Qusarda Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin I Forumunun açılışı olub
İdman

Qusarda Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin I Forumunun açılışı olub

Martın 2-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə Qusar şəhərində Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin I Forumunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin forum iştirakçılarına təbrik məktubları oxunub.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu giriş sözü söyləyib. O bildirib ki, indiki vaxtda gənclərin daha sıx qarşılıqlı fəaliyyəti üçün şərait yaradılıb. Diplomat deyib: "Bu il ölkələrimiz arasında qarşılıqlı diplomatik münasibətlərin 30 illiyi qeyd olunur. Yaxın günlərdə - bu il fevralın 22-də dövlətlərimizin başçıları arasında çox mühüm sənəd - Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Bu, həm iqtisadiyyat, həm mədəniyyət, həm də siyasət sahələrində həqiqətən yeni üfüqlər və imkanlar açan çox mühüm sənəddir. İndi yeni şəraitdə, yeni platformada bu qarşılıqlı fəaliyyət çox böyük məna kəsb edir. Çünki gələcəyimiz dostluq, tolerantlıq və qarşılıqlı fəaliyyət ideyalarını irəli aparan gənclərin əlindədir".

Sonra Rusiyanın elm və ali təhsil naziri Natalya Boçarova çıxış edib. O vurğulayıb ki, Azərbaycan və Rusiyanın həqiqətən çox uzunmüddətli və birgə tarixi var. Nazir deyib: "Gənclər birgə layihələr yaratmaqla, nəinki ölkələrimizin gələcəyinin siyasəti, iqtisadiyyatı üzərində, həm də ölkələrimiz arasında mövcud olan bu insani və mənəvi əlaqələrdə qalmaq üzərində işləyir".

Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov forumun açılışında çıxış edərək vurğulayıb ki, dövlət orqanlarının, gənclər təşkilatlarının təmsilçiləri bu platformada ölkələrimizin gənclər siyasətində, həmçinin təhsil sistemində fikir və təcrübə mübadiləsi aparmaq üçün toplaşıblar. O qeyd edib ki, forumda gənclər təşəbbüsünün müzakirəsi müasir dövrdə hər iki ölkəni narahat edən ən mühüm məsələlərin optimal həllinin işlənib hazırlanmasına kömək edəcək.

Rusiyanın gənclərlə iş üzrə federal agentliyi rəhbərinin müavini Andrey Platonov qeyd edib ki, forum ideya, fikir, layihə mübadilələri aparmaq, birgə planların həllində yol xəritəsini qurmaq üçün imkan yaradacaq. O, Azərbaycanın və Rusiyanın birgə könüllülük şurasının formalaşdırılması üzrə işlərin aparılmasını vurğulayaraq bildirib ki, bu gün gənclər bir neçə istiqamətdə, o cümlədən könüllü-sosial fəaliyyət, ictimai təşkilatların və birgə sahibkarlıq layihələrinin rəhbərlərinin hazırlanması istiqamətində işləri müzakirə edə bilərlər.

Sonra Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin I Forumu öz işini üç diskussiya sessiyasında davam etdirib. Sessiyalarda Rusiyanın "Bilik" cəmiyyətinin direktorunun xüsusi layihələr üzrə müavini Andrey Kuşnaryov "Rusiyanın "Bilik" cəmiyyətinin fəaliyyətinin və iri tədbirlərinin əsas istiqamətləri" mövzusunda, Rusiyanın "Bilik" cəmiyyətinin mühazirə işləri departamentinin direktoru Diana Vulpe "Rusiyanın "Bilik" cəmiyyətinin regional layihələri və bütün Rusiya üzrə mühazirə işlərinin tərtibi" mövzusunda, Bakıda Rusiyanın elm və mədəniyyət mərkəzinin rəhbəri İrek Zinnurov "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin fəaliyyət və tədbirlərinin əsas istiqamətləri" mövzusunda, Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzdində Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Biliklərdən vərdişlərə doğru: Azərbaycan məktəblərində innovasiyalı kontentin işlənib hazırlanması və kütləvi şəkildə tətbiqi" mövzusunda, Azərbaycan Respublikası Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov "Azərbaycanda maarifləndirmə (sosial) layihələrinin dəstəklənmə mexanizmləri və layihələrin uğurlu variantları" və başqa mövzularda təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin I Forumu öz işini martın 3-də başa vuracaq.

AZƏRTAC