Qürurla anırıq: Tofiq Hüseynov
Sosial həyat

Qürurla anırıq: Tofiq Hüseynov

Hüseynov Tofiq Mirsiyab oğlu 19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1961-ci ildə birinci sinfə getmiş və 1971-ci ildə orta məktəbi bitirmişdir. Ağdam şəhərindəki Kənd Təsərrüfatı Texnikumunda mexanizasiya fakültəsini bitirdikdən sonra 1974-cü ildə hərbi xidmətə çağırılmışdır. 1976-cı ildə əsgəri xidmətini Qazaxıstan Respublikasının Alma-Ata şəhərində başa vurub doğma yurduna qayıtmışdır. Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi işləmiş, 1991-ci ildə Xocalı ərazi özünümüdafiə batalyonunun təşkilatçılarından biri kimi taborun komandiri təyin edilmişdir.

Tofiq rayonda "Mixaylo" ləqəbi ilə tanınmışdır. Meşəli kəndi uğrunda gedən döyüşdə taboru onlarla erməni yaraqlısını məhv etməyə müvəffəq olur. Onun səyi nəticəsində Naraguğ kəndində yerləşən və Xocalı şəhərini top atəşinə tutan top-batareya nöqtəsi susdurulur, Mehdikənd kəndində erməni quldurlarının artilleriya qurğusu "Alazan" məhv edilmiş və on erməni əsir götürülür. Bundan sonra eloğlunun adı cəbhə boyu dolaşır. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verilir.

1992-ci il fevral ayının 26-sı. Tofiq döyüş yoldaşları ilə birlikdə Xocalının müdafiəsinə qalxır. Vəziyyət getdikcə gərginləşirdi. Onlar dinc əhalinin təhlükəsiz yerlərə köçürülməsində, düşmən hücumunun qarşısının alınmasında rəşadətlə vuruşurlar. Qeyri-bərabər döyüşdə son gülləsinə qədər vuruşan Tofiq Hüseynov əsir düşməmək üçün qumbaranı sinəsinə sıxıb özü ilə bərabər  erməni yaraqlısını da məhv edərək qəhrəmancasına şəhid olur. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilir. Ailəli idi. Üç övladı yadigar qalıb.

Tofiqin o dəhşətli gecədə həm də silahdaşı olan qardaşı Bakir Hüseynovu da itirir. Atası Mirsiyab, anası Minəş xanım, həyat yoldaşı Məxmər xanım və 47 yaxın qohumu da Xocalı faciəsinin qurbanı olurlar. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür. Hazırda Xocalı 2 saylı tam orta məktəb Milli Qəhrəmanımızın adını daşıyır. Bu gün komandirin ocağında - oğlunun ailəsində onun adını fəxrlə daşıyan nəvəsi böyüyür. Yeniyetmə Tofiq Hüseynov babasının hərbçi yolunu davam etdirməyi qarşısına məqsəd qoyub.

Qardaşı qızı Samirə Hüseynovanın dediklərindən: "O zamanlar uşaq idim, amma Xocalı bu gün də xəyalımda canlanır. Xocalıda böyüməsəm də, sanki uzun illər orada yaşamışam. Əmim Tofiq Hüseynov haqqında danışmaq mənim üçün həm çətin, həm də şərəflidir. Təəssüf edirəm ki, onu sağlığında tanımamışam. Mənim atam da Xocalının müdafiəsi zamanı qəhrəmancasına şəhid olub. Böyüyəndən sonra bunları yavaş-yavaş anladım və dərk etdim ki, Xocalı faciəsi bizim tariximizə qara bir gün kimi yazılıb.  Hələ orta məktəbdə oxuyanda məktəbin dəhlizində Milli qəhrəmanların fotoşəkilləri vurulmuşdu. Həmişə gəlib əmimin şəklinin önündə dayanıb fəxrlə sinif yoldaşlarıma deyirdim, bu gördüyünüz qəhrəman mənim əmimdir".

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Azərbaycan əsgəri günahsız xocalılıların qisasını aldı, torpaqlarımızı mənfur düşmənin işğalından azad etdi, ərazi bütövlüyümüz təmin olundu.

Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı.

Xocalı soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Prezident İlham Əliyevin dediyi kimi: "Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Xocalı soyqırımını ...törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu".

Parlaq Qələbəmiz  xocalılıların ürəyinə saplanan tikanları çıxartdı. Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər. Xocalıda, həmçinin Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

M.MİRZƏ,

"Respublika".