Qürurla anırıq: Mübariz Əhmədov
Sosial həyat

Qürurla anırıq: Mübariz Əhmədov

XX əsrin 90-cı illərində tarix yenidən təkrar olundu.  Nankor, faşist xislətli ermənilərin qara əlləri Azərbaycana uzadıldı, onlar hər vasitə ilə öz mənfur siyasətlərini həyata keçirməyə çalışdılar. Şəhər, qəsəbə və kəndlərimizə güllə yağışı yağırdı.Vətənin dar günündə neçə-neçə mərd, cəsur oğullarımız ölüm-dirim savaşında  şəhidlik zirvəsinə ucaldı, torpaqlarımızı qeyrətlə qorudu. O torpaq ki, orada ata-babalarımızın, əzizlərimizin qəribsəmiş ruhları haray çəkirdi. O torpaq ki,  mənəvi xəzinəmiz erməni vandalları tərəfindən tar-mar edilir, qayalarında Qarabağ şikəstəsi qolaylanmırdı daha. Bir kərə yüksələn bayrağımızın bir daha enməməsi üçün  döyüş meydanında əbədiyyətə qovuşanlardan biri də Mübariz Əhmədov oldu.  Onun adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazıldı.

Mübariz Əlizadə oğlu Əhmədov 1 yanvar 1963-cü ildə  Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açmışdır.

Təbiətin vurğunu idi, yaşıdları ilə birlikdə nəğməli  çayların sahillərini qarış-qarış gəzir, yaz, yay aylarında gül-çiçək toplayır, qiymətli hədiyyə kimi anasına bağışlayırdı. Bağ-bağçada ağac və gül kollarına qulluq etməyi çox sevərdi.

Mübariz Əhmədov 1969-cu ildə kəndlərindəki beynəlmiləl məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfi bitirdikdən sonra Rusiya Federasiyasının Sankt-Peterburq Kino Texnikumuna daxil olmuşdur. Buradakı iqlim şəraitinə uyğunlaşa bilmədiyindən doğma kəndlərinə qayıtmış və  təhsilini davam etdirmişdir. Mübariz 1980-ci ildə Slavyan Universitetinə daxil olur. O, üçüncü kursda oxuyarkən əsgəri xidmətə çağırılır. 1985-ci ildə  ordudan tərxis olunur və  ali məktəbdə təhsilini davam etdirir. O, 1988-ci ildən  başlayaraq respublikamızda gedən ictimai-siyasi hadisələrə biganə qalmır, meydan hərəkatının fəal iştirakçısı olur. 1989-cu ildə “Dənizdən-dənizə”, “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni daşnakları Azərbaycan ərazilərində bir-birinin ardınca vəhşiliklər törətdi. Dinc əhaliyə olmazın divanı tutuldu. Zori Balayan, Silva Kaputikyan, Viktor Hambartsumyan  kimi türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanan erməni “ziyalıları” kütləvi informasiya vasitələrində televiziya verilişlərində uydurma yalanlar səsləndirir, hər yerdə xalqımıza qarşı  xəyanət tonqalı  yandırırdılar. Belə çətin, ermənilərin azğınlaşdığı vaxtlarda Azərbaycanın igid oğulları ölüm-dirim savaşına qoşuldu.  Yağı düşmənin müqavimətini qırmaq üçün könüllü olaraq  odlu səngərlərə üz tutanlardan biri də Mübariz Əhmədov oldu. O, özünümüdafiə batalyonuna yazıldı. Mübarizin hərbi hissənin bölük komandiri kimi ilk döyüşü Ağdamdan başladı.

Sabirabadın qartal oğlu Mübariz Əhmədov Dovşanlı, Xramort, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Ağbulaq, Yenikənd, Naxçıvanik, Abdal-Gülablı və digər ərazilərdə bir sıra döyüş tapşırıqlarının yerinə yetirilməsində şəxsi igidlik göstərdi. Dəfələrlə hərbi hissəyə erməni əsirləri gətirdi, xeyli hərbi texnika ələ keçirildi.

1991-ci ildə Müdafiə Nazirliyi  Mübarizə Türkiyə Respublikasında hərbi təhsil almağı tövsiyə etdi. Lakin qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən Mübariz  döyüşlərdə iştirak etməyi daha üstün tutdu.

...24 sentyabr 1992-ci il.  Hərbçilərimizə Ağdamın Abdal-Gülablı kəndinin erməni vandallarından azad edilməsi tapşırığı verilmişdi.  Düşmən gecə yarıdan başlayaraq kəndi ağır silahlardan atəşə tuturdu. Döyüşçülərimiz qələbə əzmi ilə əks-hücuma keçdilər. Qəflətən yaxınlıqda mərmi partladı. Mübariz ağır yaralandı. O, döyüş zonasından çıxarılsa da ölümün pəncəsindən xilas olmadı. Son mənzili Sabirabad rayonunun Qaratəpə kəndindəki qəbiristanlıq oldu.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Mübariz Əhmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Qəhrəman döyüşçü Mübariz Əhmədovun Sabirabad rayonunda büstü qoyulmuşdur.

Qədir ASLAN,

“Respublika”.