Qürurverici tarixi hadisə
SİYASƏT

Qürurverici tarixi hadisə

Bu günlərdə tarixi hadisənin - Vətən müharibəsində qazanılan Zəfərin birinci ildönümünü qeyd etdik. Müasir tariximizin ən böyük hərbi-siyasi hadisəsi olan bu qələbə dövlətimizin qürurunun və gücünün ifadəsi olaraq bütün dünyaya xalqımızın öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Şanlı Zəfərimiz Prezident İlham Əliyevin yürütdüyü siyasətin bəhrəsi oldu, onun təntənəsinə çevrildi.

 Bu siyasət ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təntənəsi olmaqla, Azərbaycanı qlobal enerji təhlükəsizliyi müzakirələrində söz sahibi etdi, ölkəmizin beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirdi. İlham Əliyev bütün sahələrdə respublikamızın inkişafına nail olaraq ona Cənubi Qafqazın lider dövləti statusunu qazandırıb. Təsadüfi deyil ki, uzun illərdir regionda Azərbaycanın iştirakı olmadan hər hansı layihənin həyata keçirilməsi mümkünsüzdür.

Bu gün Cənubi Qafqaz regionunun lider ölkəsi olan, dünyada güclü dövlət və etibarlı tərəfdaş kimi tanınan Azərbaycan çoxsaylı nailiyyətlər qazanaraq öz qüdrətini daha da artırır. Təbii ki, möhtəşəm uğurların qazanılmasında bütün sahələri əhatə edən çoxşaxəli islahatların mühüm rolu var. Bu reformalar digər istiqamətlər kimi məhkəmə-hüquq sahəsini və ədliyyə sistemini də əhatə edir. Bunun nəticəsidir ki, 103-cü ildönümünü qeyd etdiyimiz ədliyyə sistemi daim təkmilləşir, müasir çağırışlara tam cavab verir.

Bugünkü gənc, müstəqil Azərbaycan Respublikasında cəmiyyət həyatının istənilən sahəsindəki tərəqqiyə nəzər salarkən, mütləq həmin uğurların təməlində ulu öndər Heydər Əliyevin siyasi kursunun prinsiplərini görürük. İslahatlar aparılmış, müasirləşdirilmiş və dünya təcrübəsi əsasında yenidən qurulmuş ədliyyə sistemimiz də məhz öz inkişafına Heydər Əliyevin siyasi müdrikliyi sayəsində nail olmuşdur. Bu, bir tarixi faktdır. Azərbaycan ədliyyəsi həm ötən əsrin 70-80-ci illərində, həm də ulu öndərin  ikinci dəfə siyasi hakimiyyətə qayıtdığı 1993-cü ilin yayından 2003-cü ilin payızına qədər məhz Heydər Əliyevin qayğısı və diqqəti sayəsində inkişaf etmişdir. 

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev ədliyyə orqanlarının inkişafına xüsusi diqqət göstərir. Ötən müddətdə görülən işlər bunun bariz nümunəsidir.

Ədliyyə Nazirliyinin fəaliyyətinin normativ-hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il 18 aprel tarixində “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni təsdiq edib. Həmin il avqustun 17-də dövlət başçısının imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərman isə Azərbaycan ədliyyəsinin fəaliyyətinin təkmilləşdirilməsi işində mühüm əhəmiyyətə malik olmuşdur. Bununla da Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusu verilmiş, yeni vəzifələr həvalə edilməklə, onun strukturu təkmilləşdirilmişdir. Həmçinin, xüsusilə bölgələrdə regional ədliyyə idarələrinin və şöbələrinin yaradılması yerli əhalinin bu orqanlara müraciət imkanlarını asanlaşdırmışdır. Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzinin əsasında Ədliyyə Akademiyasının yaradılması da bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Bu, ədliyyə sahəsində kadr hazırlığı məsələlərinin uğurla həyata keçirilməsinə mühüm töhfələr verir. Ədliyyə Nazirliyi tərəfindən İKT-nin tətbiqi daim diqqətdə saxlanılır və bu sahədə davamlı işlər görülür. Mühüm məqamlardan biri də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlar çərçivəsində qabaqcıl xarici təcrübələrin öyrənilməsi, beynəlxalq əlaqələrin inkişafına böyük önəm verilərək xarici ölkələrin ədliyyə qurumları ilə səmərəli əməkdaşlığın həyata keçirilməsidir. 2009-cu ildə dövlət başçısı tərəfindən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın qəbul olunması ədliyyə və məhkəmə sahəsində islahatların gələcək inkişaf perspektivlərini müəyyən etmişdir. Proqram çərçivəsində Azərbaycan ədliyyəsinin dinamik inkişafının təmin olunmasına, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsinə, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılmasına, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş kompleks tədbirlər həyata keçirilir.

Möhtərəm Prezident İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq məhkəmə sistemi daim təkmilləşdirilir, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilir, qanunvericilik və institusional islahatlar aparılır, məhkəmələrin infrastrukturu yüksək statusuna uyğun yaxşılaşdırılır və müasirləşdirilir. Təsadüfi deyil ki, Avropa Şurası Azərbaycanda hakimlərin seçim prosedurunu şəffaflığı və obyektivliyinə görə fərqləndirərək örnək kimi dəyərləndirib və digər dövlətlərə tövsiyə edib. Həmçinin, avropalı ekspertlər ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqində Azərbaycanın bir çox Avropa ölkələrinə nümunə olduğunu qeyd edirlər.

Dövlətimizin başçısı tərəfindən penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı imzalanan Sərəncam da ədliyyə sahəsində islahatların həyata keçirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Ədliyyə Nazirliyinin mühüm sahələrindən olan notariat institutunun inkişafı, notarius işinin şəffaf prosedurlar əsasında formalaşdırılması, xüsusi notariatın və elektron notariatın geniş tətbiqi ədliyyə sisteminə böyük töhfələr verir. Təsadüfi deyil ki, Azərbaycanın notariat sahəsindəki nailiyyətlərinə maraq göstərilərək xarici dövlətlərin notariusları tərəfindən müsbət təcrübəmiz öyrənilir, xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq seminarlar keçirilir. Notariat sahəsində aparılan islahatlar nəticəsində ölkəmizdə beynəlxalq təcrübəyə uyğun xüsusi notariat institutu yaradılıb. Bu institutun inkişafı notariat hərəkətlərinin rəsmiləşdirilməsinə öz töhfəsini verib.

 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan baş idarə səlahiyyətli qurumu olan Məhkəmə Ekspertizası Mərkəzində də müasir texnologiyalardan və yeniliklərdən istifadə olunaraq tədqiqatlar aparılır, ekspertiza xidmətinin keyfiyyəti getdikcə daha da artırılır. Azərbaycan Respublikası Ədliyyə nazirinin “Məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər barədə” 2012-ci il tarixli əmri ilə Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə, Şəki və Şirvan regional bölmələri, 2019-cu il tarixli əmri ilə Lənkəran regional bölməsi yaradılmışdır. Mərkəzin filiallarının yaradılması hüquq-mühafizə orqanlarının işinə, operativliyin təmin olunmasına, vətəndaşların vaxt və zaman itkisinə müsbət təsirini göstərmişdir.

Bu gün artıq bir əsrdən çox yaşı olan Ədliyyə Nazirliyinin əməkdaşları dövlət başçısının ətrafında sıx birləşərək ölkədə qanunvericiliyin daha da zənginləşdirilməsi, məhkəmə-hüquq sistemində şəffaflığın təmin olunması istiqamətində fəaliyyətlərini daha da gücləndirirlər.

Ədliyyə işçiləri peşə bayramlarını bu sahədə ardıcıl nailiyyətlərin və davamlı inkişafın fonunda qeyd edirlər. 8 Noyabr - Zəfər Gününün 22 Noyabr - Ədliyyə İşçilərinin Peşə Bayramı Günü ilə eyni aya təsadüf etməsi də bizim üçün qürurverici tarixi hadisədir. 44 günlük Vətən müharibəsində bütün dövlət qurumları ilə yanaşı, Ədliyyə Nazirliyi də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi. Ədliyyə naziri Fikrət Məmmədovun tapşırığı ilə nazirliyin bütün qurumlarında gücləndirilmiş iş rejimi həyata keçirildi, hamı bir yumruq kimi birləşərək Vətən uğrunda yorulmadan fəaliyyətə başladı. Ədliyyə orqanlarının bir sıra əməkdaşları da Vətən müharibəsində iştirak etmək üçün cəbhəyə yollandılar. Həmin dövrlərdə əslən Cəbrayıl rayonundan olan Ədliyyə Nazirliyinin əməkdaşı Xəlilov Ruhin Müzəffər oğlu da könüllü olaraq döyüşə getmiş və şəhidlik zirvəsinə yüksəlmişdir. Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli qurumu olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri hüquq-mühafizə orqanları ilə birgə istifadəsi qadağan olunmuş silahların atıldığı ərazilərə ezam olunub baxışlar keçirmiş, əhaliyə dəymiş zərəri müəyyənləşdirmək üçün hadisə yerlərinə cəlb olunmuş, bir sıra məhkəmə ballistik və trasoloji, mühəndis tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, tədqiqatlar aparılıb rəylər verilmişdir. 

Bu gün  ədliyyə əməkdaşlarının sevinci ikiqatdır. Çünki həmişə böyük həvəslə gözlədiyimiz 22 Noyabr - peşə bayramımızın tarixi ilə eyni aya, illərlə yolunu gözlədiyimiz və hazırda qürur hissi ilə qeyd etdiyimiz 8 Noyabr - Zəfər Günü də yazıldı. Bu münasibətlə  xalqımızı və ədliyyə işçilərini ürəkdən təbrik edirəm.

  Məhəmməd MƏMMƏDƏLİYEV,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı.