Qürurla anırıq: Yunis Əliyev
Sosial həyat

Qürurla anırıq: Yunis Əliyev

Goranboy əməliyyatında Azərbaycanın qəhrəman oğulları ermənilərə əməlli-başlı dərs verdi. Azğınlaşmış erməni cəlladları nə qədər cəhd göstərsələr də istədikləri yüksəklikləri ələ keçirə bilmədilər. Azərbaycanın mərd oğulları hər qarış torpaq uğrunda qeyrətlə vuruşdu, odlu səngərlərdə daşnaklara əl-qol açmağa imkan vermədi. Nəticədə keçmiş Şaumyankənd erməni quldurlarından azad olundu, düşmən ağır itkilərə məruz qaldı. Goranboy əməliyyatının həyata keçirilməsində Vətənin digər oğulları kimi, Yunis Əliyev də şəxsi igidlik göstərdi. Birinci Qarabağ savaşında şəhidlik zirvəsinə yüksəldi...

Yunis Əsgər oğlu Əliyev 9 oktyabr 1958-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində dünyaya göz açmışdır. 1973-cü ildə orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini Dəliməmmədli şəhərindəki 102 saylı texniki peşə məktəbində davam etdirmişdir. Mexanizatorluq peşəsinə yiyələndikdən sonra Yunis valideynlərinin, yaxın qohumlarının xeyir-duası ilə ordu sıralarına yollanmışdır.

O, Tacikistanda hərbi xidmətdə olarkən komandanlıq tərəfindən tərifnamələrə layiq görülür, dəfələrlə valideynlərinə razılıq məktubu göndərilir. Yunis əsgəri borcunu yerinə yetirdikdən sonra bir neçə il Rusiya Federasiyasında yaşayır, bir müddət keçdikdən sonra isə doğma Vətənə qayıdır. Rayonda fəaliyyət göstərən Kərpic Zavodunda işə başlayır.

Yunis Əliyev erməni fitnəkarlarının törətdikləri vəhşiliklərə dözməyərək 1992-ci ildə Vətənin müdafiəsinə qalxanların cərgəsinə qoşulur. O, Goranboy rayonunda yaradılmış ikinci batalyonun tərkibinə yazılır. İlk sınaq döyüşü Ağdərə bölgəsində olur. Bu döyüş Aşağı Ağcakəndin geri alınmasından üç gün sonra baş verdi. Döyüşlərin birində Yunis ayağından ağır yaralanır. O, bir müddət Bakıda müalicə olunduqdan sonra yenidən cəbhəyə - odlu səngərlərə qayıdır. O, hər an düşməndən qisas almağa çalışırdı.

4 may 1992-ci il. Goranboy rayonunun Tapqaraqoyunlu kəndini mühafizə edən bölük Talış kəndində yerləşən faşist xislətli ermənilərin mövqelərini susdurmaq üçün "Yaltaxıl" adlı əməliyyat planı hazırlamışdı. Əməliyyat uğurla başa çatdırıldı. Bölük Talış kəndində möhkəmləndirilmiş düşmən mövqeyini ələ keçirdi. Bu əməliyyat erməni silahlı dəstələri üçün gözlənilməz olduğundan onlar döyüşçülərimizin hücumu qarşısında duruş gətirə bilməyib öz mövqelərini tərk etməyə məcbur oldular.

Ertəsi gün mayın 5-də ermənilərin qəfil hücumu nəticəsində döyüşçülərimiz əvvəlki mövqelərinə çəkilməli oldular. Həmin gün Yunis Əliyev erməni gülləsinə tuş gəldi. Yunisin və onun bir neçə döyüşçü dostunun cəsədi 43 gündən sonra Talış kəndi azad edildikdən sonra tapıldı. Yunis Əliyev 16 iyun 1992-ci ildə doğma kəndində - Qızılhacılıda dəfn edildi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Əliyev Yunis Əsgər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Qızılhacılı kəndindəki 3 saylı uşaq bağçası qəhrəman döyüşçünün adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.

Qədir ASLAN,

"Respublika".