Qusarda Vətən Müharibəsi Qəhrəmanı ilə görüş
Region

Qusarda Vətən Müharibəsi Qəhrəmanı ilə görüş

Renat Güləmməd oğlu Şixnəbiyev Qusar rayonunun Balaqusar kəndində boya-başa çatıb. 2008-ci ildə Balaqusar kənd tam orta məktəbini bitirərək Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2012-ci ildə ali təhsilini başa vurub  leytenant rütbəsi almışdır. Sonra Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində "Xüsusi təyinatlı" ixtisası üzrə təhsilini davam etdirmişdir. Təyinatla müxtəlif  hərbi hissələrdə xüsusi təyinatlı taqım komandiri, qrup komandiri, bölük komandiri  vəzifələrində çalışıb. 16 yanvar 2021-ci il tarixində tabor komandirinin müavini  vəzifəsinə təyin olunub. O, qısa müddətdə mayor rütbəsinə qədər yüksəlib.

R.Şixnəbiyev Vətən müharibəsinin ilk günündən ön cəbhədə olub. Əvvəlcə Füzulidə, sonra Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə igidliklə vuruşub.  Cəsur zabit düşmən qüvvələrinin darmadağın edilməsində xüsusi fədakarlıq göstərmişdir. Nümunəvi hərbi xidmətinə və Vətən müharibəsində göstərdiyi igidliklərə görə o, Ordumuzun yaranmasının "95 illik yubileyi" , "100 illik yubileyi" medalları ilə, "İgidliyə görə" medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla habelə, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Renat Şixnəbiyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi igidlik və mərdliyə görə "Vətən Müharibəsi  Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Bu günlərdə Qusar Rayon İcra Hakimiyyətində Vətən Müharibəsi Qəhrəmanı  ilə görüş keçirilmişdir. Görüşdə RİH başçısı Şair Alxasov qeyd etmişdir ki, müharibədə şəhid olmuş vətən oğullarının xatirəsi  hər birimizin qəlbində  yaşayır.  Həmyerlimiz Renat Şixnəbiyevin göstərdiyi şücaət, mərdlik və hünər gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında çox böyük nümunədir.  Rayonumuzun bütün sakinləri qəhrəman zabitimizlə fəxr edir.

Sonra Renat  Şixnəbiyev çıxış edərək Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, göstərdiyi güclü siyasi iradənin misilsiz rolundan və qəhrəman Azərbaycan əsgərinin rəşadətindən danışmışdır. R.Şixnəbiyev ona göstərilən qayğı və diqqətə görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirmişdir. Sonra RİH başçısı qəhrəman döyüşçünü Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırmış, ona daha böyük müvəffəqiyyətlər arzulamışdır.   

Ziyafəddin BAYRAMOV,

"Respublika".