Rafael Hüseynov: Qərəzdən, ikili standartlar xəstəliyindən birdəfəlik qurtarmalı, daim, hətta acı olanda belə əsl həqiqətin yanında dayanmalıyıq
MÜSAHİBƏLƏR

Rafael Hüseynov: Qərəzdən, ikili standartlar xəstəliyindən birdəfəlik qurtarmalı, daim, hətta acı olanda belə əsl həqiqətin yanında dayanmalıyıq

Avropada, eləcə də hər birimizin təmsil etdiyimiz ölkələrdə son 30 ildən artıq müddətdə ciddi dəyişikliklər baş verib.

Bu gün bu dəyişiklər əvvəlki dövrlərlə müqayisədə daha sürətlə və geniş miqyasda cərəyan edir. Köklü dəyişiklikılərə uğramış dünyaya və hadisələrə dəyişməyən, qeyri-mütəhərrik ölçülərlə qiymət vermək, buna əsasən perspektivlər haqqında qənaətlərimizi müəyyənləşdirmək nə dərəcədə doğrudur? Azərbaycan mənşəli amerikan alimi Lütfi Zadə 1965-ci ildə bəşəriyyətə düşüncənin yeni modelini təklif edib. O, baş verənlərə ənənəvi məntiqlə yanaşmanın qənaətbəxş olmadığını təsdiqləyərək, qeyri-səlis çoxluq nəzəriyyəsini irəli sürdü. Lütfi Zadə hər şeyin dərəcəsinin olduğunu sübut edərək göstərdi ki, dünyada qəti olaraq tam ağ və qəti olaraq tam qara deyilən şey yoxdur. Bu iki məfhum arasında minlərlə çalar dəyişikliyi - aralıq nüanslar mövcuddur. Beləliklə, gerçəklikdə mövcud olan aralıq kateqoriyaları aşkarladı. Münaqişələrin həll olunması, həqiqətin üzə çıxarılması, hesablamaların dəqiqliyi aralıq fazalara əhəmiyyət verilmədən aparıla bilməz. Aparılarsa, onlarda kifayət qədər qüsurlar olacaqdır. Bu nəzəriyyəni yaranma vaxtına nəzər yetirsəniz onu görərsiniz ki, qeyri-səlis məntiq fəlsəfəsinin cəmiyyət hadisələrinə tətbiqi zəruriliyini elə XX əsrin sonlarına doğru, bütün dünyada sürətlə baş verməkdə olan qlobal dəyişikliklər dövrünə təsadüf edir. Hansı ölkə bu yeni yanaşmadan yararlandısa, sıçrayışlı inkişaf yaşadı, böyük faydalar gördü.

Bu fikirləri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun payız sessiyası çərçivəsində Büro və Daimi Komissiyanın fəaliyyəti haqqında hesabat məruzəsinə dair yazılı şəkildə avropalı parlamentarilərinə təqdim olunmuş çıxışında yer alıb.

"Avropa Şurası da bu gün işini və o sıradan fəaliyyətimizin göstərici nümunələrindən ibarət inkişaf hesabatlarını bu mütərəqqi düstur üzərində qurmalıdır. Ancaq qurmur, ona görə də artıq uzun müddətdir ki, yerimizdə sayırıq. Əvvəllər Avropanın və dünyanın siyasi həyatında əhəmiyyətli rol oynamış Avropa Şurasının uzun müddətdir ki, böhran yaşaması, yeniləşməyə ehtiyacı olması aydın görünür. Ancaq təəssüf ki, bu yeniləşmənin həllini xüsusi irəliləyişə gətirib çıxarmayan kosmetik dəyişikliklərdə tapırıq", - deyə azərbaycanlı parlamentari bildirib. Qeyd edib ki, eyni təhlil üsulu bugünkü inkişaf hesabatında da var, belə getsə, növbəti hesabatlarda da olacaq. Üzdən əsas kimi görünən hadisələrin aralıqdakı çalarlarına daha çox diqqət edək, onları araşdıraq, ona əsasən tədbirlər görək. Bir neçə il əvvəl məhz bu cür hərəkət etsəydik, bir çox hadisələrin səmtini dəyişə bilərdik və indi nə Avropanı təhdid edən enerji böhranı olardı, nə uzanan və dünya müharibəsinə çevrilmək təhlükəsi vəd edən genişmiqyaslı hərbi münaqişə, nə də həyatımızın gündəlik müşayiətçisinə çevrilmiş bir çox başqa sarsıntılar.

İnkişaf istəyiriksə nəticələri yox, böyük hadisələrin arasındakı görmədiyimiz, ya görmək istəmədiyimiz, çox vaxt da əsas nəticənin təməlində dayanan nüanslara daha çox diqqət etməliyik, belə halda uğur bizimlə olacaq. Buna nail olmaq üçün isə qərəzdən, ikili standartlar xəstəliyindən birdəfəlik qurtarmalı, daim hətta acı olanda belə əsl həqiqətin yanında dayanmalıyıq!

AZƏRTAC