Qusarda koronavirusa qarşı mübarizə tədbirləri
Region

Qusarda koronavirusa qarşı mübarizə tədbirləri

Son günlər respublikamızda COVİD-19 infeksiyasına yoluxma sayının kəskin artması vətəndaşlar və aidiyyəti qurumlar tərəfindən sanitar-gigiyenik qaydalara ciddi əməl olunmasını, ara məsafənin qorunmasını, maskadan istifadə və digər tələbləri zəruri etmişdir. Qusar rayonunda da bu zəruri tələblərin icra olunmasına xüsusi diqqət yetirilir. Son vaxtlar əhalinin sıx toplaşdığı və çox hərəkət etdiyi ərazilərdə profilaktiki dezinfeksiya işləri gücləndirilmişdir.

Rayon mənzil istismar idarəsi tərəfindən təyin olunmuş qrafik əsasında çoxmərtəbəli yaşayış binaları və həyətləri həftə içi iki dəfə olmaqla xüsusi kimyəvi məhlulla dezinfeksiya edilir. Şəhərdə dezinfeksiya işlərinin daha da geniş aparılması üçün Mənzil Kommunal müəssisələri kombinatı tərəfindən iki ədəd uyğunlaşdırılmış suçiləyən maşın ayrılmışdır. Hər həftənin sonunda şəhərin prospekt, küçə və istirahət yerlərində, ticarət, ictimai iaşə və digər obyektlərdə, ictimai nəqliyyat vasitələrində dezinfeksiya işləri aparılır. Rayon Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşları, polis işçiləri və digər əlaqədar təşkilatlar tərəfindən əhali arasında müntəzəm surətdə maarifləndirmə tədbirləri həyata keçirilir.

Mütəxəssislərin dediyi kimi dünyanı bürümüş COVİD-19 kabusundan qurtulmağın əsas yolu əhalinin mümkün qədər tez bir zamanda vaksinasiya olunmasıdır. Odur ki, rayonda 18 yaşdan yuxarı vətəndaşların vaksinasiyası sürətlə davam edir. İşin daha səmərəli təşkili məqsədilə kənd inzibati ərazi dairələrinə rayon Mərkəzi Xəstəxanası tərəfindən səyyar briqadalar göndərilir. Briqadaların gəlməsi ilə bağlı vətəndaşlara bir gün əvvəl xəbərdarlıq olunur.  Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, yerli icra hakimiyyəti nümayəndələri və digər əlaqədar qurumlar gündən-günə sürətlə yayılan bu pandemiyadan qorunmaq üçün təcili peyvənd olunmağa çağırış edirlər.

Ziyafəddin Bayramov,

“Respublika”.