Rafael  Əsədov
Sosial həyat

Rafael  Əsədov

Vətənin bütövlüyü naminə şirin canından keçən oğulların qanları ilə yazdığı şanlı zəfər tariximiz qürur mənbəyimizdir. Birinci Qarabağ müharibəsində torpaqlarımızın  bütövlüyü  uğrunda  şəhid olan vətənpərvər oğullarımızdan biri də Azərbaycanın Milli Qəhrəmanı Rafael Əvəz oğlu Əsədovdur. O, 1952-ci il oktyabrın 27-də Gəncədə dünyaya göz açıb. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olmuşdur. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәrbi Artilleriya Akademiyasında davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin məhdud kontingenti tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq etmiş, leytenant rütbəsindən polkovnik rütbəsinədək yüksəlmişdi.

Torpaqlarımızın müdafiəsi, işğaldan azad olunması uğrunda cəsarətlə, inamla vuruşan vətən oğullarımız uzun illər keçsə də, tez-tez xatırlanır və gələcək nəsillər üçün ibrət və nümunəyə çevrilirlər. Qarabağ hadisələri başlayanda Rafael hərbçi olaraq fəaliyyət göstərirdi.Vətən torpaqlarının təhlükə altında olduğunu görən Rafael öz doğma peşəsindən ayrılaraq cəbhəyə yollanır. O, torpaqlarımız uğrunda gedən döyüşlərdə həmişə öz cəsarəti və hünəri ilə seçilir.   

1988-ci ildən başlayaraq respublikamızda baş verən Dağlıq Qarabağ müharibəsi zamanı torpaq minlərlə igid oğul və qızlarını qoynuna aldı.  1991-ci il… Həmin vaxtlar erməni təcavüzü yenicə başlamışdı. Bu ərəfələrdə cəbhədən gələn acı xəbərlər ona yaman təsir etmişdi. Azərbaycanın başının üstünü qara buludlar almışdı. Gənc zabit qəlbinin hökmü ilə Vətənə qayıtdı, öz taleyini təzəcə yaranmaqda olan Milli Ordu ilə bağladı. Artilleriyanın təkmilləşdirilməsində, müasir zenit batareyalarının yaradılmasında bilik və bacarığını əsirgəmədi. Polkovnik Rafael Əsədov artilleriya korpusunun komandiri təyin edildi. O, Ağdam, Goranboy, Tovuz, Gədəbəy döyüş bölgələrində aparılan hərbi əməliyyatların təşkilatçısı və fəal iştirakçısı oldu. Onun apardığı döyüş əməliyyatlarının əksəriyyəti uğurla nəticələnirdi. Cəsur komandir 12 noyabr 1992-ci ildə Ağstafa bölgəsində növbəti əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olmuşdur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə polkovnik Əsədov Rafael Əvəz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi torpaqlarımızın azadlığı uğrundakı bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyi kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu qələbə ölkəmizin qüdrətini, haqq uğrunda mübarizə aparmaq əzmini, milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı.             

Yaşasaydı, 70 yaşı olacaqdı... Rafael və onun kimi qəhrəmanlıqla döyüşən, şəhidlik zirvəsinə ucalan bütün igidlərimizin ömrü bu məmləkətdə nəsildən-nəsilə insanlara ötrülən bənzərsiz bir örnək, əvəzsiz  bir  nümunə  olacaq.                                                                                              

                                                                                           M.Mirzə,

                                                                                “Respublika”.