Qusarda yeni müəssisə
Region

Qusarda yeni müəssisə

Turizmin geniş inkişaf etdiyi Qusar rayonuna gələn qonaqların, turistlərin sayı artdıqca istirahət mərkəzləri və turizm obyektləri də çoxalır. Turist və rayon əhalisi sayının artması ilə əlaqədar məişət tullantılarının həcminin çoxalması bu sahədə əlavə tədbirlərin görülməsini zəruri edir. Qusar şəhərində mövcud, sovetlər birliyi dövründə yaradılmış məişət tullantıları poliqonunun ərazisi artan tələbatı ödəmir, şəhərin meşə torpaqları və yaşayış məntəqələri ilə əhatə olunması poliqon sahəsinin genişləndirilməsinə və əlavə yeni poliqonun yaradılmasına imkan vermir.

Odur ki, mövcud problemin həlli poliqona gətirilən tullantıların çeşidlənərək yararlı hissəsi təkrar emala qaytarmaqla atılan tullantıların həcmini azaltmaq və gələcəkdə həmin hissənin də emalını təşkil etmək qərara alınmışdır. Yeni fəaliyyətə başlayan Qusar Eco Park MMC-nin yaradılmasında məqsəd məhz Qusar şəhərindən çıxan məişət tullantılarını idarə etməklə faydalı hissələrinin çeşidlənərək təkrar istehsala qaytarmaqdan ibarətdir.

Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov həmin əraziyə gələrək yeni yaradılan müəssisənin işi ilə yaxından tanış olmuşdur. MMC-nin rəhbəri, sahibkar Anar Məmmədov icra başçısına məlumat verərək bildirmişdir ki, müəssisədə hər gün Qusar şəhərindən çıxan 25-30 kubmetrə yaxın məişət tullantıları qəbul edilməklə faydalı hissələri təkrar emal üçün çeşidlənəcəkdir. Bu da ay ərzində 1000 kubmetrə yaxın məişət tullantısının çeşidlənməsi deməkdir. Çeşidlənmiş faydalı hissələrin (pet butulkalar, plastik, tullantı kağızları, metal qırıntıları, şüşələr və sairə) bir qismi Bakı şəhərində fəaliyyət göstərən istehsal müəssisələrinə (Balaxanı Sənaye Parkına), digər qismi isə Sumqayıt şəhərində yerləşən müəssisələrə təkrar emal üçün göndəriləcəkdir. Müəssisə gələcəkdə fəaliyyətini bir qədər də genişləndirərək emalın da təşkil edilməsi və müxtəlif növ məhsulların istehsalı üçün avadanlıqların alınmasını nəzərdə tutmuşdur. Həyata keçirilən layihə şəxsi, həmçinin İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti ilə maliyyələşdirilmişdir.

Sahibkar layihənin həyata keçirilməsində ona dəstək verdikləri üçün Qusar rayon rəhbərliyinə və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təşəkkürünü bildirmişdir.

Ziyafəddin BAYRAMOV,

"Respublika".