Qürurla anırıq: Səxavət Məhərrəmov
Sosial həyat

Qürurla anırıq: Səxavət Məhərrəmov

Doğma yurdumuzun qeyrətli övladları öz şəhid ömürləri ilə cəsurluğun əbədiyyət nəğməsini yaratdılar. Bu nəğmənin hər sətri, hər bəndi qanla yoğrulub, güllələrlə, mərmilərlə bəstələnib. Erməni daşnaklarının mənfur əməlləri, Qarabağ uğrunda gedən ölüm-dirim savaşı Vətənin igid övladlarını ayağa qaldıraraq, onları haqq yolunda haqq savaşına səslədi. Belə oğullardan biri də Səxavət Ələmdar oğlu Məhərrəmov idi. Elə isə gəlin Azərbaycanın Milli Qəhrəmanı kimi fəxri ada layiq görülmüş  bu igidin həyat və döyüş yoluna qısa da olsa nəzər yetirək...

Səxavət Məhərrəmov 1973-cü il dekabrın 5-də qədim Oğuz yurdu Ağbaba mahalının Qaraçanta (Əzizbəyov) kəndində dünyaya göz açmışdır. Bu ailədə 7 uşaq böyüyürdü. Səxavət isə ailənin sonbeşiyi idi.  Doğrudan da, uşaqların körpəsi baldan da şirin olar, deyirlər.  Elə buna görə də ata-ana, bacı-qardaşları, eləcə də qohum-qonşular balaca Səxavətin ayaqlarını yerə dəyməyə qoymurdular. O, qucaqlarda gəzər, süfrənin dadlı yeməklərindən ilk dəfə Səxavətə pay ayrılar, Novruz bayramlarında  ilk qırmızı paltar ona geyindirilər, torbasına növ-növ şirniyyatlar yığılardı.

Qaraçanta kəndi atlas geyimli dağların qoynunda yerləşirdi. Əlvan xalını andıran çəmənliklər, gur şəlalələr, yalçın qayalar, qıy vuran qartallar yolu bura düşənlərə gəl-gəl deyirdi. Güllü-çiçəkli çəmənliklər döşəyi, sal daşlar yastığı idi Səxavətin. İlin loğman çağlarında Səxavət öz tay-tuşları ilə birlikdə “Hülley” dağının hər uca zirvəsini, nəğməli yamaclarını qarış-qarış gəzərdi. Aşıqlar kənd toylarında sədəfli sazı dilə gətirəndə, “Baş sarıtel”, “Dilqəmi”, “Ruhani”, “Göyçəgülü”, “Misri” və digər aşıq havaları səslənəndə Səxavət sanki özünü göylərin yeddi qatında, Çənlibeldə, Qoç Koroğlunun, Xan Eyvazın yanında hiss edərdi.

Çalışqanlığına, xoş xasiyyətinə, mehribanlığına görə, müəllimləri Səxavəti sinif yoldaşlarına nümunə göstərərdi. Ədəbiyyat müəllimi Firuz Novruzov deyərdi:

--Səxavət kitabdakı şeirlərdən parçalar söyləyəndə insan özünü bir anlığa gah təbiətin füsunkar qoynunda, gah döyüş meydanında, gah da kükrəyib coşan dağ çaylarının sahillərində hiss edir. İnanıram ki, gələcəkdə Səxavət Ağbaba mahalının sayılıb-seçilən oğullarından biri olacaqdır...

1988-ci ildə ermənilər Qərbi Azərbaycanda soydaşlarımızı ata-baba yurdlarından zorla qovub çıxaranda Səxavətgilin də xoş növrağı pozuldu. Məhərrəmovlar ailəsi  köç və qəm karvanına qoşulub başı buludlardan nəm çəkən Ağbaba dağlarından, min bir nəğməli “Arpa” çayının sahillərindən göynəyə-göynəyə ayrıldılar. Faşist faşistliyi ilə qışın boranlı – çovğunlu günlərində qocalara, xəstələrə, körpə uşaqlara belə işgəncə verməzdi. Ancaq Silva, Zori Balayan kimi  daşnakların fitvası ilə zəhərli ilana dönən ermənilər bu alçaqlığı, qəddarlığı etdilər. Bacardıqları qədər azərbaycanlılara qarşı ən çirkin əməllərə əl atdılar.

1988-ci ildə daşnakların mənfur siyasəti nəticəsində Səxavət öz el-obasından  didərgin düşəndə o, doqquzuncu sinifdə oxuyurdu. Ailələri bir müddət Gürcüstanda yaşamış, oradan da Bakının Lökbatan qəsəbəsinə köçmüşdür. 1990-cı ildə burada 106 saylı orta məktəbi bitirdikdən sonra 1 saylı Təmir-Tikinti İdarəsində əmək fəaliyyətinə başlamışdır.  Səxavət Məhərrəmov Azərbaycanda Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından idi.

O,  1991-ci ilin noyabrında könüllü olaraq hərbi xidmətə başlayır. Əvvəlcə daxili qoşunlarda xidmət edir, sonra isə təzəcə yaranan Milli Ordu sıralarına qoşulur. İgidliyi,  cəsurluğu ilə döyüşçü dostları arasında böyük hörmət qazanır. Bir sıra hərbi əməliyyatlarda şəxsi igidlik göstərir.

...27 iyun 1992-ci il. Ağdərənin strateji əhəmiyyətli Möhtarağ kəndi dəfələrlə əldən-ələ keçmişdi. Kənd uğrunda qızğın döyüşlər gedirdi. Səxavət tez-tez yerini dəyişir, düşmən mövqelərinə dağıdıcı zərbələr endirirdi. Nəhayət, faşist xislətli ermənilər əllərində olan zirehli maşını itirdikdən sonra kəndi tərk etməyə məcbur oldular. Bölmə geri dönərkən kəndin yaxınlığındakı meşədə mühasirəyə düşdü. Bu zaman Səxavət düşmən gülləsinə tuş gələrək qəhrəmancasına həlak oldu.

 Qəhrəman döyüşçü, Ağbabanın igid oğlu Səxavət Məhərrəmovun son mənzili Bakı şəhərindəki Şəhidlər Xiyabanıdır.

Səxavət Məhərrəmovun adı əbədiləşdirilib, Lökbatan qəsəbəsindəki 106 saylı orta məktəbə onun adı verilib. Məktəbin dəhlizində büstü qoyulub.

Qədir ASLAN,

“Respublika”.