il tarixli fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. O, Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhəri, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki, həmçinin İmişli şəhərindəki küçələrdən biri Fəxrəddin Şahbazovun adını daşıyır.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. İllərlə həsrətində yaşadığımız torpaqlarımız öz sahibinə qovuşub. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə xalqımız mətinliyini, mübarizliyini göstərdi. Bu gün bütün şəhidlərimiz kimi Fəxrəddin Şahbazovun da ruhu şaddır.

M.CƏFƏROV,

"Respublika".