Qürurla anırıq: Rövşən Rzayev
Sosial həyat

Qürurla anırıq: Rövşən Rzayev

Rövşən el qəhrəmanı, azadlıq aşiqi olub, onun şəhid ömrü tariximizin qızıl səhifəsinə həkk olunub. Vətənin ağır günlərində yurdumuzun yağı düşməndən qorunmasında mərdliklə vuruşub.

Rövşən Abdulla oğlu Rzayev 15 oktyabr 1969-cu ildə Qaradağ rayonunun Sahil qəsəbəsində dünyaya göz açıb. Məktəbdə təhsil aldığı illərdə elmi biliklərlə mükəmməl yiyələnməklə yanaşı, idmana da böyük həvəs göstərmiş, futbolla, voleybolla məşğul olmuşdur.

Rövşən Rzayev 1986-cı ildə E.İsmayılov adına 253 saylı orta məktəbi bitirdikdən sonra Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. O, 1991-ci ildə təhsilini başa vuraraq, təyinatla Orta Asiya və Qazaxıstan üzrə daxili qoşunların tərkibində taqım komandiri kimi fəaliyyətə başlamışdır.

Rövşənin qəlbi həmişə Azərbaycan, Vətən eşqi ilə döyünürdü. Erməni daşnaklarının xain əlləri yurdumuza uzananda, 90-cı illərin əvvəllərində düşmənin silahlı  qüvvələri ərazilərimizə təcavüz edəndə, günahsız insanlar qətlə yetiriləndə o, Azərbaycana döndü. Rövşən 1992-ci ilin fevralında 6500 saylı mühafizə alayının 6-cı  bölüyünə komandir təyin edildi.

Rövşən mart ayının ortalarından  başlayaraq, tez-tez  cəbhə bölgələrinə ezam olunur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda yaxından iştirak edirdi. O, Ağdam rayonunun Papravənd, Pircamal, Aranzəmin, Şelli, Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdir. Cəsur komandir 1992-ci ilin iyun ayında Naxçıvanik kəndində gedən döyüşlərin birində ağır yaralanır. Lakin o, döyüş meydanını tərk etmir, mühasirəyə düşmüş neçə-neçə yaralı əsgəri xilas edir. Rövşən bir müddət müalicə olunur, həkimlər onun səhhətinin yaxşılaşması üçün əllərindən gələni əsirgəmirlər. Rövşənin qəlbi həmişə döyüş səngərlərində, cəsur Azərbaycan hərbçilərinin yanında idi.

Komandanlıq Rövşən Rzayevin igidliyini, məğrurluğunu nəzərə alaraq onu 1993-cü ilin mart ayında Ədliyyə Nazirliyinin 7535 saylı  hissəsinin qərargah hissəsi vəzifəsinə təyin edir. 1994-cü ilin iyun ayında isə o, vaxtilə xidmət etdiyi alayın 4-cü taborunda qərargah rəisi vəzifəsinə təyin olunur.

19 yanvar 1996-cı il... Rövşən 6500 saylı mühafizə alayının 15-ci bölüyünə komandir təyin olunur. Bir müddət sonra o, Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının Baş İdarəsinin mühafizə alayında qərargah rəisi vəzifəsinə irəli çəkilir. Kapitan rütbəsinə yüksəlir. Son vaxtlarda isə Qobustan həbsxanasının mühafizə bölüyünün komandiri olur.

8 yanvar 1999-cu ildə həbsxanada bir qrup məhbus öz əməllərini həyata keçirmək üçün bir neçə yaralı əsgəri girov götürür. Bu hadisəni eşidən bölük komandiri Rövşən Rzayev dərhal həbsxanaya yollanır və qiyamçılarla danışıq aparır. Yaralı əsgərləri xilas edən  polis kapitanı R.Rzayev xidməti vəzifəsini yerinə yetirərkən həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı Fərmanı ilə Rzayev Rövşən Abdulla oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Sahil qəsəbəsində dəfn edilən Rövşən Rzayevin adına qəsəbədə park salınmış, büstü qoyulmuşdur.

Qədir ASLAN,

“Respublika”.