Qürurla anırıq: Orxan Əkbərov
Sosial həyat

Qürurla anırıq: Orxan Əkbərov

Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın xatirəsi hər zaman ehtiramla yad edilir. Onların qəhrəmanlığı gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulur. Şanlı qələbəni bizə yaşadanlardan biri - Vətən Müharibəsi Qəhrəmanı Orxan Nadir oğlu Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub.

1989-1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli, 1997-1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəb illərindən öz vətənpərvərliyinə görə yaşıdlarından seçilən Orxan Əkbərov orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olub. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini Qoşun Kəşfiyyat ixtisası üzrə bitirmişdir. 2004-2005-ci illərdə isə Təlim-Tədris mərkəzində ixtisası üzrə təhsil alıb. 2005-ci ildən "N" saylı kəşfiyyat bölüyündə kəşfiyyat Taqım komandiri, 2007-ci ildən kəşfiyyat Bölük komandiri, 2012-ci ildən 2020-ci ilədək "N" saylı hərbi hissənin Kəşfiyyat bölməsinin rəisi vəzifəsində işləyib. 2020-ci ilin yanvar ayından şəhid olduğu tarixədək "N" saylı hərbi hissənin komandiri vəzifəsində xidmət edib. Ön cəbhədə xidmət göstərməkdən qürur duyan qorxmaz kəşfiyyatçı Orxan Əkbərov illər ötdükcə artan zəngin təcrübəsi, cəsarətli xidməti komandanlıq tərəfindən yüksək qiymətləndirilərək çoxsaylı fəxri fərman və diplomlara layiq görülüb. Beyləqan və Ağdam rayonlarında "N" saylı hərbi hissələrdə kəşfiyyat rəisi olduğu illərdə nizam-intizamı, vətəpərvərliyi, çətin tapşırıqları uğurla icra etmək bacarığı peşəkar zabit kimi onu şöhrətləndirib. Hərbidə qulluq etdiyi müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90, 95 yubiley, Qüsursuz xidmətə görə 2-ci, 3-cü dərəcəli medalları ilə təltif edilib.

Orxan 2016-cı ildə Aprel və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci il sentyabr ayında torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib, düşmənin 200-dən çox əsgərini və bir neçə silah dolu maşınını məhv edib. Polkovnik-leytenant Orxan Əkbərov 2 oktyabr 2020-ci il Füzuli istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 6-da Biləsuvar rayonunda torpağa tapşırılıb. Şəhidimizin vətənə əmanət iki övladı yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Biləsuvar şəhər Uşaq İncəsənət Məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Orxan Nadir oğlu Əkbərovun adı verilmişdir.

Bu gün Orxanın necə bir qəhrəman oğul olmasını, onu tanıyan hər kəs bilir. 20 illik şərəfli xidməti dövründə, onunla xidmət etmiş minlərlə zabit və əsgərdən kimsə Orxanın adını eşitdikdə, onun qorxmaz vətən oğlu, təəssübkeş qardaş olmasından fəxrlə danışırlar. Döyüşlərə yüksək əhvali-ruhiyyədə girməsi əsgərlərdə qələbə əzmini artırıb, ölümdən heç vaxt qorxmayıb. Hücum əmri gələndə silaha sarılır, əsgərlərinin önünə düşür, Lələtəpə istiqamətində düşmənin alınmaz qala hesab etdiyi beş postun istehkamlarını göyə sovurur. Kənd Horadiz istiqamətində meşədə xeyli sayda xüsusi təyinatlı düşmən əsgəri məhv edilməsində xüsusi rəşadət göstərir. Düşmənə kömək üçün tələsən bölüyün silahla dolu 5 avtomobili, 60 nəfərlik canlı qüvvəsi Orxanın komandanlığı ilə Azərbaycan əsgəri tərəfindən məhv edilib. Qeyri-bərabər döyüşdə o, yaralı əsgərini və şəhidini döyüş meydanında qalmasını öz həyatı bahasına istəməyib, əsgərlərinə "biz müdafiədəyik, siz onları döyüş meydanından çıxarın" əmrini verib. O, özü kimi əsgərlərini də buna hazırlamışdı. Düşmən cəbhəsini yararkən, "həyatın ən böyük xoşbətliyi bu gündür", - deyən komandirin qəlbində gəzdirdiyi ülvi bir istək var idi: Şuşada üçrəngli bayrağımızı birinci dalğalandırmaq!

Böyük Zəfəri, Qələbəni görməsə də, bu gün Orxan Əkbərovun ruhu şaddır. Onun azad görmək istədiyi Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır.

M.MİRZƏ,

"Respublika".