Qürurla anırıq: Şövqiyar Abdullayev
Sosial həyat

Qürurla anırıq: Şövqiyar Abdullayev

1986-cı ildə orta məktəbi müvəffəqiyyətlə bitirən Şövqiyar Abdullayev qəlbinin hökmü ilə Azərbaycan Texniki Universitetinin avtomatika fakültəsinə daxil olmuşdu. Şövqiyar tədris olunan fənləri həvəslə öyrənir, dərs əlaçısı olmaqla yanaşı, təhsil aldığı ali məktəbin ictimai həyatında yaxından iştirak edirdi.

Şövqiyar könüllü olaraq Milli Orduya yazılmışdı. Universitetdə əyani təhsil alsa da, valideynlərinin razılığı ilə odlu döyüş nöqtələrinə yola düşdü.

Şövqiyar doğmaları ilə görüşüb Bakıdan ayrılanda 1992-ci il martın 3-ü idi. Şövqiyar Abdullayev Ağdamda Elxan Orucovun yeni yaradılmış tank briqadasına qəbul edildi. Burada Şövqiyara tank komandiri kimi məsuliyyətli bir vəzifə tapşırıldı. Göyçənin qəhrəman oğlu hər an, hər dəqiqə döyüş meydanına, yağı düşməndən qisas almağa tələsirdi. Çox keçmədən, tələbə tankçı cəbhənin odlu nöqtələrində ağır döyüşlərə atıldı, qanlı vuruşmalarda iştirak etdi.

Şövqiyar bu bölgədə Azərbaycan Milli Ordusunun döyüş əməliyyatlarında yaxından iştirak etmiş, Abdal, Purcamal, Aranzəmin, Naxçıvanik, Dəhraz və digər kəndlər uğrunda qanlı döyüşlərdə şəxsi igidlik və şücaət göstərmişdir. Avqustun 23-də onu Ağdərədə vuruşan döyüşlərə köməyə göndərirlər. Drumlon kəndi ermənilərdən təmizlənərkən Şövqiyarın komandir olduğu tank iki dəfə vurulur. Bu döyüşlərdə ayağından yaralanan Şövqiyar gecikdirilmədən Ağdamdakı hərbi hospitala çatdırılır. Hospitalda tələbə döyüşçüyə müalicə almaq üçün təcili Bakıya göndərilməli olduğu bildirilir. Lakin Şövqiyar həkimlərin bu təkilifi ilə razılaşmır: “Mən cəbhə dostlarımı darda qoyub heç bir yerə gedən deyiləm” –deyərək yarası sağalmamış yenidən Ağdərəyə qayıdır. Avqustun 27-də qəfil düşmən gülləsi Şövqiyarı yaxalayır, qorxmaz Vətən oğlu yoldaşlarının qolları arasında gözlərini əbədi yumur. Son mənzili isə Bakı şəhərindəki Şəhidlər Xiyabanı olur.

Biz bu günlərdə adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazılmış qəhrəman döyüşçü Şövqiyar Abdullayevin atası Cəmil müəllimlə görüşdük:

-Bir ata kimi cəsur, qəhrəman oğlum Şövqiyarla qürur duyuram. Faşist xislətli erməni quldurları torpaqlarımıza göz dikəndə oğlum Şövqiyar təhsilini yarımçıq qoyub odlu səngərlərə yollandı. O, azğınlaşmış ermənilərə havadarlıq edən Mixail Qorbaçov, Zori Balayan, Sero Xanzadyan, Viktor Hambartsumyan və başqa millətçi erməni terrorçularına dərin nifrət bəsləyirdi.

Tez-tez Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəman oğlumun məzarı üstünə qırmızı qərənfillər düzərək yad edirəm.

Əlbəttə, oğul dərdi çətindir, çox çətin. Ancaq təsəllini onda tapıram ki, 2020-ci ildə cəmi 44 gün ərzində Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyət, sərkərdəlik məharəti sayəsində işğal altında olan torpaqlarımız azad edildi.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə igid, cəsur döyüşçü Şövqiyar Cəmil oğlu Abdullayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Şövqiyar Abdullayevin xatirəsi əbədiləşdirilmiş, Bakı şəhərindəki küçələrdən birinə qəhrəman döyüşçünün adı verilmişdir.

Qədir ASLAN,

“Respublika”.